İyunun 28-də Azərbaycan Dövlət Pedaqoji Kollecində məzun
günü keçirildi. Kollecin tərbiyə işləri üzrə direktor
müavini Şükufə Xankişiyeva məzunları təbrik edərək
onlara gələcək həyatlarında uğurlar arzuladı, harada
işləmələrindən asılı olmayaraq bitirdikləri təhsil
ocağının adını uca tutmalarını tövsiyə etdi. Bildirildi
ki, kolleci bu il 550-yə yaxın məzun bitirir.
Tədbirdə Gülnar, Səma, Günay, Aytəkin, Cəmilə, Turanə,
Minurə, Məlik bir-birindən maraqlı ifaları və rəqs
nömrələri ilə məzun yoldaşlarını təbrik etdilər,
kollecdə təhsil aldıqları müddətdə seçdikləri
ixtisaslara dərindən yiyələnmələrində böyük əmək sərf
etmiş müəllimlərinə minnətdarlıqlarını bildirdilər.
Kollecin tədris hissə müdiri Gültəkin Əliyeva, tədris
işləri üzrə direktor müavini Dilarə Hacıyeva, metodist
Fərqanə Əliyeva və başqaları məzunlara təbriklərini
çatdıraraq onlara Azərbaycan xalqına layiqli vətəndaşlar
olmağı arzu etdilər.
Tədbirin sonunda fərqlənən məzunlara kollecin rəhbərliyi
tərəfindən diplom və hədiyyələr təqdim edildi. Məzunlar
müəllimləri ilə xatirə şəkli çəkdirdilər.
Rəşad ZİYADOV |