Bakının
Xətai rayonunda yerləşən 240 nömrəli körpələr evi-uşaq
bağçasından bu il 21 uşaq məzun oldu. İyunun 8-də
onların məktəbə yola salınması münasibətilə bağçada "Əlvida,
bağça, salam, məktəb" adlı ənənəvi mərasim keçirildi.
Bayram şənliyində uşaqların valideynləri ilə yanaşı
qonaqlar - Təhsil Problemləri İnstitutunun əməkdaşları
Dilarə Dostuzadə, Laləzar Cəfərova, rayondakı bir sıra
məktəbəqədər tərbiyə müəssisələrinin müdirləri iştirak
edirdilər.
Bağçanın al-əlvan bəzənmiş musiqi zalında keçirilən
tədbir məktəbəhazırlıq qrupunun uşaqlarının əllərində
bayraqlar "Yallı" sədaları altında zala daxil olması
ilə başlandı. İki yarımdairə şəklində düzülən uşaqları
və qonaqları əvvəlcə mərasimin balaca aparıcısı İranə
salamadı. Sonra o, qrup yoldaşları Aysel, Tahir və
Anarla birlikdə "Azərbaycan" şeirini söyləyib, "Əlvida,
bağça", "Məktəbə gedəcəyəm" mahnılarını oxudular. Təbrik
üçün söz bağçanın müdiri Sədaqət Rəhimovaya və
tərbiyəçilərə verildi. Onlar balaca fidanlara və
onların valideynlərinə xoş arzularını bildirdilər.
Meydan yenidən uşaqlara verildi. Ayxan və Bəyaz "Müəllim"
şeirini söyləyib eyni adlı mahnını ifa etdilər. Fidan "Kukla"
mahnısını oxuduqdan sonra qızlar "Kuklalar" rəqsini
oynadılar. Beləcə bayram şənliyi maraqlı nömrələrlə
davam etdi. Altıyaşlılar həmin nömrələri, habelə "Rəqəmlər",
"Meyvələr", "Yol nişanları", "Əsgərlər" və başqa
səhnəcikləri məharətlə təqdim edərək məktəb təliminə
yaxşı hazırlaşdıqlarını nümayiş etdirdilər.
Qonaqlardan TPİ-nin əməkdaşları Dilarə Dostuzadə,
Laləzar Cəfərova, 248 nömrəli bağçanın müdiri Tamella
Useynova, 55 nömrəli bağçanin müdiri Zərifə Bəşirova,
metodist Tahirə Quliyeva və b. çıxış edərək məzunlara
təbriklərini çatdırdılar, uşaqların çıxışlarını yüksək
qiymətləndirdilər, onların məktəbə yaxşı
hazırlandıqlarını qeyd etdilər.
Tədbirin sonunda bayram şənliyində daha yaxşı çıxış edən
uşaqlardan Ləman, İranə və Fidan bağçanın müdiri
S.Rəhimova tərəfindən fəxri fərmanlarla
mükafatlandırıldı. Bu fidanların qayğısını çəkən və
məktəb təliminə hazırlaşdıran tərbiyəçilərdən Mehriban
Orucova, Sara Ağacanova, tərbiyəçi köməkçisi Aynura
Hacıyeva, musiqi rəhbəri Günay İsrafilovaya isə
diplomlar təqdim olundu.
Yusif ƏLİYEV |