Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 İyul 2012 - №28

 

"Dəbistan" və "Molla Nəsrəddin"

 

Min şükürlər olsun ki, günü gündən maarifimiz tərəqqi eyləyib rəhbər-nicat olan mətbuatımız artmaqdadır.

Küll Rusiyanı bir qəribə cəşbü qəlbanə görən ümumi hərəkat biz bədbəxt, min illərcə xabi-qəflətə (qəflət, qanmazlıq yuxusuna - A.B.) uyub hər bir şeydən məhrum müsəlmanlara da sirayət etdi; bizim də qanımız hərəkətə gəlib, gözlərimiz açılmağa başlayıb, varlığımızdan bir əsər görünməyə başlayıb!!

Bir ilin müddətində Qafqaz müsəlmanları arasında iki qəzetə - "Həyat" və "İrşad" - nəşr olunmağa başladı. Bu günlərdə Tiflisdə bir də bir müsəvvər (rəngli rəsmlərlə bəzədilmiş - A.B.) və məsxərə qəzetəsi ("Molla Nəsrəddin" jurnalına işarədir - A.B.) zühur etdi. Bu gün də Bakıda uşaq və şagirdlər üçün "Dəbistan" adlı cəridə veriləcək!!

Əlbəttə, qeyrilərə nisbətdə bu, bir şey deyil.

Qafqaz diyarında sakin beş-altı milyon müsəlmanlar üçün iki yövmiyyə (gündəlik - A.B.) qəzetə və iki həftəlik və ya aylıq cəridələr (jurnallar - A.B.) əsla kafi deyil; bizdə altı, yeddi dəfə az olan ermənilərin əlan iyirmi iki, iyirmi üç növbənöv günlük və həftəlik qəzetələri var.

Lakin nə etmək olar?! Lənət heçə! Bir il bundan əqdəm guya Qafqazda heç müsəlman yox idi; heç müsəlman dili yox idi; heç müsəlman yazıçı yox idi!!! Şimdi əqla qeyrilər nəflərində bir şey oldu!! Əqla az da olsa dərdlərimizi, ehtiyaclarımızı söyləməyə, ürəklərimizi boşaltmağa bir yer oldu!!! Əqla bu qədər olduğumuz xabi-qəflətdən gözümüzü açmağa şürun etdik (başladıq - A.B.)!!"

İştə çətin öylə burası idi! Çətin əvvəlinci qədəm idi! Şhudi iş gedər! Bu iş yavaş deyil, çox tezlik ilə biz müsəlmanlar da tərəqqi və təaliyə (yüksəlmə, ucalma, inkişaf - A.B.) yolunda qeyrilərlə həmduş (çiyin-çiyinə, yanaşı - A.B.) və həmdəst (əl-ələ - A.B.) gedəriz. Çünki istedad və qabiliyyətcə biz qeyrilərdən, əlhəmdülillah, əskik deyiliz; nə allah və nə təbiət bizdən bir şey müzayiqə etməyiblər (əsirgəməyiblər - A.B.) və qeyrilərə verdiklərindən bizə daha artıq veriblər; təbiəti və xudadadi-əqlcə, zəkavətcə (təbii və ilahi ağılca, zəkaca, bilikcə - A.B.), fəsahət (gözəl və aydın danışmaq bacarığı - A.B.) və bəlağətcə (fikrin incəliyi, aydınlığı ilə - A.B.), kitabətcə (yazı sənəti, yazıçılıq - A.B.) və qabiliyyətliyiz.

