Müəllimlik
hər zaman müqəddəs sənət kimi sayılıb. Dahilər
müəllimlərini özlərindən üstün bilib, onları elm yolunda
bir çıraq adlandırıblar. Ömrünün 42 ilini müəllimliyə
həsr edən Tapdıq Abbasov da indiyədək neçə-neçə vətən
övladının həyat yoluna elm çırağı tutub. Bu günlərdə 65
yaşı tamam olan Tapdıq müəllimin ən böyük qazancı da
yetirmələrinin əməyinə verdiyi yüksək qiymət, el
hörməti olub. Bu hörməti o özü işə möhkəm bağlılığı,
məsuliyyəti ilə əlaqələndirir. Tapdıq Abbasov 1947-ci
ildə Laçın rayonunun Güləbird kəndində anadan olub.
1954-1961-ci illərdə Novruzalılar kənd 7 illik orta
məktəbində təhsil alıb. 8-11-ci sinifləri Qubadlı
rayonunun Muradxanlı kənd orta məktəbində oxuyub.
1965-1970-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun
təbiət və biologiya fakültəsində ali təhsil alıb.
1970-ci ildən pedaqoji fəaliyyətə başlayıb. Hazırda
Laçın rayon Güləbird kənd tam orta məktəbinin
direktorudur. O illəri Tapdıq müəllim belə xatırlayır:
-Ucqar dağ kəndlərində əmək fəaliyyətimə başlamışam. İlk
iş yerim Laçın rayonunun Cağazur kənd orta məktəbi olub,
burada bir il fəaliyyət göstərmişəm. 1971-ci ildə hərbi
xidmətə yollandım və 1972-ci ildə ordudan tərxis olunub
geriyə - rayonumuza qayıtdım. Bu dəfə Laçın rayonunun
ucqar dağ kəndi olan Vağacil kəndində işləməyə başladım.
1977-78-ci tədris ilində ailə vəziyyətimlə əlaqədar
doğma kəndimiz Güləbirdə qayıtdım və buradakı orta
məktəbdə əvvəl müəllim, sonralar isə hərbi rəhbər
vəzifələrində çalışdım. 1985-ci ildə irəli çəkilərək
məktəb direktoru təyin olundum.
1988-ci ildə Qarabağ hadisələri başlandı, sonralar
genişlənən müharibə nəticəsində Laçın rayonu işğal
edildi. O dövrdə Tapdıq müəllim ailəsi ilə birlikdə
Sumqayıt şəhərində məskunlaşdı. 1993-94-cü tədris ilində
Güləbird kənd orta məktəbi Sumqayıt şəhərində müvəqqəti
olaraq təşkil olundu və məktəbin müəllim heyəti öz
fəaliyyətini davam etdirməyə başladı.
Tapdıq müəllim Güləbird kənd tam orta məktəbinə
rəhbərlik etdiyi müddətdə özünü bacarıqlı təhsil
təşkilatçısı, kollektivin hamı tərəfindən qəbul olunan
lideri kimi göstərə bilib. Onun səyləri nəticəsində
məktəbdə yüksək təhsil mühiti yaranıb. Məktəbin adı hər
il birincilər sırasında çəkilir. Səmərəli fəaliyyətinə
görə pedaqoji kollektivin üzvləri dəfələrlə tərifnamələr
alıblar. T.Abbasova isə Laçın Rayon İcra Hakimiyyəti
başçısının imzasıyla fəxri fərman verilib. Məktəbin
müvəffəqiyyəti ilbəil çoxalır, şagirdlər rayon
olimpiadalarında yüksək yerlər tuturlar. Ümummilli lider
Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı
keçirilən inşa yazı müsabiqələrində qalib olurlar.
Məktəbin IX sinif şagirdi Ayşən Paşayeva ulu öndərin
anadan olmasının 89-cu ildönümü münasibətilə keçirilən
inşa müsabiqəsində yer tutub. XI sinif şagirdi Səbinə
Məhərrəmli Mirzə Ələkbər Sabirin 150 illiyi ilə bağlı
keçirilən inşa müsabiqəsində Təhsil Nazirliyinin fəxri
fərmanına layiq görülüb. Xalq qəhrəmanı Sultan bəyin 140
illiyi münasibətilə keçirilən inşa müsabiqəsində X sinif
şagirdi Orxan Sadıqov rayon icra hakimiyyətinin birinci
dərəcəli diplomuna layiq görülüb. Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümü ilə bağlı keçirilən rəsm,
musiqi və digər sahələr üzrə müsabiqələrdə məktəbin
şagirdləri Aysu Mansur qızı I dərəcəli, Minarə Abbaslı
II dərəcəli, Ayşən Əlizadə III dərəcəli diploma layiq
görülüb. 2010-2011-ci il tədris ilinin yekunlarına görə
məktəbin XI sinfini bitirən 9 məzunundan 7 nəfəri ali
məktəblərə daxil olub. Bu uğur rayon təhsil şöbəsi
tərəfindən qiymətləndirilərək pedaqoji kollektiv üzvləri,
o cümlədən məktəbin rəhbərliyi diplomlarla təltif olunub.
65 yaşlı Tapdıq müəllimin arzuları çoxdur. Onlardan ən
ümdəsi isə Laçına qayıtmaqdır. "Doğma torpaq məni
böyüdüb, ərsəyə çatdırıb, qol-qanad verib. İnanıram ki,
tezliklə o torpaqlara qayıdacağıq. Çünki hazırda
dövlətimiz tərəfindən beynəlxalq aləmdə aparılan uğurlu
siyasət bunu deməyə əsas verir", - deyə Tapdıq müəllim
bildirir.
Tapdıq müəllimin 5 övladı var, 3-ü qız, 2-si oğlan.
Övladlarının hamısı ali təhsillidir. Oğlanlarının ikisi
də iqtisadçıdır. Oğlanlardan biri Zahir Abbas 7 kitabın
müəllifidir, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür,
respublikada qələm sahibləri arasında tanınan
simalardandır. Digər oğlu Mahir Abbasov ötən il
dissertasiya müdafiə edərək, iqtisad elmləri üzrə
fəlsəfə doktoru elmi dərəcəsini alıb. Qızları da
müxtəlif ixtisaslar üzrə ali təhsillidir.
Qurub-yaratmaq, cəmiyyətə fayda vermək, elin-obanın,
dostun işinə yaramaq hər zaman amalı olan 65 yaşlı
Tapdıq müəllimi təbrik edir, ona möhkəm cansağlığı,
fəaliyyətində daha böyük uğurlar, bir də tezliklə
Güləbirdə qayıtmasını arzulayırıq.
Yusif ƏLİYEV |