Qonağı səmimi salamlayan təhsil naziri son illər
Azərbaycanda peşə təhsilinin inkişafı istiqamətində
atılan uğurlu addımlardan söz açıb və hazırda müvafiq
işlərin davam etdirildiyini bildirib. Nazir bir sıra
ölkələrlə peşə təhsili sahəsi üzrə birgə layihələrin
həyata keçirildiyindən və qarşılıqlı əməkdaşlığın
yaradıldığından bəhs edib. Misir Mərdanov ilk peşə-ixtisas
təhsili müəssisələrinin maddi-texniki bazasının
gücləndirilməsi və əsaslı təmiri üzrə görülən işləri də
qonağın diqqətinə çatdırıb.
Konsolideyted Kontraktors Beynəlxalq Şirkətinin Avrasiya
bölməsinin rəhbəri Juan Bulos qeyd edib ki, tikinti
sahəsində dünyanın 18 ən böyük şirkətindən biri olan bu
qurum əsas fəaliyyət istiqaməti ilə yanaşı, sosial
sahəyə də xüsusi diqqət yetirir. Juan Bulos təmsil
olunduğu şirkətin dünyanın bir neçə ölkəsində təşkil
etdiyi peşə təlimi mərkəzləri barədə məlumat verərək
Azərbaycanda da belə bir mərkəz yaradılması təklifi ilə
çıxış edib. Ölkəmizdə fəaliyyət göstərən bir neçə ilk
peşə-ixtisas təhsili müəssisəsi ilə tanış olduqlarını
nəzərə çatdıran qonaq 16 nömrəli Bakı Peşə Liseyinin
emalatxanasında qaynaqçı ixtisası üzrə müasir tipli Peşə
Tədris Resurs Mərkəzinin yaradılmasını məqsədəuyğun
hesab etdiklərini açıqlayıb.
Təhsil naziri Misir Mərdanov qonağın irəli sürdüyü
təklifi yüksək dəyərləndirdiyini qeyd edib. Nazir yeni
mərkəzin açılması, layihənin səmərəli həyata keçirilməsi
ilə bağlı müvafiq dəstəyin göstəriləcəyini bildirib.
Görüşdə o da vurğulanıb ki, Təhsil Nazirliyi ilə birgə
həyata keçiriləcək layihə çərçivəsində 16 nömrəli Bakı
Peşə Liseyinin emalatxanasının müasir səviyyədə əsaslı
təmir edilməsi və müvafiq şirkətin vəsaiti hesabına
təhsil müəssisəsinin qaynaq aparatları, təlim vəsaitləri
ilə təmin olunması, habelə digər ölkələrdən
mütəxəssislər dəvət edilərək təlimlər keçirilməsi
nəzərdə tutulur. Qeyd olunub ki, təlim keçmiş şəxslərə
dövlət təhsil sənədi ilə yanaşı, şirkətin beynəlxalq
səviyyədə tanınan sertifikatı da təqdim olunacaq və
məzunlar ölkəmizdə, eləcə də xaricdə asanlıqla iş tapmaq
imkanı əldə edəcəklər. Eyni zamanda məzunların bir qismi
şirkətin respublikamızda və qonşu ölkələrdə həyata
keçirdiyi layihələrə də cəlb ediləcəklər.
Məlumat üçün qeyd edək ki, Konsolideyted Kontraktors
Beynəlxalq Şirkəti Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz
qaz kəmərlərinin tikintisində iştirak edib. |