İyulun 13-də "Neftqazelmitədqiqatlayihə" İnstitutunda
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ)
təqaüd proqramları çərçivəsində xaricdə, respublikanın
ali məktəblərində təhsil alan tələbələr və həmin
proqrama əsasən şirkətin idarə və müəssisələrində işə
qəbul olunmuş gənc mütəxəssislərlə görüş keçirilmişdir.
Görüşdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, gənclər
və idman naziri Azad Rəhimov, həmçinin Təhsil
Nazirliyinin nümayəndələri, ali məktəblərin rəhbərləri
iştirak etmişlər.
AzərTAc xəbər verir ki, ARDNŞ-in prezidenti Rövnəq
Abdullayev tədbirdə çıxış edərək son illər Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən məqsədyönlü siyasətin ölkəmizə qazandırdığı
uğurlardan danışmış, bu nailiyyətlərdə Dövlət Neft
Şirkətinin rolundan bəhs etmişdir. Dövlətimizin
başçısının tapşırığına əsasən gənc nəslin keyfiyyətli,
beynəlxalq standartlara uyğun təhsil alması, peşəkar
kadrların hazırlanması istiqamətində şirkətdə həyata
keçirilən layihələrdən danışan R.Abdullayev gənclərin
müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi
məqsədi daşıyan təqaüd proqramlarının əhəmiyyətini
xüsusi vurğulamışdır.
Bildirilmişdir ki, ARDNŞ təqaüd proqramlarına 2006-cı
ildən başlamışdır. Şirkət savadlı, gənc mütəxəssislərin
hazırlanması və dünya təcrübəsinə yiyələnməsi məqsədi
ilə onların xaricdə təhsili üzrə Təqaüd Proqramını da
həyata keçirir. İndiyədək bu proqrama 172 gənc cəlb
olunmuşdur. Proqramın 84 iştirakçısı artıq təhsilini
müvəffəqiyyətlə başa vuraraq Vətənə qayıtmış və hazırda
ARDNŞ-in müxtəlif strukturlarında çalışır. Həmçinin
Təqaüd Proqramının tərkib hissələrindən birini də
Azərbaycanın ali məktəblərində neft-qaz sənayesində
tələbat duyulan ixtisaslar üzrə təhsil alan tələbələrə
ARDNŞ-in aylıq təqaüdlərinin verilməsi təşkil edir.
Müsabiqədə təkcə Bakının yox, həm də digər şəhərlərin
ali məktəb tələbələri iştirak edir. İndiyədək,
ümumilikdə, 1257 tələbə ARDNŞ təqaüdünə layiq
görülmüşdür. Təhsilini ARDNŞ-in təqaüdü ilə başa vurmuş
məzunlara şirkətdə ixtisaslarına uyğun iş təklif olunur.
Son 3 ildə bu yolla 117 təqaüdçü ARDNŞ-də işə qəbul
edilmişdir.
Görüşdə tələbə və məzunlar, gənc mütəxəssislər çıxış
edərək onları maraqlandıran məsələlər haqqında fikir və
təkliflərini bildirmişlər.
Sonda ARDNŞ-in təqaüdünə layiq görülmüş tələbələrə
plastik bank kartları təqdim olunmuşdur. |