Xalqımızın qəhrəman oğullarından biri Sultan bəy
Sultanovun anadan olmasının 140 illik yubileyi ilə
əlaqədar Laçın rayonunun tədris müəssisələrində
qəhrəmanlıq mövzusunda inşa yazı, rəsm, şeir, mahnı,
rəqs müsabiqələri, idman yarışları, hərbi idman oyunları
və digər tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdu.
Bu münasibətlə keçirilən ümumrayon müsabiqəsində
Abşeron rayonunun Xırdalan şəhərində məskunlaşan Laçın
şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri də fəal
iştirak etməyə başladılar. Onlar əvvəlcə Sultan bəyin
1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında
anadan olduğunu, ibtidai təhsil aldıqdan sonra Gəncə
gimnaziyasında orta təhsilini tamamladığını, Sankt-Peterburq
Hərbi Akademiyasına daxil olduğunu, amma naməlum
səbəbdən məktəbi bitirməyib doğma kəndlərinə qayıtması
barədə məlumatlar topladılar.
Sultan bəy və onun qardaşı, Azərbaycan Demokratik
Respublikasının ilk hərbi naziri və Qarabağın general-qubernatoru
olmuş Xosrov bəy Sultanovun yalnız Zəngəzur və Qarabağ
deyil, Kəlbəcər, Basarkeçər və digər ərazilərimizin
erməni quldurlarından qorunmasında əvəzsiz xidmətləri
olub.
Sultan bəy sovet hakimiyyəti qurulduqdan sonra mühacir
həyatı yaşayıb. Əvvəlcə İrana, 1923-cü ildə isə
Türkiyəyə gedib. 1955-ci ildə Türkiyənin Qars
vilayətinin Köçqoy kəndində dünyasını dəyişib.
Şagirdlərimiz Sultan bəy haqqında bu və digər maraqlı
məlumatları toplayıb öyrənməklə bərabər, onun 140 illiyi
münasibəti ilə keçirilən ümumrayon müsabiqəsinin rəqs
nominasiyasında da böyük həvəslə iştirak ediblər.
Mərasimdə "Xalq qəhrəmanı Sultan bəy" kitabının müəllifi,
tarix elmləri doktoru Şikar Qasımov, Azərbaycan Milli
Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, AMEA-nın
müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov,
Milli Məclisin deputatı Aqil Abbas, Laçın Rayon İcra
Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov, Sultan bəyin
nəvəsi, Bakı Metropoliteninin baş mühəndisi, Azərbaycan
Respublikasının əməkdar memarı Elbrus Muradov, Ağcabədi
və Xocavənd rayonları icra hakimiyyətlərinin başçıları
Şahin Məmmədov və Eyvaz Hüseynov iştirak ediblər.
Həmin tədbirdə rayonun ümumtəhsil məktəblərində Sultan
bəyin 140 illik yubileyi münasibəti ilə keçirilən
müsabiqə qaliblərinə və eləcə də bizim məktəbin şagirdi
A.Rəhimovaya da rəqs nominasiyasında I yeri tutduğuna
görə diplom və hədiyyələr təqdim olunub.
Vəfa İSMAYILOVA,
Laçın şəhər 1 nömrəli tam orta məktəbin tədris işləri
üzrə direktor müavini |