Vüsalə
Babayeva 1997-ci ildə Bakıda bəstəkar ailəsində
dünyaya göz açıb. İstedad və bacarığını görən anası
bəstəkar Sevda Məmmədli 2003-cü ildə onu Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta
ixtisas musiqi məktəb-studiyasına - fortepiano ixtisası
üzrə Ayişə Əliyevanın sinfinə gətirib. Qısa müddət
ərzində bir- birindən gözəl mahnıların ifaçısına
çevrilən Vüsalə 2006-cı ildə "Məktəb studiya-25" Uşaq
musiqi festivalında II yer, 2007-ci ildə Qara Qarayev
adına gənc pianoçuların IV Bakı musiqi müsabiqəsində
III yer, 2008-ci ildə Qara Qarayevin anadan olmasının
90 illiyinə həsr olunmuş "Gənc musiqiçilər təhlil və
ifa edir" I Respublika elmi ifaçılıq müsabiqəsində II
yer, 2010-cu ildə isə Qara Qarayev adına pianoçuların I
Beynəlxalq elmi-ifaçılıq müsabiqəsində II yeri tutub.
2011-ci ildə Vüsalə Bolqarıstanın Dobriç-Albena
şəhərində keçirilən "Ümidlər, istedadlar, sənətkarlar"
XVI Beynəlxalq müsabiqəsinin laureatı adını və I
mükafatı qazanıb.
Azərbaycan bəstəkarlarının əsərlərini ifa etməkdən
xüsusi zövq alıram, -deyən Vüsalə Şopenin, Listin və
digər dahi bəstəkarların da əsərlərini sevə-sevə ifa
etdiyini söylədi və gələcəkdə milli musiqimizin
inkişafına töhfə verəcəyinə, yeni-yeni əsərlər
bəstələyəcəyinə söz verdi.
Vüsalə Babayeva hazırda Bakıdakı "Zəngi" liseyinin və
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta
ixtisas musiqi məktəb-studiyasının 10-cu sinif
şagirdidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29
mart 2012-ci il tarixdə imzaladığı "Gənc istedadların
xüsusi təqaüdə layiq görülməsi haqqında" sərəncamı ilə
Vüsalə Babayevanın adı Azərbaycanın gənc istedadlarının
"Qızıl kitabı"na yazılmaqla o, xüsusi aylıq təqaüdə
layiq görülüb.
V.Babayeva bütün istedad sahiblərinə göstərilən diqqət
və qayğıya görə ölkə rəhbərinə və Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevaya
təşəkkürünü bildirdi.
Sifai SƏFƏROVA |