Tokionun Vaseda Universitetinin bir qrup tələbəsi cari
ilin oktyabrında "Yaponiya-Qafqaz iqtisadi və mədəniyyət
mübadiləsi proqramı-2012" çərçivəsində Azərbaycana
gələcəkdir.
Bu barədə proqramın təqdimat mərasimində çıxış edən
Vaseda Universitetinin professoru Hiroaki Mohri məlumat
vermişdir. Azərbaycanın müstəqilliyini bərpa etdikdən
sonra sürətli inkişaf yoluna qədəm qoyduğunu diqqətə
çatdıran H.Mohri keçmiş SSRİ respublikaları arasında
ölkəmizin daha böyük uğurlar qazandığını vurğulamışdır.
O qeyd etmişdir ki, son illər böyük iqtisadi
nailiyyətlərə imza atan Azərbaycan həm də mühüm
beynəlxalq tədbirlərin təşkil edildiyi ölkəyə
çevrilməkdədir.
Təqdimat mərasiminə hazırda Tokioda yaşayan
azərbaycanlılardan bir qrupunun dəvət edildiyini
bildirən H.Mohri qeyd etmişdir ki, bundan məqsəd
tələbələrə Azərbaycan ilə daha yaxından tanış olmaq
imkanı yaratmaqdır.
Pianoçu, beynəlxalq müsabiqələr laureatı Gülnarə
Səfərova, Azərbaycan Dövlət Teleqraf Agentliyinin
Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev, Dövlət
Statistika Komitəsinin şöbə müdiri Ehtiram İsgəndərov,
Vaseda Universitetinin magistri Emil Cəfərzadə
tələbələrin çoxsaylı suallarını cavablandırmışlar.
Ölkəmizin qədim sivilizasiyaların qovşağında yerləşdiyi,
zəngin mədəniyyətə malik olduğu qeyd edilmiş, müasir
Azərbaycanın uğurları barədə məlumat verilmişdir.
Görüş çərçivəsində yapon dilində ilk nömrəsi nəşr
edilmiş "İRS-İsan" jurnalı tələbələrə təqdim olunmuş,
buradakı məqalələrin Azərbaycan ilə tanış olmaq üçün
xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. Tələbələrə,
həmçinin Azərbaycanın qədim xalçaçılıq sənətindən bəhs
edən ingilis dilində "Azərbaycan xalçaları" jurnalı da
hədiyyə edilmişdir.
Mərasimdə tələbələrin Azərbaycanın qədim tarixi,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi,
"Eurovision-2012" mahnı müsabiqəsi və digər mövzularda
sualları ətraflı cavablandırılmışdır.
Proqram çərçivəsində tələbələrin Bakı şəhərindən əlavə,
Şəki və Qax rayonlarına da gedəcəyi, tarixi və
mədəniyyət abidələri ilə tanış olacağı, Bakı Dövlət və
Azərbaycan Dillər universitetlərində həmyaşıdları ilə
görüşlər keçirəcəyi, müxtəlif mövzularda diskussiyalara
qatılacağı bildirilmişdir.
Tələbələrin son vaxtlar Yaponiyada adı daha tez-tez
səslənən Azərbaycanı daha yaxından tanımaq üçün böyük
həvəs göstərdiyini qeyd edən professor H.Mohri ətraflı
məlumata, qiymətli nəşrlərə görə minnətdarlığını
bildirmiş, səfərin nəticəsi olaraq tələbələrin
universitetdə məruzələrlə çıxış edəcəklərini diqqətə
çatdırmışdır.
AzərTAc |