İyulun
7-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti
iclası keçirilib.
İclasda Quba Dövlət Sosial-İqtisadi Kolleci, Bakı Qida
Sənayesi Kolleci, Bakı Neft-Energetika Kolleci və Bakı
Sənaye-Pedaqoji Kollecinin akkreditasiyasının nəticələri
müzakirə olunub.
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə
açaraq ali və orta ixtisas təhsili müəssisələrinin
akkreditasiyası istiqamətində aparılmış işlərin önəminə
diqqət çəkib.
Sonra nazir Quba Dövlət Sosial-İqtisadi Kollecində
aparılmış akkreditasiyanın nəticələri barədə məlumat
vermək üçün sözü həmin müəssisə üzrə Akkreditasiya
Komissiyasının sədri, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin hesablama riyaziyyatı və informatika
kafedrasının dosenti Əbülfət Pələngova verib.
Ə.Pələngov Quba Dövlət Sosial-İqtisadi Kollecinın maddi-texniki
bazası, təhsilin məzmunu, bu təhsil müəssisəsinin
fəaliyyətinin statusuna uyğunluğundan söz açaraq son beş
ildə məzunların ümumi göstəriciləri, müvafiq test
sorğusunun nəticələri barədə danışıb. Kollecin
fəaliyyətinin daha səmərəli təşkili üçün Akkreditasiya
Komissiyasının tövsiyələri diqqətə çatdırılıb.
Bakı Qida Sənayesi Kolleci üzrə Akkreditasiya
Komissiyasının sədri, Azərbaycan Dövlət İqtisad
Universitetinin dizayn kafedrasının müdiri Oqtay
Şamxalov qeyd olunan təhsil müəssisəsində aparılmış
araşdırmalardan, bir sıra göstəricilərdən söz açıb.
O.Şamxalov kollecin fəaliyyətinin statusuna uyğunluğu,
burada mütəxəssis hazırlığının keyfiyyəti və digər bu
kimi məsələlər üzrə komissiyanın gəldiyi qənaətlə şura
üzvlərini tanış edib.
Sonra çıxış edən Bakı Neft-Energetika Kolleci üzrə
Akkreditasiya Komissiyasının sədri, Bakı Texniki
Kollecinin tədris işləri üzrə direktor müavini Fərrux
Məmmədov akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə
təhsil proqramının məzmunundan, müəssisədə tədrisin
təşkili vəziyyətindən söhbət açıb. F.Məmmədov təqdimat-məruzəsində
kollecin akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə
fəaliyyət imkanlarından bəhs edib.
Bakı Sənaye-Pedaqoji Kolleci üzrə Akkreditasiya
Komissiyasının sədri, Azərbaycan Dövlət Pedaqoji
Kollecinin tədris hissə müdiri Gültəkin Əliyeva bu
təhsil müəssisəsinin fəaliyyət istiqamətləri, son beş
ildə müəllim heyətinin hər 10 nəfərinə düşən qriflə nəşr
olunmuş dərs vəsaitlərinin sayı, kollecin tədris şəraiti,
eyni zamanda pedaqoji heyətin fəaliyyəti barədə məlumat
verib.
Sonra qeyd olunan kolleclərdə akkreditasiyanın
nəticələrinə dair şura üzvlərini maraqlandıran suallar
cavablandırılıb, rəy və təkliflər səsləndirilib.
Təhsil naziri Misir Mərdanov müvafiq təhsil
müəssisələrində aparılmış araşdırmalarla bağlı
fikirlərini bildirib, tövsiyə və tapşırıqlarını verib.
Akkreditasiya Şurasının iclasında müəyyənləşdirilmiş
meyarlar üzrə tələblərə uyğunluğu nəzərə alınaraq qeyd
olunan kolleclərin fəaliyyətinin "kafi"
qiymətləndirilməsi və bu təhsil ocaqlarının müvafiq
ixtisaslarının akkreditə olunması barədə qərar qəbul
edilib.
Ədalət DAŞDƏMİRLİ |