İyulun
16-da ADU-nun rektoru, Milli Məclisin deputatı,
professor Səməd Seyidov diplomatik missiyasının sona
yetməsi ilə əlaqədar Koreya Respublikasının
Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci
Hanla görüşüb. Səfiri universitetdə görməkdən
məmnunluğunu dilə gətirən Səməd Seyidov iki ölkə
arasındakı münasibətlərin dinamik inkişaf etdiyini
vurğuladı. O, Azərbaycan - Koreya münasibətlərinin
inkişafında səfirin rolunu yüksək qiymətləndirdi və onu
əvəzləyəcək səfirin də bu münasibətlərin qorunub
saxlanması və inkişaf etdirilməsinə xidmət edəcəyinə
əmin olduğunu dedi. Koreya universitetləri ilə
Azərbaycan Dillər Universitetinin çox səmərəli
əməkdaşlıq etdiyini bildirən rektor Səməd Seyidov
universitetdə Koreya dili kafedrasının fəaliyyət
göstərdiyini, tərcümə fakültəsində bu dilin tədris
olunduğunu bildirdi. Bu məqsədlə Koreyadan mütəxəssis
müəllimlərin universitetə dəvət olunduqlarını da
sözlərinə əlavə etdi. Bu istiqamətdə Koreyanın bir
sıra mədəniyyət mərkəzləri, institutları ilə
əməkdaşlıqda, birgə əlaqələrin yaradılmasında maraqlı
olduqlarını söylədi.
Koreya Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Li Ci Ha iki ölkə arasında yaradılan
diplomatik əlaqələrin dinamik inkişaf etdiyini bildirdi.
Səfir Li Ci Ha ADU və Koreya universitetləri ilə
əlaqələrdən danışaraq universitetlərarası əməkdaşlığın
yüksək səviyyədə olduğunu vurğuladı. Bu əlaqələrin davam
və inkişaf etdirilməsinə inamını ifadə etdi. O, öz
həmkarının da bu istiqamətdə fəaliyyət göstərəcəyinə
ümid etdiyini söylədi.
Görüşün sonunda səfir Li Ci Ha ADU-ya xatirə hədiyyəsi
təqdim etdi.
ADU-nun Mətbuat xidməti |