Lakin biz şimdiyədək xabi-qəflətdə olub, Allah təala kəramət etdiyi nemətlərdən bəhrəmən olmamışıq; əqlimizi, zəkamızı, fəsahət, (gözəl və aydın danışmaq bacarığı - A.B.) və bəlağətimizi (fikrin incəliyi, aydınlığı - A.B.), kitalətimizi (yazı, yazıçılıq qabiliyyəti - A.B.) işlətməmişik; ata-babadan irs mirası qalan kəsalət (yorğun, kefsiz, əzgin - A.B.) və bətalətə (süstlüyə, ləng və ağır tərpənişə - A.B.) qərq olub bikarlığı, tənbəlliyi özümüzə sənət etmişik; gücümüzü, zorumuzu, əqlimizi, zəkamızı pis işlərə, fəsadə (puç olmuş - A.B.), nifaqə və qeyri-naməşru (qanunsuz - A.B.) və naməqul (ağıla gəlməyən - A.B.) işlərə işlətmişik; uşaqlarımız məktəb və sənət əvəzinə küçələrdə tərbiyə tapıb bikarlığa, ləhv ləbə (gözəl, ahəngdar səslər, burada, şit, bayağı gülüş, nəğmə, əyləncələr - A.B.) adət etmişlər!

Şimdi işlər bir az dəyişməkdədir; cavanlarımızın yavaş-yavaş tərbiyə tapıb, məktəb görüb, qeyri tayfaların və dünyanın əhval və əxlaqından müxbir (xəbərdar, məlumatlı - A.B.) olub qeyrətə gəliblər iş görüblər, millət fikrinə düşüblər!!

Bazarlara partapart salıb adam öldürmək əvəzinə, gərək bikar-bikar gündüzlər küçələri ölçüb, gecələr qumarxanaları məkan etmək əvəzinə, xalqı aldadıb pulunu, malını yemək əvəzinə, ortalığa fitnə və fəsad salmaq əvəzinə millət fikrinə düşüblər. Millətin gözünü açıb tərəqqi etməsinə səy və guşiş ediyorlar (çalışırlar - A.B.).

İmdi iş ilə cavanlarımızın böylə düşünməsidir; bu iş əmələ gəldikdə tərəqqimiz, əmalımız (işlərimiz - A.B.), səadətimiz təmin olunmağına şübhə yoxdur. Çünki imdiyədək cəhalət və bətalət, kəsalət və tərbiyəsizlik, fisqü fücur (əxlaqsızlıq və pozğunluq - A.B.) ləhvü ləəb (gözəl, ahəgdar səslər, burada, şit, bayağı nəğmə, gülüş, əyləncələr - A.B.) sayəsində zaye olmaqda olan qabiliyyət və istedadi-millimiz üçün meydan açılıb, bir parlaq ziyalı surətdə özünü nümayan etməkdə (göstərməkdə, meydana çıxmaqda - A.B.) şəkk yoxdur.

Mən "Həyat" və "İrşad" qəzetlərinə şüruu edəndə (...qəzetlərini nəşr etməyə, çıxartmağa başlayanda - A.B.) bir az vaqeə (fikir, xəyal - A.B.) edirdim ki, əcəba (görəsən - A.B.) millətimizdə layiq və dana (alim, istedadlı, bilikli - A.B.) yazıçılar olacaqmı?! Lakin bir az keçdikdə mənə məlum oldu ki, səhv etmişəm. Çünki millətimiz o qədər layiq, daha müxbir şəkildə köməkçilər meydana gətirdi ki, iki qəzetə deyil, onlarca qəzetə abartmağa müstəiddirlər (qabildirlər, burada, qabiliyyətləri çatar - A.B.)!!

Şimdi "Molla Nəsrəddin" və "Dəbistan"ın da zühura çıxması bunu sübut ediyor!! Baxın "Molla Nəsrəddin"ə. Bu cəridə nə gözəl cəridədir! Nə qədər əql, zəka, məharət və zövq göstəriyor!! Nəinki biz müsəlmanlar, bəlkə ən mədəni, ən mütərəqqi tayfalar böylə cəridələr ilə fəxr edə bilərlər! Onun nəqşləri və sözləri o qədər gözəl, o qədər pürməna, o qədər tənəbbihamiz (təsirli, oyadıcı, ağıllandırıcı, ağıl verici - A.B.) nəqşlər və sözlərdir ki, insanın baxdıqca xoşu gəlib, baxdıqca bəsirəti artır (gözü açılır, dərrakəsi artır, aydınlaşır - A.B.).

