Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 İyul 2012 - №27

 

Səmərəli məktəb modelində məktəb-valideyn münasibətləri

 

Təhsil Nazirliyi və Dünya Bankının birgə layihəsi olan "Səmərəli məktəb" layihəsi Təhsil Nazirliyinin sifarişi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən xidmət müqaviləsi əsasında həyata keçirilir və artıq il yarımdır fəaliyyətdədir. Layihənin əsas məqsədi islahatların davamlılığını təmin etmək üçün məktəblərin təhsildə qabaqcıl dəyişikliklərin aparıcı qüvvəsinə çevrilməsini təmin etməkdir. Məqsədə çatmaq üçün layihə altı komponent üzrə müxtəlif səpgili tədbirlər həyata keçirir, fəaliyyətlərin təhlilini aparır, alınmış nəticələri gözləntilərlə tutuşdurur, optimal inkişaf yolları arayır.  

Gözləntilərimizdən biri də real fəaliyyət göstərən məktəb icması formalaşdırmaqdır. Məktəb icması dedikdə konkret təhsil müəssisəsinin fəaliyyətində marağı olan bütün tərəfləri nəzərdə tuturuq. Bura məktəb rəhbərliyi, müəllimlər, məktəbin digər işçiləri, təhsilalanlar, valideynlər, himayədarlar və b. daxildir. İstənilən təşkilat kimi məktəb (ələlxüsus inkişafda olan məktəb) cəmiyyətdən təcrid olunmuş şəkildə fəaliyyət göstərə bilməz. Məktəbin sosial mühitlə münasibətinin öz spesifikası vardır: sosial mühit təhsil sifarişçisi kimi məktəbə təsir edir və öz növbəsində məktəb ətraf sosial mühiti dəyişdirir. Bu gün məktəb qarşısında duran mühüm ictimai sifariş sosial cəhətdən fəal insan yetişdirməkdir. Sosial cəhətdən fəal insan isə cəmiyyətdə gedən pozitiv dəyişikliklərin ötürücüsüdür: sosial adaptasiya (uyğunlaşma bacarığı) və fəallıq, yenilikləri asanlıqla öyrənmə, problem həll etmə belə insanın kompetensiyalarındandır.

Təəssüflə qeyd etmək lazımdır ki, müasir məktəb yerli icma üçün əvvəlki "mədəniyyət mərkəzi" statusunu itirməkdədir. Bayramların təşkili, görkəmli şəxsiyyətlərlə görüşlər, müxtəlif yarışlar, maraq klubları  hələ də aktual olsa da, çox zaman insanları məktəbə cəlb etmək üçün yetərli olmur.

Valideynlər, himayədarlar və məktəb arasında açıq ünsiyyət, əlaqə bütün məktəb icmasının inkişafı üçün çox mühüm amildir. Məktəb və ailələr arasında yaxşı qarşılıqlı anlaşma bir çox problemlərin mümkün qədər tez, onların daha ciddi şəkil almalarından öncə müəyyənləşdirilməsinə və həllinə imkan verir. Açıq ünsiyyət və qarşılıqlı əlaqələr həmçinin  valideynlərin də müxtəlif mövzularda təlimatlandırılmasını asanlaşdırır.

"Səmərəli məktəb" layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlərdən biri və iştirakçıların qənaətinə görə, ən maraqlı və faydalısı ibtidai sinif müəllimləri, məktəb psixoloqu və valideynlər üçün "Ünsiyyət vərdişləri" adlı təlimlər idi. Təlimin adı "Ünsiyyət vərdişləri" olsa da,  bu 2 günlük təlimlər əslində uşaq tərbiyəsi, ailədə pozitiv iqlim, ailədaxili münasibətlər və s. kimi aktual pedaqoji və psixoloji problemləri imkan daxilində işıqlandırdı.

Bu fəaliyyət "Səmərəli məktəb" layihəsinin 3 komponentinin - Məktəb daxilində müəllimlərin fəaliyyəti və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, Tədrisin və şagird nailiyyətlərinin keyfiyyətinin yüksəldilməsi, Məktəb mühitinin inkişaf etdirilməsi və inklüziv tədris üsulları komponentlərinin qovşagında yer alaraq, real fəaliyyət göstərən məktəb icması yaratmaq və  fəal və məsul valideynlər yetişdirmək  ideyasına xidmət edirdi.  Əlbəttə, məktəb icmasını formalaşdırmaq, fəal və məsul valideynlər yetişdirmək üçün başqa imkanlardan da istifadə etmək olar. Lakin məhz  uşaq tərbiyəsi mövzusunu seçib, onu valideynlər, bir qrup müəllim və məktəb psixoloqu üçün təlim formatında  təqdim etmək, bizcə, ən məqbul və məhsuldar üsul idi. Çünki çox zaman psixologiya sahəsində xüsusi savadı və səriştəsi olmayan valideyn hər gün cürbəcür psixoloji  problemlərlə üzbəüz qalır. Həll olunmayan, yaxud səhv çözülən problemlər yığılaraq valideynlərlə övladlar arasında dağa çevrilir, gələcək münasibətlərin normal qurulmasına mane olur. Övladı üçün hər şeyin yaxşısını arzulayan ata və ana məhz məlumatsızlıq üzündən yanlış addımlar atırlar, ailədə pozitiv iqlim yaratmaq istəsələr də, nəticədə neqativ şəraitlə üz-üzə qalırlar. Ailədə anlayış tapmayan uşaq isə məktəbdə nailiyyət qazanmağa motivasiyası olmayan şagirdə çevrilir. Bu, artıq məktəb üçün problemdir. Digər tərəfdən, məktəbdən vaxtlı-vaxtında uşaq tərbiyəsi ilə bağlı lazımi məsləhət və təlim alan valideyn məktəbin bir öyrənən və öyrədən icma olmasına inanır və tədricən özü bu icmanın fəal üzvünə çevrilir. Bu gün haqqında çox danışdığımız, amma yetərincə dəstəkləmədiyimiz "ömürboyu öyrənmə" ideyasını da bu yolla həm valideynlərə, həm də şagirdlərə çatdırmaq mümkündür. Valideyninin məktəbə təlimə getdiyini və bu təlimdən sonra onun daha inamlı və səriştəli davrandığını görən  şagirdin məktəbə, öyrənməyə olan həvəsinin necə artacağını təsəvvür edin.

"Zəkalar" liseyində analoji təlimlərin ikinci günü valideynlərdən birinin etirafından: "Dünən təlimdən sonra evdə oğlumun emosional və sərt davranışına burada öyrəndiklərimə əsasən, yəni hissləri qəbul edərək reaksiya verdim. Oğlumun cavab reaksiyası mənim üçün gözlənilməz oldu: o, axır ki, mənim onu sevdiyimi hiss etdi!!! Problem də öz-özlüyündə, həmişəki hay-həşirsiz həll olundu. Bir qədər sonra isə oğlum məndən soruşdu: "Ana, sən bu gün başqa cür davranırsan. Sənə nə olub?".

Təlimin gündəliyinə "Ünsiyyət mədəniyyəti və ünsiyyət vərdişləri", "Uşağa necə kömək edək ki, hisslərinin əsiri olmasın", "Uşaqla əməkdaşlıq etməyin yolları", "Cəzalandırmanın alternativi", "Uşağın sərbəstliyini necə həvəsləndirməli", "Uşağı necə tərifləməli", "Utancaqlıq", "Uşaq şıltaqlığı" kimi mövzular daxil edilmişdi. Mövzulardan hər biri iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.  İlk baxışda hamıya bəlli olan mətləblər psixoloji oyunlar zamanı tamam başqa rakursdan açıldı və hər bir iştirakçı özünə lazım olan informasiyanı aldı. Təlimlərin interaktiv formatı da iştirakçıların böyük marağına səbəb oldu. Uzun-uzadı və cansıxıcı nəzəriyyə ilə dolu mühazirə dinləyəcəklərini gözləyən iştirakçılar rollu oyunlardan və qrup müzakirələrindən daha çox şey mənimsədiklərini qeyd etdilər.

Layihə məktəblərində  "Ünsiyyət vərdişləri" mövzusunda təlimləri anons edərkən, bu təlimlərə valideynləri və himayədarları dəvət etməyi xahiş etmişdik. Valideyn və himayədar dedikdə hər iki cinsdən ailə üzvləri nəzərdə tutulur. Ancaq reallıqda biz auditoriyada ancaq anaları və nənələri gördük. İki nəfər babanın iştirak etdiyi Bakıdakı 164 nömrəli tam orta məktəb istisna təşkil edirdi. Məlumdur ki, uşağın tərbiyəsinə ailədəki hər bir valideyn (və ya himayədar) məsuldur. Ancaq bizdə yaranmış stereotip bu işi bütünlüklə ananın (nənənin) üzərinə qoyur. Həmin stereotipin nəticəsi idi ki, təlimlərə ancaq qadınlar qoşulmuşdular. Sevindirici haldır ki, demək olar, hər bir layihə məktəbində iştirakçılar təlimi qiymətləndirmə vərəqlərində belə təlimlərə ataları da cəlb etməyi xahiş edirdilər.

Təlimlərə dəvət olunmuş ibtidai sinif müəllimləri və məktəb psixoloqu xüsusi tapşırıq almışdılar: bu təlimlərin məzmununa və formatına mütəxəssis kimi fikir vermək, təlimi daha da səmərəli etmək üçün təkliflər irəli sürmək, eyni məzmunda təlimləri müstəqil şəkildə məktəbin digər müəllimlərinə, sinif rəhbərlərinə və valideynlərə keçmək. Qeyd edək ki, təlim materialları hər bir məktəbin işçi qrupuna və ya elektron ünvanına ötürülmüşdür.

Əlbəttə, hazır materialla işləmək, işin nəticələrini müşahidə və müsahibə vasitəsilə izləmək o qədər də əmək tələb etmir. Məktəb psixoloqunun və sinif rəhbərlərinin, eləcə də uşaq və valideynlə  işləyən hər bir şəxsin buna oxşar mövzularda təlimlər təşkil etməsi, bunun üçün müstəqil şəkildə materiallar toplaması, təlim işini planlaşdırması və s. səmərəli məktəb modelindən gözlədiyimiz ən böyük nəticələrdəndir. Məktəb valideynlərin psixoloji və pedaqoji savadlanmasını qarşısına  bir məqsəd kimi qoysa, bu, məktəbin böyük uğurlarından biri olar. 

Təlim materialları hazırlanarkən amerikalı mütəxəssislər Adelya Faber və Elayn Mazlişin "Uşaqlarla necə danışaq ki, onlar bizə qulaq assınlar və onlara necə qulaq asaq ki, bizimlə danışsınlar" və "Uşaqlarla necə danışaq ki, onlar dərs oxusunlar" adlı kitablarından istifadə olunmuşdur. Təlim materiallarını saf-çürük edərkən bu mövzularda informasiyanın Azərbaycan dilində yox dərəcəsində olması diqqətimizi çəkdi. Həmin problem təlimlər zamanı məktəb psixoloqları tərəfindən də qaldırıldı. Əsasən nəzəri psixologiya kitabları ilə tanış olan məktəb psixoloqları Azərbaycan dilində çap olunmuş bu cür praktik vəsaitlərə böyük ehtiyac olduğunu dedilər. Buradan başqa bir paradoksal problem qaynaqlanır və təcili həllini gözləyir. Paradoks ondadır ki, valideynlər və müəllimlər uşaqların bir və ya bir neçə xarici dil bilməsini hərarətlə dəstəkləyirlər. Özləri isə xarici dil öyrənməyə səy göstərmirlər.  Müasir dövrdə bir və ya bir neçə xarici dil bilmək birbaşa peşəkarlığın yüksəldilməsi deməkdir. Sirr deyil ki, ingilis və ya rus dillərini bilən müəllim İnternet vasitəsilə çox geniş informasiya dənizinə baş vura bilər. Azərbaycan dilində peşəkar İnternet səhifələrinin az və tərtibat cəhətdən kasad olması müəllim və məktəb psixoloqu qarşısında böyük maneədir.  Bu baxımdan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin may ayının 23-də verdiyi Sərəncam böyük ümidlər doğurur. Məlum olduğu kimi, sərəncam qısa müddət ərzində (noyabr ayının 1-dək) Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı layihəsini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməyi müvafiq qurumlara həvalə etmişdir. Sərəncamda həmçinin qeyd olunur ki, "Azərbaycan dilində İnternet resursların qıtlığı, elektron və interaktiv dərsliklərin yoxluğu, Azərbaycan dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsi narahatlıq doğurur". Bu Dövlət Proqramının reallaşması Azərbaycan məktəbinin  inkişafına şəksiz ki, öz töhfəsini verəcəkdir. Ancaq unutmaq lazım deyil ki, keyfiyyətli tərcümə fəaliyyəti elm və texnikanın sürətli inkişafı ilə ayaqlaşa bilmir. Bu gün cərəyan edən yeniliklərlə vaxtında tanış olmaq artıq zərurətdir. Və bu zərurət  müasir müəllimi bir və ya bir neçə əcnəbi dil bilmək kompetensiyasından azad etmir.

