Nijni
Novqorod şəhərində Rusiya Fəlsəfə Cəmiyyətinin, Rusiya
Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun, Lobaçevski
adına Nijni Novqorod Dövlət Universitetinin, K.Minin
adına Nijni Novqorod Pedaqoji Universitetinin təşəbbüsü
və Rusiya Humanitar Elmi Fondunun, eləcə də Fridrix
Ebert Fondunun maliyyə dəstəyi ilə təşkil edilmiş "Müasir
dünyada fəlsəfə: Dünyagörüşlərin dialoqu" mövzusunda VI
Rusiya Konqresi keçirilmişdir.
İyunun 27-dən 30-dək davam edən konqresdə Rusiya və
xarici ölkələrin filosofları ilə yanaşı, Azərbaycan
alimi - Astara Pedaqoji Kollecinin direktoru,
respublikanın əməkdar müəllimi, fəlsəfə doktoru, Rusiya
Fəlsəfə Cəmiyyətinin üzvü, doktorant Əlihəsən Həmzəyev
də iştirak etmişdir. Ə.Həmzəyevin konqres nümayəndələri
tərəfindən "İnsan fəlsəfəsi müasir təhsilin
metodologiyası kimi" mövzusunda məruzəsi dinlənilmişdir.
Bundan əlavə, konqresdə "Aleksandr Zinovyevin 90 illiyi
ərəfəsində: Dərketmə faktoru" devizi altında keçirilən
müzakirələrdə Ə.Həmzəyevin "Sosial-fəlsəfi tədqiqatlarda
Zinovyev ideyalarının aktuallığı" məqaləsi xüsusilə
maraq doğurmuşdur.
"Yeni insan fəlsəfəsi və humanitar texnologiyalar"
mövzusunda "dəyirmi masa" ətrafında müzakirələrdə
Ə.Həmzəyev yeni və aktual fikirlərini iştirakçılarla
bölüşmüşdür.
Forumdan qayıdan Ə.Həmzəyev bildirmişdir ki, konqresdə
daha bir azərbaycanlı filosof - Rusiya Elmlər
Akademiyası Fəlsəfə İnstitutunun doktorantı, AMEA-nın
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi
işçisi, Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidentinin
beynəlxalq məsələlər üzrə müşaviri, fəlsəfə doktoru Ariz
Gözəlov da iştirak edirdi. Konqresin materialları
xüsusi buraxılış və jurnallarda dərc edilmiş və bütün
iştirakçılara paylanmışdır. Eləcə də konqresin işi
dünyanın əksər kütləvi informasiya vasitələrində
işıqlandırılmışdır.
Məlumat üçün qeyd edək ki, Rusiya Fəlsəfə Konqresi hər
üç ildən bir Rusiyanın regionlarının birində keçirilir.
Azad ABDULLAYEV |