Əminik ki, "Dəbistan"da öz dairəsində bir layiq, möhtərəm, bəsirət artıran, məlumatlı cəridə olacaq; üsuli-tərbiyəmizə böyük-böyük xidmətlər edəcək. Bu maddə, yənu üsuli tərbiyə məsələsi biz müsəlmanlar üçün ən böyük, ən mühüm maddələrdən biridir. Yəqinə demək olur ki, bu maddədə biz müsəlmanlar bir cahil, qəbih (eybəcər, qanmaz - A.B.), bir şey bilmiyən uşaq kibiyiz və bizim cümlə bəlalarımız, bədbəxtliyimiz həman bu maddədən (cəhətdən, səbəbdən - A.B.) naşidir (əmələ gəlir, törəyir, meydana çıxır - A.B.); çünki övlad tərbiyəsini bilmiyən bir taifə nə cür səmadət və fəlahətə (əkinçilik, kənd təsərrüfatı - A.B.) nail olar?!

Lakin bunların cəmiləsilə belə farsın belə sözünü bədavər etməyi (yada salmağı, misal çəkməyi - A.B.) özüm üçün vacib bilirəm. Fars deyir:

Müstəme sahib soxən ra bər səre kar avərd

(Tərcüməsi: Dinləyən söz sahibini iş başına gətirdi )

Bu söz nə gözəl söz! Ələlxüsus bir söz qəzetələr üçün həqdir! Çünki qəzetə və qəzetəçi hər gün danışan bir şeydir; onu eşidici (yəni eşidən, dinləyən, oxuyan - A.B.) olmasa, kimə danışsın?!

Cəmaətimiz isə qəzetə barəsində qəribə-qəribə fikirdədir!! Öylə fikr eyliyirlər ki, qəzetə və ya cəridə fəqət bir parça yazılmış kağızdır. Halbuki bu bir parça yazını ortalığa çıxartmaq üçün cürbəcür zəhmət və məşəqqətlərdən savayı maşınlarına, hürufatına və qeyri lazımatına (ləvazimatına - A.B.) əqla on beş min manat lazımdır; bundan keçəndən sonra hər nömrənin əqla həştad (səksən - A.B.), doxsan manat xərci var!

İştə millət və cəmaət də gərək o qədər himmət etsin (əl tutsun, kömək, yardım etsin, arxa dursun - A.B.) ki, bu qədər məxaricin öhdəsindən gəlmək mümkün olsun!! Valla qəzetə bu gün olub, sabah olmuyacaq və həm yazıçılarımız pərakənd olacaqlar (burada, yazmaq həvəsindən düşəcək, işdən yayınıb hər kəs bir tərəfə üz tutacaq - A.B.) və həm millətimiz ürfan və mətbuatın mənfəətindən kəmbəhrə qalacaqdır!! Qəzetə və cəridəyə meyilli olub ildə altı manatdan keçmiş və özgələrin qəzetələrinə məsailbəkəf olanlar (vurulanlar, təsiri altına düşənlər - A.B.) gərək bu qitəyə bir az diqqət etsinlər və insafa gəlsinlər.

Lakin qeyrəti-həmiyyəti-milliyəmizdən ümidvarız ki, həm qəzetələrimizə və həm "Molla Nəsrəddin"ə və "Dəbistan"a layiqincə yardım və kömək edib qoymuyacaqlar ki, bu günə nafe (bu cürə xeyirli, mənfəətli, dəyərli - A.B.) və lazım şeylərdən məhrum olaq. Bu gün bunlar təşviq və tərğib olunmazlar isə (alqışlanıb, həvəsləndirilməsələr - A.B.), sabah da bir kəs meydana qədəm qoymaz və cümlə məyus və məğmum olub (qəmli, qüssəli - A.B.) cümləmiz nabüd (meydandan çıxma, yox olma - A.B.) və məhv olarız. 

Əhməd bəy AĞAYEV 

Bəd əl təhrir: "Dəbistan"ın bu gün rəsm güşadıdır. Bu barədə qəzetəmizin əvvəlinci səhifəsində elan var. Cəmi ürəfa və danişməndlərdən xahiş ediriz ki, bu rəsm güşada gəlsinlər. 

"İrşad" qəzeti, 16 aprel 1906, səh. 1-2

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov