"Azərbaycan təhsili, məktəbləri sona çatmış XX əsrdə çox
böyük nailiyyətlər əldə edib. Əsrin əvvəllərində
Azərbaycanın mütəfəkkir şəxsləri, maarifçiləri,
ziyalıları, müəllimləri xalqımızı savadsızlıqdan,
ətalətdən çıxarmaq, maarifləndirmək, təhsili inkişaf
etdirmək üçün bir çox işlər görmüşlər. Əgər Azərbaycan
Respublikasının təhsil tarixi yazılsa, - bu tarix
yazılmalıdır, - şübhəsiz ki, hər mərhələdə görülən
işlər orada əksini tapacaq və tapmalıdır".
Heydər ƏLİYEV
Bəşər
sivilizasiyasına böyuk töhfələr bəxş etmiş Azərbaycan
xalqı özünün zəngin maarifçilik ənənələri, pedaqoji
fikir tarixi ilə qürur duyur. Müsəlman Şərqini əhatə
edən böyük coğrafi-siyasi məkan üzrə ilk demokratik,
hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan
edilməsi, ilk operanın, mütərəqqi ruhlu mətbuatın,
Avropa tipli universitetin respublikamızda yaranması hər
birimizin milli iftixar yeridir.
Ötən əsrin əvvəllərindən çoxsaylı nailiyyətləri ilə
tarixdə yenilikçi statusunu sabitləşdirən Azərbaycanın
qabaqcıl mövqeyi maarifçilik hərəkatının - təhsilin
zəngin milli ənənə və müasirliyin uğurlu sintezi
əsasında inkişafı sahəsində də özünü qoruyur. Əsrlər
boyu müxtəlif təkamül və inkişaf mərhələlərindən keçərək
cilalanan bu ənənələr respublikada pedaqoji təhsilin
inkişafına layiqli töhfələr vermiş, cəmiyyətdə
sayılıb-seçilən intellekt mərkəzlərinin formalaşmasını,
adları tarixə qızıl hərflərlə yazılmış dəyərli ziyalılar
nəslinin yetişməsini təmin etmişdir.
Milli təhsil sisteminin inkişaf tarixi, müxtəlif
mərhələlər üzrə keçdiyi keşməkeşli, çətin yolun uğurları
o qədər maraqlı və çoxşaxəlidir ki, bu prosesə hər bir
müəllif baxışı yeni həqiqətlərə parlaq işıq salmaqla
yanaşı, tərəqqiyə xidmət edən təkliflərə, ideyalara,
mülahizələrə yol açır. Azərbaycanın dövlət
müstəqilliyinin bərpasından ötən 20 ildən artıq müddətdə
respublikada təhsilin inkişaf perspektivlərinə, uğur və
problemlərinə həsr olunmuş onlarla kitab və
monoqrafiyanın, elmi məqalənin qələmə alınması da bu
fundamental sahənin milli inkişafdakı müstəsna rolu ilə
şərtlənir. Hər bir elmi yanaşma milli təhsilin optimal
inkişaf istiqamətlərinin müəyyən edilməsi,
problemlərinin həlli ilə bağlı maraqlı yanaşmaları
aşkara çıxarır.
Azərbaycan Respublikasının təhsil naziri, əməkdar elm
xadimi, professor Misir Mərdanovun 2011-cı ildə "Təhsil"
nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış üçcildlik "Azərbaycan
təhsil tarixi" kitabı milli təhsil sisteminin tarixi
inkişaf yolunun sanballı salnaməsi olmaqla yanaşı, əhatə
dairəsinə, ideya məzmununa, təhsil problemlərinə
analitik və rasional yanaşma üslubuna görə diqqəti çəkən
əsərlərdəndir. İndiyə qədər pedaqoji fikir tariximizin
bir çox tanınmış simaları təhsilin ayrı-ayrı
mərhələlərini araşdırma predmetinə çevirsələr də, ilk
dəfə olaraq məhz bu çoxcildlikdə milli təhsil tarixi
əhatəli və sistemli şəkildə oxuculara təqdim olunur.
Əsər ideya dəyəri ilə indiyə qədər təhsil mövzusuna həsr
olunmuş bir sıra nəşrlərdən müsbət mənada fərqlənir,
müəllifinin zəngin təcrübəsini, iş prosesində
qarşılaşdığı suallarla bağlı gərgin tədqiqatlarını, bu
və digər problemlərə elmi yanaşmalarını nümayiş etdirir.
