İyulun
10-da Bakı Şəhər İcra Hakimiyyətinin Yasamal rayonundakı
27 və 325 nömrəli uşaq bağçaları əsaslı təmir və
yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti
Leyla xanım Əliyeva təmir və yenidənqurmadan sonra uşaq
müəssisələrində olmuş, buradakı şəraitlə maraqlanmışlar.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və
Fondun vitse-prezidenti Leyla xanım Əliyeva əvvəlcə 27
nömrəli uşaq bağçasında oldular. Bildirildi ki,
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"na əsasən ötən il paytaxtdakı 305 bağçadan
57-si əsaslı surətdə yenidən qurularaq istifadəyə
verilmişdir. Bu il isə 61 bağça müasir tələblər
səviyyəsində yenilənir. Proqrama əsasən bu iş gələn il
tam yekunlaşacaqdır.
Uşaq bağçasının əvvəlki və hazırkı görkəmini əks etdirən
fotostendlə tanışlıq zamanı məlumat verildi ki, ötən
əsrin əvvəllərində yaşayış evi kimi inşa olunan, 1930-cu
ildən uşaq müəssisəsi kimi fəaliyyət göstərən bağçada
əsaslı təmir və yenidənqurma işlərinə 7 ay əvvəl
başlanılmışdı. Qəzalı və yararsız vəziyyətdə olan
binanın özülü qısa zamanda bərkidilmiş, dam örtüyü,
fasadı yenilənmişdir.
Bağçanın
750 kvadratmetrlik ərazisi təmizlənmiş, ikimərtəbəli
bina tamamilə yenidən qurulmuşdur. Səksən yerlik uşaq
bağçasında balacaların təlim-tərbiyəsi və əyləncəsi üçün
hər cür şərait yaradılmışdır. Həyətdə yeni attraksionlar,
oturacaqlar quraşdırılmış, bağçanın istilik sistemi
təzələnmişdir. Burada 3-6 yaş arasında 4 qrup vardır.
Uşaqların estetik zövqünü formalaşdırmaq üçün xüsusi
musiqi və rəqs zalları yaradılmışdır. Balacalarla 8
tərbiyəçi məşğul olacaqdır.
Mehriban xanım Əliyeva uşaqların qidalanması, onların
tibbi müayinəsi ilə maraqlandı. Məlumat verildi ki,
burada balacaların keyfiyyətli qidalanması üçün zəruri
ərzaq məhsullarından ibarət menyu tərtib olunmuşdur.
Bağçadakı yeməkxana, mətbəx, həmçinin tibb otağı, bütün
yataq ləvazimatları yenilənmişdir.
Sonra Heydər Əliyev Fondunun hədiyyəsi olan 2 soyuducu,
2 televizor və 2 xalça bağçaya təqdim olundu.
Görülən işlərdən razı qalan Mehriban xanım Əliyeva və
Leyla xanım Əliyeva bağçanın kollektivi ilə xatirə şəkli
çəkdirdi.
***
Elə həmin gün Bakı Şəhər İcra Hakimiyyətinin 325 saylı
uşaq bağçası da təmir və yenidənqurmadan sonra
istifadəyə verilmişdir.
Uşaq bağçasına gələn Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla xanım Əliyeva burada görülən işlərlə tanış oldular.
Məlumat verildi ki, ümumi sahəsi 2100 kvadratmetr olan
bağça 1963-cü ildən istifadədədir. İkimərtəbəli binada
təmir və yenidənqurma işlərinə yeddi ay əvvəl
başlanılmış və keyfiyyətlə sona çatdırılmışdır. Bağçanın
həyəti abadlaşdırılmış, ərazidə 300-dən çox həmişəyaşıl
ağac, 2 mindən çox dekorativ gül kolu əkilmişdir. Eyni
zamanda, uşaqların bağçanın həyətində istirahət edib
əylənmələri üçün lazımi şərait, müxtəlif oyun guşələri
yaradılmış, yelləncəklər quraşdırılmışdır. Bağçada 5
qrupda 100 uşaq məktəbə hazırlıq keçir.
Heydər Əliyev Fondunun prezidenti otaqları gəzdi, burada
balacalar üçün yaradılan şəraitlə maraqlandı. Diqqətə
çatdırıldı ki, təhsilin ilkin mərhələsinə yiyələnən 3
yaşından 6 yaşınadək olan uşaqlar burada həm də musiqi
və idmanla məşğul olacaqlar. Bağça hər cür dərs
ləvazimatı ilə təchiz edilmişdir. Binada tibb, mətbəx,
kitabxana, dərs, yataq otaqları, yeməkxana vardır.
Uşaqların təlim-tərbiyəsi ilə 26 nəfər məşğul olacaqdır.
Mehriban xanım Əliyeva uşaqların qidalanması və
istirahəti ilə maraqlandı.
Heydər Əliyev Fondunun hədiyyəsi olan 2 soyuducu, 2
televizor, 2 xalça və elektron piano bağçaya təqdim
edildi.
Fondun prezidenti Mehriban xanım Əliyeva görülən
işlərdən razılığını bildirdi.
AzərTAc |