Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 İyul 2012 - №29

 

Yüksək düşüncə tərzinin formalaşdırılması təlimin əsas vəzifələrindəndir

 

Şəxsiyyətin formalaşması təhsilin ana xəttidir. Bütün digər fəaliyyətlər bu xətdə birləşərək ümumi məqsədin reallaşmasına xidmət edir.

Müasir dərslər qurularkən aşağıdakı meyarlar nəzərə alınmalıdır:

* Şəxsiyyətyönümlülük əsas götürülməlidir, yəni dərsdə şagirdin fəaliyyəti daha çox olmalıdır.

* Dərs interaktiv olmalıdır.

* İKT-nin imkanlarından mövzunun tələblərinə uyğun istifadə olunmalıdır.

* Dərs yüksək düşüncə tərzi formalaşdırmalıdır. Cəmiyyətə sağlam və yüksək düşüncə tərzində olan şəxsiyyətlər lazımdır. Bəs buna dərslərimizdə necə nail ola bilərik?

Bu məqalədə yüksək düşüncə tərzinin formalaşdırılması istiqamətində təlim məqsədlərinin sistemli təsnifatı olan taksonomiyalardan danışmaq istəyirəm. Təlim məqsədlərinin taksonomiyası ötən əsrin 30-cu illərindən başlayaraq müxtəlif alimlər tərəfindən tədqiq edilmişdir. 1956-cı ildə Çikaqo Universitetinin professoru B.Blum tərəfindən hazırlanmış taksonomiya təhsil prosesində bütün təfəkkür səviyyələri üçün vacib olan düşünmə bacarıqları şəbəkəsidir. Blum  şagirdlərdə məntiqi təfəkkürün müəyyən edilməsi üçün istifadə olunan təhsil məqsədlərinin altı səviyyəsini təyin edib. Bu məqsədlər sistemi beynəlxalq aləmdə geniş qəbul olunmuşdur.

Doğrudur, bu, müəllimlərin uğur qazanmaları üçün istifadə edə biləcəkləri yeganə və mütləq model  olmasa da, ardıcıllıq və sistemləşdirmə axarı yüksək nəticələrin əldə olunması üçün çox dəyərlidir. Blum taksonomiyası üzərində qurulan dərs modelində fəal təlim prinsiplərinin həyata keçirilməsi, strategiyaların, eləcə də İKT-nin məqsədyönlü tətbiqi təlim keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Blum taksonomiyasının mərhələlərinə əsasən qurduğum dərs nümunəsini (qısaldılmış formada) təqdim edirəm.

(Biologiya XI)

Mövzu:

Orqanizmlərin təbiətin mövsüm dəyişikliklərinə uyğunlaşması. Fotoperiodizm

Məqsəd. Şagird:

- Canlılarda gedən həyat hadisələrinin ritmiliyini;

- Təbiətdə  baş verən mövsüm dəyişkənliklərini;

- Heyvan və bitkilərdə mövsüm hadisələrinin idarəedilməsi yollarını;

- Xarici mühit amillərinin bioloji saata təsirini faktlarla təqdim edir.

Gözlənilən nəticə. Şagird:

Orqanizmlərin günün  uzunluğuna qarşı cavab reaksiyaları, gecə-gündüz növbələşməsinin fizioloji proseslərin getməsinə təsirini bilir, heyvan və bitkilərdə məhsuldarlığın artırılması yollarını izah edir və tətbiqi üçün ideyalar irəli sürür.

Dekret vaxtına keçmənin müsbət və mənfi nəticələrini təhlil edir və insan orqanizmi üçün mənfi təsirinə tənqidi münasibətini bildirir.

İş forması

Kollektiv iş və qruplarla iş.

Metod:

"Beyin həmləsi", müzakirə, çarpaz karusel.

İnteqrasiya:

Riyaziyyat, coğrafiya.

Resurslar:

Kompüter, proyektor, iş vərəqləri, XI sinif biologiya dərsliyi.

Proyektor vasitəsilə slayd nümayiş olunur.

Motivasiya

Yerin öz oxu və  Günəş ətrafında fırlanmasını, fəsilləri və mövsüm dəyişikliklərini əks etdirən slaydlar nümayiş olunur və motivasiya sualı qoyulur:

- Mövsüm dəyişikliklərinə səbəb olan amillər hansılardır?

