Hacı
Vasif oğlu Piriyev 1995-ci ildə anadan olub. Orta
təhsilə Rusiyanın Yekaterinburq şəhərində başlasa da,
sonradan valideynləri onu Azərbaycana gətirir. Üç il
Şəmkir rayonunda orta təhsilini davam etdirir. Altıncı
sinfi bitirdikdən sonra imtahanları müvəffəqiyyətlə
verərək Mingəçevirdəki Özəl Türk Liseyinə daxil olur.
Təhsil müddətində verilən tapşırıqları böyük həvəslə
yerinə yetirən Hacı tezliklə lisey müəllimlərinin
sevimlisinə çevrilir. Müxtəlif olimpiadalarda bacarığını
nümayiş etdirən gənc bir sıra uğurlara da imza atır. O,
2012-ci il respublika fənn olimpiadasında fizika fənni
üzrə I yerə layiq görülüb. Hacının istedadını görən
müəllimləri onun daha yaxşı təhsil alması, bilik və
bacarığını inkişaf etdirməsi üçün Bakıya - Özəl Türk
Liseyinin mərkəzi filialına göndərirlər. Öz üzərində
yorulmadan çalışan H.Piriyev buradakı müəllimlərinin də
diqqətindən yayınmır.
Şagirdlərinin yüksək istedad və bacarığını görən fənn
müəllimləri ona beynəlxalq yarışlara hazırlaşmağa kömək
edir, lazımi tövsiyələrini verirlər. O, ilk dəfə 2010-cu
il dekabrın 2-dən 11-dək Nigeriyanın Abuja şəhərində
düzənlənən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında
iştirak edir. Bundan sonra ötən ilin iyulun 10-dan 18-dək
Tailandın Bankok şəhərində keçirilən Beynəlxalq elm
olimpiadasında iştirak edir və dördüncü - həvəsləndirici
yeri tutur. 2012-ci il yanvarın 15-dən 21-dək
Qazaxıstanın Almatı şəhərində təşkil edilən Beynəlxalq
olimpiadada gümüş medal, nəhayət, cari ilin mayın 25-dən
30-dək Nigeriyanın Abuja şəhərində baş tutan Beynəlxalq
elm olimpiadasında qalib olaraq qızıl medala layiq
görülüb.
Əldə etdiyi bu nailiyyətlərə, eyni zamanda dərslərindən
əla qiymətlər aldığına görə, liseyin rəhbərliyi Hacını
2011-2012-ci tədris ilində təhsil haqqından azad edib.
-Liseyi başa vurduqdan sonra təhsilini harada davam
etdirmək fikrindəsən,- deyə xəbər aldıq. Sualımıza Hacı
Piriyev belə cavab verdi:
-Uşaqlıqdan həkim olmaq arzusu ilə yaşamışam.
Valideynlərim də mənim bu arzumu həmişə dəstəkləyiblər.
Texniki fənlərə marağı isə mənə babam və nənəm aşılayıb.
Anamın atası əməkdar müəllim Vahid Hacıyev uzun
müddətdir Tahir Əmiraslanov adına Şəmkir Peşə Liseyində
fizika fənnini tədris edir. Nənəm Kifayət Hüseynova isə
Şəmkirdəki Morul kənd tam orta məktəbinin riyaziyyat
müəllimidir. Hər dəfə yay tətilində mən babamgildə
olarkən onlar mənimlə həvəslə məşğul olur, məni dəqiq
elmləri daha dərindən öyrənməyə sövq edirdilər. Əldə
etdiyim bütün uğurlara görə isə, ilk növbədə, anama -
Südabə Piriyevaya borcluyam. Anam mənim həm ilk
müəllimim, həm də çətin günlərimdə ən yaxın dostum və
sirdaşım olub.
Çoxlarının qəbul imtahanlarına hazırlaşdığı, ali
məktəbdə oxumaq arzusuyla yaşadığı günlərdə Hacı Piriyev
artıq Kanadanın Toronto Universitetinin tələbəsi adını
qazanıb. O, Dövlət Proqramı xətti ilə təhsilini davam
etdirmək niyyətində olduğunu, bakalavr təhsilini Toronto
Universitetində bitirdikdən sonra Almaniyada tibb
ixtisasına yiyələnmək istədiyini vurğuladı.
Liseyin müəllimi Faiq Qarayevin rəhbərliyi ilə iyulun
15-dən 21-dək Estoniyada keçiriləcək beynəlxalq
olimpiadaya hazırlaşdığını deyən H.Piriyev bu dəfə də
qaliblər sırasında olmaq üçün var qüvvəsi ilə
çalışdığını bildirdi. Ona elmin çətin və şərəfli
yollarında uğurlar diləyir, qarşıdakı kəşməkəşli həyat
yollarında həmişə mübariz, qətiyyətli olmağı, elmin daha
yüksək zirvələrini fəth etməyi arzulayırıq!
Samirə DADAŞOVA,
Bakıdakı S.Nurməmmədov adına 108 nömrəli orta
məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi |