Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən
Cənubi Koreya Mərkəzinə baxış keçirildi. Tədbirdə
universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış
edərək Cənubi Koreya ilə əlaqələrin inkişafından
danışdı. Qeyd olundu ki, müxtəlif vaxtlarda Naxçıvan
Dövlət Universitetinin və Cənubi Koreyanın Kyumqsunq
Universitetinin nümayəndə heyətlərinin işgüzar görüşləri
keçirilmiş, Kimçonq və Busan Kyumqsunq universitetləri
ilə qarşılıqlı əməkdaşlıq haqqında muqavilələr
imzalanmışdır. Universitetdəki Cənubi Koreya Mərkəzi isə
ölkənin tarixini, milli mədəniyyətini, ədəbiyyatını, ali
təhsil strukturunu təbliğ edir. Naxçıvan Dövlət
Universiteti tərəfindən Koreya Respublikasının KOICA -
qrant yardımı və texniki əməkdaşlıq proqramlarını həyata
keçirən dövlət agentliyinə müasir informasiya
texnologiyalarının alınması, elektron idarəetmə
sisteminin yaradılması ilə bağlı layihə təqdim
olunmuşdur. 2013-2015-ci illəri əhatə edəcək layihəyə
əsasən Koreyanın KOICA dövlət agentliyi Naxçıvan Dövlət
Universitetinə 3 milyon ABŞ dolları həcmində müasir
texnoloji avadanlıqlar təqdim edəcək. Cənubi Koreyanın
Azərbaycandakı səfirliyi isə universitetə İnternet
imkanlarına malik "Samsung" markalı 3D smart
televiziyası hədiyyə etmişdir.
Universitetdə Cənubi Koreya Mərkəzi və Dil Hazırlıq
Mərkəzi uğurla fəaliyyət göstərir. Sentyabr ayından
etibarən mərkəzdə Koreya dili üzrə hazırlıq kurslarına
start veriləcək.
Cənubi Koreyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi
Lee Hyun Cu, Naxçıvan Dövlət Universitetində təhsil alan
koreyalı tələbələr adından çıxış edən beynəlxalq
münasibətlər tarixi və nəzəriyyəsi ixtisaslaşması üzrə
II kurs magistr Myungga Yaung və digərləri Cənubi Koreya
Mərkəzinin ölkənin tarixi, xalqın milli mədəniyyətinin
öyrənilməsi baxımından əhəmiyyətindən danışdılar.
Sonda Cənubi Koreya Mərkəzinə baxış keçirildi, rektor,
akademik İsa Həbibbəyli buradakı xatirə dəftərinə ürək
sözlərini yazdı.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |