Şamaxı
Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru, əməkdar
müəllim Asif Ağayevdən aldığımız məlumatda bildirilir ki,
bu ilin 14-22 iyun tarixlərində Astara şəhərində Milli
Qurtuluş Gününə həsr olunmuş Respublika şahmat turniri
keçirilib.
Bu turnirdə 10 yaşa qədər şahmatçılar arasında yarışan
Şamaxı şəhər 9 nömrəli tam orta məktəbin III sinif
şagirdi Mənsur Sərxanov 9 xaldan 7 xal toplayaraq I yeri
tutub. Həmin məktəbin IV sinif şagirdi Asim Sərxanov 12
yaşlılar arasında 7 xal toplayaraq turniri yalnız əlavə
göstəricilərə görə II yerlə başa vurub. Şəhər 2 nömrəli
tam orta məktəbin VII sinif şagirdi Niyaz Məmmədov da 7
xal toplayaraq əlavə göstəricilərə görə III yerlə
kifayətlənib. Turnirdə şəhər 1 nömrəli tam orta məktəbin
VII sinif şagirdi Ülvi Xudiyev isə 5,5 xalla fərqlənib.
20-dən çox şəhər və rayondan 140 nəfərə qədər
şahmatçının iştirak etdiyi turnirdə çıxış edən Şamaxı
şahmatçıları turnirin ümumi nəticələrinə görə uğur
qazanaraq fərqləniblər. Təsadüfi deyildir ki, ilk yeddi
ən yaxşı nəticə göstərən şahmatçılardan 3 nəfəri Şamaxı
məktəbliləri olub. Həmin şahmatçılar Qusar şəhərində
keçiriləcək Yeniyetmələrin Respublika Şahmat
Olimpiadasında rayonlarını təmsil edəcəklər.
Hazırda məktəbin baş məşqçi müəllimi Yaşar Məmmədov
şahmat olimpiadasında iştirak edəcək şagirdləri ilə daha
ciddi məşqlər aparır. O inanır ki, şagirdləri onun
əməyini doğruldacaqlar.
Ədalət DAŞDƏMİRLİ |