Tədqiqat sualı:

- Canlılar mövsüm dəyişkənliklərinə necə uyğunlaşır və dünyanın hər yerində   mövsüm  hadisələri, ilin fəsilləri müşahidə olunurmu? Bunun səbəbini necə izah etmək olar?

Tədqiqatın aparılması

Slaydlar vasitəsilə bitki və heyvanlarda mövsüm uyğunlaşmalarını əks etdirən şəkillər təqdim  və sual-cavab vasitəsilə şəkillər üzrə mövzu izah olunur.

Qrup tapşırıqları:

Bilik mərhələsi

Qrup 1

Mövsüm hadisələrini idarə edən amilləri araşdırın və bu hadisələrin konkret coğrafi bölgələrdən asılılığı haqqında məlumat toplayın.

Qrup 2

Canlıların günün uzunluğuna olan münasibətini  araşdırın və məlumat toplayın.

Qrup 3

Fəsil və sutkalıq ritmləri  araşdırın və  məlumat toplayın.

Qavrama mərhələsi

Toplanılan məlumatlar şagirdlər tərəfindən izah olunur, sual-cavab aparılır.

Elektron testlər icra olunur.

Tətbiq mərhələsi

Məsələlər: (Çarpaz karusel üsulu icra olunur).

Qrup 1

Qış dövründə bitki toxumalarında suyun miqdarı və şəkərin qatılığını əks etdirən qrafiki qurun.

Xlorofilin miqdarı və temperaturun fotosintezin məhsuldarlığına təsirini əks etdirən qrafiki qurun (Vant-Hoff qanununu nəzərə alaraq).

Qrup 2

Georgin bitkisi çiçəklədiyi zaman "Mironovskaya -808" buğda sortunda hansı mərhələ gedə bilər?

İstixanalarda bitkilərin məhsuldarlığına təsir göstərən amillərin cədvəl və qrafikini tərtib edin.

Qrup 3

Zəfəran çiçəkləyən zaman "Bezostaya-1" buğda sortunda hansı mərhələ gedə bilər?

Yaşadığımız bölgədə quşların, qida bol olmasına baxmayaraq, ilboyu qalması, yayda və payızda uçub getməsi ardıcıllığını əks etdirən cədvəl tərtib edin. Bu hadisənin səbəbini izah edin.

Qrup tapşırıqları icra olunduqdan sonra təqdimat aparılır. Müzakirə olunur. Qruplararası qiymətləndirmə aparılır

Ümumiləşdirmə və nəticə:

Təhlil mərhələsi

İşığın çoxcəhətli təsirini nümayiş etdirən slaydlar təqdim olunaraq təhlil aparılır.

Sintez mərhələsi (Slaydda aşağıdakı fikirlər əks olunur).

Bəzi ölkələrdə gündüz işığından iş günü ərzində daha səmərəli istifadə etmək, eyni zamanda elektrik enerjisinə qənaət etmək məqsədilə yay və qış vaxtlarına keçmək üçün saatın əqrəbi qurşaq vaxtından 1 saat irəli, yaxud 1 saat geri çəkilməsi haqqında dövlət tərəfindən sərəncam verilir ki, buna da dekret vaxtı deyilir.

Azərbaycanda dekret vaxtı tətbiq olunmasa, yuxarıda qeyd olunanlara necə nail olmaq olar?

Psixoloq kimi düşünsən, bu prosesin insan psixologiyasına mənfi təsir etməməsi üçün hansı təklifləri verərdin?

Qiymətləndirmə mərhələsi

Bu mərhələ üçün slayd təqdim olunaraq verilmiş suallar əsasında fikir mübadiləsi aparılır.

Mövsüm hadisələrinin canlılara təsirini idarə etmək mümkündürmü?

Ekologiya ilinin Azərbaycana töhfəsi nə oldu?

Siz davamlı inkişafı görürsünüzmü?

Ev tapşırığı: "Bioloji ritmlər və canlılar" adlı şəkilli kataloq hazırlayın. Yerli materiallar əsasında çiçək saatı qurun.

Blum taksonomiyasının mərhələlərinə uyğun qurulan dərslərdə bu fikir tamamilə öz əksini tapır. Bu da şagirdlərin dərsə marağının artmasına, eyni zamanda yüksək düşüncəyə malik olan şəxsiyyətin yetişdirilməsi işində müəllimlərə kömək edir. 

Nəzakət ƏZİMOVA,
Qax şəhər 4 nömrəli tam orta məktəbin biologiya müəllimi, əməkdar müəllim

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov