Rusiya
Dövlət Dumasının sədri Sergey Narışkinə Bakı Slavyan
Universitetinin (BSU) fəxri doktoru adı verilmişdir.
AzərTAc xəbər verir ki, iyulun 9-da Sergey Narışkinə
fəxri doktor diplomunun və mantiyasının təqdim olunması
münasibətilə BSU-da təntənəli mərasim keçirilmişdir.
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev
mərasimdə çıxış edərək bildirmişdir ki, fəxri doktor adı
Sergey Narışkinə universitetin elmi şurasının 2012-ci il
29 iyun tarixli qərarına əsasən Azərbaycan və Rusiya
arasında dostluğun möhkəmləndirilməsində xidmətlərinə,
xalqlarımız arasında elmi, mədəni əlaqələrin inkişafına
şəxsi töhfəsinə görə verilmişdir. Rektor BSU-nun
fəaliyyəti, Rusiya ali məktəbləri və təhsil müəssisələri
ilə əlaqələrindən danışmışdır. O bildirmişdir ki, Moskva
Dövlət Linqvistika Universitetində (MDLU) BSU-nun
təşəbbüsü ilə yaradılmış Azərbaycan Mədəniyyət-Tədris
Mərkəzi uğurla fəaliyyət göstərir. MDLU-da həmçinin
Azərbaycan dili və ədəbiyyatı mütəxəssisləri hazırlanır.
Bütün bunlar Azərbaycan ilə Rusiya arasında qarşılıqlı
əlaqələrin möhkəmlənməsinə, əməkdaşlıq sahələrinin
genişlənməsinə xidmət edir.
Sergey Narışkin çıxış edərək demişdir: "Mənə fəxri
doktor adının verilməsi qərarına görə elmi şuraya
təşəkkürümü bildirirəm". Dövlət Dumasının sədri
vurğulamışdır ki, Azərbaycan ilə Rusiyanı bir-birinə,
ilk növbədə, çoxillik tarix bağlayır. O demişdir: "Bu
dostluq yeni müasir şəraitdə də davam edir. Ölkələrimiz
arasında sosial-mədəni əməkdaşlıq güclü tarixi köklərə
əsaslanır".
Dövlət Dumasının sədri bildirmişdir ki, Azərbaycan və
Rusiya humanitar dialoq çərçivəsində bir sıra
layihələrdə əməkdaşlıq edir. S.Narışkin layihələri təkcə
Azərbaycanda deyil, MDB məkanında humanitar əməkdaşlığın
inkişafı üçün əhəmiyyətli olan Heydər Əliyev Fondunun
xüsusi rolunu vurğulamışdır.
S.Narışkin humanitar əməkdaşlığın inkişafı ilə bağlı bir
sıra prioritet vəzifələri müəyyən etmişdir. O demişdir:
"İlk növbədə bu, gənclər arasında kommunikasiya
sisteminin genişləndirilməsidir. İkincisi, Rusiyada
təhsil alan azərbaycanlı gənclərin, həmçinin Azərbaycan
ali məktəblərində təhsil alan rusiyalı gənclərin sayının
artırılmasıdır. Nəhayət, bu, informasiya
kommunikasiyalarıdır. Biz bir-birimiz haqqında çox
bilməliyik. Buna gələcək Avrasiya iqtisadi ittifaqının
informasiya ölçüsü kimi yaradılacaq vahid informasiya
məkanı kömək edə bilər. Bu məkan digər ölkələr üçün də,
eyni zamanda, Azərbaycan üçün də işləyə bilər. İlk addım
kimi postsovet məkanında "Euronews"a bənzər telekanalın
yaradılması ola bilər.
Humanitar layihələrdən danışan S.Narışkin Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi
töhfəsini xüsusi diqqətə çatdırmışdır.
Sonra S.Narışkin müəllim və tələbələrin suallarına
cavab vermiş, "Podmoskovnıye veçera" mahnısını ifa edən
tələbələrə qoşulmuşdur. |