Təlimlər 12 layihə məktəbində həyata keçirildi. Hər məktəbdə təlimlərə məktəb psixoloqu, 4 nəfər ibtidai sinif müəllimi və 15 nəfər valideyn cəlb etmək planlaşdırılmışdı. Bununla belə, Lənkəran 4 nömrəli tam orta məktəbdə 22 nəfər iştirak etdiyi halda, Bakı şəhər 225 nömrəli tam orta məktəbdə cəmi 9 nəfər iştirakçı var idi. Təlimləri uzun illər təhsil sahəsində iş təcrübəsi olan peşəkar psixoloqlar İradə Məmmədova və Bahar Kərimova həyata keçirdilər. Narahatlıq doğuran hal budur ki, təlimlərin məzmunundan və formasından razı qalan müəllimlər və məktəb psixoloqları növbəti mərhələdə bu cür təlimləri özləri təşkil etməkdə tərəddüd  edirlər. Onlara estafeti davam etdirməyi təklif edəndə, bir çoxları bunun üçün xüsusi bilik və bacarıqları olmadığını, bu işin məhz peşəkar psixoloq tərəfindən aparılmasının məqbul olduğunu dedilər. Belə vəziyyət demək olar ki, bütün məktəblərdə simptomatikdir və müəllimlərin "total tənbəlliyindən" xəbər verir. Müəllimlər bu tipli təlimlərə həvəslə gəlsələr də, sonradan özləri həmkarları üçün təlim keçməkdə tərəddüd edirlər və yeni-yeni təlimlərin "kənardan" gətirilməsini istəyirlər. Məsələnin digər aspekti isə məktəbin öz müəllimi tərəfindən keçirilən təlimə həmin məktəbin digər müəllimlərinin etimadının olmamasıdır. Məktəblərdə belə bir stereotip formalaşmışdır ki, mütərəqqi ideyalar, yeni yanaşmalar ancaq kənardan gələ bilər. Bütün bu sadaladığımız bu gün aktual olan "həmkara dəstək" ideyasının reallaşmasına mane olan faktorlardır.

"Səmərəli məktəb" layihəsinin işçi qrupu  bütün bu deyilənləri ümumiləşdirərək aşağıdakı qənaətə gəlmişdir:

- Real fəaliyyət göstərən məktəb icması formalaşdırmaq üçün valideynləri yeni üsullarla cəlb etmək lazımdır. Valideynlər üçün təlimlər, psixoloji yardım və məsləhətlər bu iş üsullarından biri ola bilər;

- Məktəb ata və babaların tərəfdaşlığa cəlb edilməsində xüsusilə maraqlı olmalıdır;

- Məktəb psixoloqunun işi daha rəngarəng və daha praktik şəkildə qurulmalıdır;

- Müəllimlərdə xarici dil öyrənmək xofunu yox etməyə çalışmaq, əcnəbi dil bilməklə peşəkarlıq arasındakı sıx təması göstərmək  lazımdır;

- Məktəblərdə "həmkara dəstək" ideyası təbliğ olunmalıdır; təlim keçmiş, hər hansı ixtisasartırma kursunda olmuş müəllim öz öyrəndiklərini həmkarlarına da ötürməlidir. Bu prosesdə öyrədən də, öyrənən də qazanır (latın müdrik kəlamında deyildiyi kimi, "Docendo discimus" - "Öyrədərək öyrənirik");

- Ömürboyu öyrənmə yanaşmasının əsl mahiyyəti həm müəllimlər, həm valideynlər, həm də şagirdlər üçün  açılmalıdır;

- Məktəb daxili inkanları hesabına, kənardan layihələr gözləmədən inkişaf etmək yolunu tutmalıdır.

Sonda qeyd edək ki, "Səmərəli məktəb" layihəsinin fəaliyyəti, iş istiqamətləri, istinad etdiyi materiallar  haqqında sm11.edu.az elektron səhifəsində məlumat almaq olar. 

Vəfa YAQUBLU,
"Səmərəli məktəb" layihəsinin əlaqələndiricisi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov