Bakı
Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin
nəzdində Carl Zeiss optik mikroskopiya
laboratoriyasının açılışı olub. Laboratoriyanın
avadanlığı BDU-nun istifadəsinə Carl Zeiss şirkətinin
Azərbaycan təmsilçisi olan OPTEC şirkəti tərəfindən
verilib. Laboratoriya 10 ədəd Primo Star tədris
mikroskopları ilə təchiz edilib, onlardan beşinin
komplektinə rəqəmsal kameralar və zəruri proqram
təminatı daxildir. Mərasimdə OPTEC B.V. (Hollandiya)
şirkətinin menecer direktoru Aleksandr Fon Korff, OPTEC
şirkətinin Azərbaycan nümayəndəliyinin direktotu
Nataliya Həmzəyeva və digər qonaqlar iştirak edib.
Laboratoriyanı BDU-nun rektoru, akademik Abel Məhərrəmov
və OPTEC B.V. şirkətinin menecer direktoru Aleksandr Fon
Korff açıblar. Tədris laboratoriyasının açılışından
sonra rektor Abel Məhərrəmov və Aleksandr Fon Korff
əməkdaşlıq barədə memorandum imzalayıblar. Sənədə əsasən
OPTEC və BDU-nun bazasında müntəzəm olaraq elmi-praktiki
və təhsil seminarlarının keçirilməsi barədə razılığa
gəlinib.
BDU-nun bazasında həmçinin peşə hazırlığı, lazer skaner
mikroskopiyası və rəqəmli təsvirin analizi üçün
laboratoriyaları olan Carl Zeiss arayış mərkəzinin
yaradılması planlaşdırılır.
Rektor Abel Məhərrəmov bildirib ki, bizim məqsədimiz
gənc alimlər üçün rahat iş şəraiti yaratmaq, onları ən
müasir avadanlıqla təmin etməkdir. Çünki Azərbaycanda
elmin gələcəyini müəyyən edən impulsu onlar məhz BDU-da
alırlar. Buna görə də yüksək texnologiya istiqamətində
dünya liderləri ilə əməkdaşlıq bizim strateji
xəttimizdir.
BDU-nun Mətbuat və informasiya şöbəsi |