YEVLAX.
Rayon təhsil şöbəsindən verilən məlumata görə, rayonda
tədris müəssisələrinin maddi-texniki bazasının
möhkəmləndirilməsi, yeni məktəb binalarının tikilməsi,
mövcud məktəblərin təmir olunması sahəsində işlər davam
etdirilir. Hazırda rayonda şəhər 2 nömrəli tam orta
məktəb üçün 960, Aran qəsəbə 2 nömrəli tam orta məktəb
üçün 360, Salamabad kənd tam orta məktəbi üçün 180
şagird yerlik yeni binaların tikintisi başa çatmaq
üzrədir. Dövlət vəsaiti hesabına inşa olunan hər üç
məktəb yeni tədris ilində istifadəyə veriləcək. İlin
sonunadək isə daha beş məktəbin tikintisinə başlanması
nəzərdə tutulub. Bunlar şəhər 10 nömrəli tam orta
məktəb, Yuxarı Bucaq kənd ümumi orta məktəb, Əcəmi kənd
ümumi orta məktəb, Bünyadabad və Dəllər kənd ibtidai
məktəbləridir.
Məlumat üçün bildirək ki, son 8 ildə Yevlaxda 13 yeni
məktəb binası, 640 şagird yerlik 32 əlavə sinif otağı
tikilib, 10 məktəb əsaslı təmir edilib.
GÖYGÖL.
Rayon təhsil şöbəsinin müdiri E.Atayevdən aldığımız
məlumatda bildirilir ki, hazırda rayonda Təhsil
Nazirliyinin sifarişi ilə 220 şagird yerlik Zurnabad,
160 şagird yerlik Qızılca kənd tam orta məktəblərinin,
Göygöl Rayon İcra Hakimiyyətinin sifarişi ilə isə 360
şagird yerlik Quşqara və 80 şagird yerlik Firuzabad
qəsəbə tam orta məktəblərinin binaları sürət və
keyfiyyətlə inşa olunur.
Sentyabrın 15-dək istifadəyə veriləcək yeni məktəb
binaları təhsilin yüksək səviyyədə təşkili üçün hər cür
şəraitlə təmin olunacaq.
Bu dörd məktəb binasının hər birində geniş, işıqlı
kitabxana, fizika və kimya laboratoriyaları, kompüter,
fənn kabinetləri, idman zalı, eləcə də mərkəzləşdirilmiş
istilik sistemi quraşdırılması nəzərdə tutulub. Hazırda
həmin yeni məktəb binalarında son tamamlama işləri
aparılır.
"Azərbaycan müəllimi" |