Elmi-praktik əhəmiyyəti, faktoloji zənginliyi, mövcud
problemlərə, çatışmazlıqlara obyektiv münasibəti,
təhsilin inkişafının milli modelinin əsaslandırılması
kimi mütərəqqi cəhətləri ilə maraq doğuran fundamental
tədqiqat əsərində milli maarifçilik hərəkatının
keçmişinə, bügününə və gələcəyinə konseptual əsasda
nəzər salınmışdır. Müəllifin təhsil sisteminin
uğurlarına, problemlərinə obyektiv yanaşması, onları
açıq demək, optimal həlli yollarını göstərmək mövqeyi
tutması ilk baxışdan diqqəti çəkir. Müxtəlif elmi
məqalələrində, çıxışlarında, bir sıra kitablarında
toxunduğu məsələlərin konseptual ümumiləşdirməsini
aparan müəllif təhsillə bağlı çoxlu sayda yeni ideya və
mülahizələri sistem halında, ardıcıllıqla araşdırma
obyektinə çevirmiş, əhəmiyyətli təhlillərə, müqayisələrə
yer ayırmışdır.
Çoxcildlik vasitəsilə oxucu fasiləsiz təhsilin bütün
mərhələlərini pillə-pillə izləmək, bu mərhələlər
arasındakı üzvi bağlılığı, qarşılıqlı əlaqəni öyrənmək,
müqayisə əsasında real nəticələr çıxarmaq imkanı əldə
edir. Görkəmli maarif fədailərinin, mütəfəkkirlərin,
pedaqoqların həyatı, onların xalqın maariflənməsi
yolunda, qeyri-bərabər mübarizədə göstərdikləri dözüm və
cəsarət haqqında qısa oçerklər xüsusilə maraq doğurur.
Bu baxımdan çoxcildliyi həm də təhsil tariximizin
publisistik dillə qələmə alınmış ensiklopediyası
adlandırmaq mümkündür. Müəllifin kitabda əksini tapmış
təhsil islahatlarının fəal iştirakçısı olması əsərin
həyatiliyini, gerçəkliyini müəyyən edən mühüm
göstəricidir. Əsərin yazılmasında memuar janr
çalarlarından da istifadə olunmuşdur.
Çoxcildlikdə verilən yeni materiallar, arxiv sənədləri,
şəkillər, qədim məktəblərin tarixi ilə bağlı məlumatlar,
Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin
məzunlarının və bolşevik diktaturasının qurulması
ərəfəsində yaşayıb-yaratmış 400-dən çox Azərbaycan
ziyalısının adı toplanmış siyahı milli təhsil
tariximizin təhrif edilmiş səhifələrinin bərpası
baxımından əhəmiyyətli sayıla bilər.
"Azərbaycan təhsil tarixi" əsərinin I cildi ən qədim
dövrlərdən Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna -
1920-ci ilin aprel işğalına qədər olan tarixi əhatə edir.
Bu böyük zaman kəsiyində təhsilin keçdiyi yolun bütün
mərhələləri - qədim məktəblərin, dini və dünyəvi təhsil
ocaqlarının yaranması, ilk dərslik nümunələrinin meydana
gəlməsi, ümumilikdə Azərbaycan xalqının milli mədəniyyət
tarixində təhsilin yeri ardıcıllıqla, dolğun, əhatəli
şəkildə göstərilmişdir. Müəllif I cildin ön sözündə
haqlı olaraq qeyd edir ki, milli təhsil quruculuğunda
tarixilik, varislik və müasirlik prinsipinə əsaslanmaqla,
yəni ötən əsrlərdə xalqımızın təhsil sahəsində malik
olduğu zəngin irsi, maarifçi ziyalıların və görkəmli
şəxsiyyətlərin mütərəqqi ideya və fikirlərini öyrənməklə,
onlardan müasir dövrün tələblərinə uyğun bəhrələnməklə
böyük nailiyyətlər əldə etmək mümkündür.
Tədqiqat əsərinin hazırlanmasında tədqiqatçı alimlərin "Şərqdə
təhsillə bağlı humanist, demokratik fikirlər Qərbdən
xeyli əvvəl formalaşmış və inkişaf etmişdir" - fikri
metodoloji əsas kimi götürülmüşdür. Kitabın "Qədim və
orta əsrlərdə Azərbaycanda təhsil" adlanan I
fəslində ilkin nişanələri Gəmiqaya, Oğlanqala, Kültəpə
və Qobustandakı daş kitabələr üzərində günümüzədək gəlib
çatan yazı və oxu mədəniyyətimizin keçdiyi tarixi yola
nəzər salınır. Həmçinin qeyd olunur ki, böyük tarixə və
zəngin mədəniyyətə malik olan, coğrafi cəhətdən
türk-islam dünyasının mərkəzində yerləşən Azərbaycanın
sakinləri hələ qədim zamanlardan yazı və oxu
mədəniyyətinə sahib olmuşlar. Bu fəsildə oxuyuruq:
"Miladdan əvvəl birinci minilliyin başlanğıcında
Azərbaycan ərazisində yaşayan qədim tayfalardan olan
Mannada elmin və təhsilin inkişafı üçün ən vacib şərt
olan yazı mədəniyyəti mövcud idi. Tibb, astronomiya və
həndəsəyə aid biliklər xüsusi gil lövhəciklərdə mixi
yazı ilə (xüsusi heroqliflərlə) həkk olunurdu... Roma və
yunan mənbələri Midiyada yazılı ədəbiyyatın və kitab
mədəniyyətinin olmasından xəbər verir. E.ə. VI-V
əsrlərdə yunan alimləri Midiya maqlarının təlimindən
bəhrələnmişlər". Bu yurdun ziyalıları dövrün,
ictimai həyatın xüsusiyyətlərinə uyğun təhsil ocaqları
yaratmış, soydaşlarını inkişafa, tərəqqiyə, yüksək
əxlaqa səsləmişlər. Əsərdə "Avesta"dan bəhs olunur, run,
göytürk, ərəb əlifbalarının, IV əsrdə Qafqaz
albanlarının 52 hərfdən ibarət əlifbasının yaranma
tarixindən söz açılır.
Müəllif Azərbaycanda ilk savad verən məktəblərin
mövcudluğunu, VI-XIV əsrlərdə bu məktəblərin bütün
dünyada məşhurlaşdığını, XVI-XVIII əsrlərdə Azərbaycan
təhsilində milliləşmə meyillərinin inkişaf etdiyini
yazır. İlk cildin "XIX əsrdə Azərbaycanda təhsil"
adlanan fəslində isə XIX əsrdə ölkədə Avropa tipli
təhsil sisteminin formalaşdığı vurğulanır. Müəllifin
fikrincə, XIX əsrin əvvəllərindən Azərbaycanda xalq
maarifi və məktəb işi sahəsində yeni mərhələnin
başlanması ölkə gənclərinin həyatında əhəmiyyətli
dəyişikliklərə səbəb olmuş, çarizmin subyektiv
məqsədlərindən asılı olmayaraq, xalq maarifi və məktəb
sahəsində bir sıra pozitiv nəticələrə gətirib
çıxarmışdır. II fəsildə həmçinin qeyd olunur ki, bu
tarixi mərhələdə Çar Rusiyasındakı maarifçilik
hərəkatının Azərbaycana təsiri də qabarıq duyulmuş, yeni
məktəblərin, qəzaların, mədrəsələrin açılması
istiqamətində ilk addımlar atılmışdır. Milli məktəb,
milli dərslik, milli tərbiyə problemlərini həll etməyə
qadir görkəmli ziyalıların yetişdiyini yazan professor
Misir Mərdanov bu sırada Abbasqulu ağa Bakıxanov, Mirzə
Fətəli Axundzadə, Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh,
Həsən bəy Zərdabi və digər şəxsiyyətlərin xidmətlərini
ön plana çəkir. Eləcə də həmin dövrdə yetişən milli
burjuaziya nümayəndələrinin, mesenatların, xüsusilə də
Hacı Zeynalabdin Tağıyevin, Şəmsi Əsədullayevin, Murtuza
Muxtarovun, Musa Nağıyevin, İsmayıl bəy Hacınskinin
millətin maariflənməsi, savadlanması, mədəni və
intellektual səviyyəsinin yüksəlməsi yolunda atdıqları
əzmkar addımlardan, xeyriyyəçilik tədbirlərindən geniş
söhbət açılır.
Birinci cildin "XX əsrin əvvəllərində Azəbaycanda
təhsil" adlanan III fəslində XIX əsrin sonu XX əsrin
əvvəllərində ölkədə rus dilində orta və ali təhsil
görmüş azərbaycanlı gənclərdən ibarət ziyalı təbəqəsinin
formalaşması faktına xüsusi toxunulur. Bu fəsildə
həmçinin Azərbaycanın onlarla görkəmli ziyalısının
Avropanın, Türkiyənin, Rusiyanın ali təhsil
müəssisələrində yüksək təhsil alması, yeni məktəblərin
açılması, Azərbaycan müəllimlərinin ilk qurultayının
keçirilməsi, qadınlar üçün dünyəvi məktəblərin açılması,
ruhani mədrəsələri əleyhinə çağırışların güclənməsi və
sair məsələlər barədə maraqlı faktlar yer almışdır.
Əsərin son fəsli Azərbaycan Xalq Cümhuriyyətinin təhsil
sahəsindəki milli siyasətinin şərhinə həsr olunmuşdur.
Müəllif konkret faktlar əsasında göstərir ki, müsəlman
Şərqinin ilk demokratik, dünyəvi dövləti xalq maarifinin,
elm və mədəniyyətin inkişafını milli dövlət siyasətinin
təməl prinsiplərindən biri kimi ön plana çəkmiş, ilk
aylardan təhsil sahəsində köklü islahatlara başlamışdır.
Kitabda həmin dövrdə maarif işinin yüksək səviyyədə
təşkili, tədris və teatr müəssisələrinin
milliləşdirilməsi, yeni tədris müəssisələrinin açılması,
orada dərs deyən müəllimlərin maddi vəziyyətinin
yaxşılaşdırılması məsələlərinə də diqqət çəkilir. Xalq
Maarifi Nazirliyinin yaradılması və fəaliyyəti, yeni
məktəblərin, pedaqoji kursların açılması, müxtəlif
dərsliklərin nəşri, azərbaycanlı gənclərin xaricə ali
təhsil almağa göndərilməsi, xüsusilə də Bakı Dövlət
Universitetinin açılması haqlı olaraq Cümhuriyyət
hökumətinin bu sahədəki uğurlu fəaliyyəti kimi təqdim
olunur.
"Azərbaycan təhsil tarixi" əsərinin II cildində ölkənin
təhsil tarixinin 1920-1991-ci illəri əhatə edən dövrü
tədqiq olunmuş, sovet hakimiyyəti illərində təhsil
quruculuğunun spesifik cəhətləri, uğur və
çatışmazlıqları elmi-politoloji rakursda təhlil
edilmişdir. Müəllif sovet təhsil sisteminə münasibətdə
müəyyən inkarçı və nihilist yanaşmanı düzgün saymayaraq
bu qənaətini oxucu ilə bölüşür ki, keçmiş rejimin
ideoloji buxovlarına, repressiyalarına, milli ruha qarşı
total hücumlarına baxmayaraq, həmin dövrdə Azərbaycanın
təhsil sistemi inkişaf etmiş, savadsızlıq aradan
qaldırılmış, görkəmli ziyalılar nəsli formalaşmışdır.
"Əks halda, 90-cı illərdə imperiya hakimiyyətinin
təzyiqi bir az zəifləyən kimi zamanın diktə etdiyi
təhsil siyasəti əsasında tərbiyə almış millətimizin
indiki nəsli milli ruhla azadlıq mübarizəsinə qalxardımı?
Əsla yox!", - deyə müəllif II cildin ön sözündə
yazır.
Əsər Azərbaycanda 70 illik sovet təhsilinin obyektiv
salnaməsini əks etdirməklə, ayrı-ayrı mərhələlərdə
həyata keçirilən islahatlara obyektiv işıq salır.
Kitabın II cildi "Azərbaycanda ümumi orta təhsilin
inkişafı", "Azərbaycanda internat tipli təhsil
müəssisələrinin, xüsusi məktəblərin təşəkkülü və
inkişafı", "Azərbaycanda texniki peşə təhsilinin
inkişafı", "Azərbaycanda orta ixtisas təhsilinin
inkişafı", "Azərbaycanda ali təhsilin inkişafı" və "Azərbaycanda
pedaqoji mətbuatın, elmi-pedaqoji kitabxananın, xalq
maarifi muzeyinin təşəkkülü və inkişafı" adlı 6 fəsildən
ibarətdir. Müvafiq fəsillərdə təhsilin ayrı-ayrı
pillələrinin inkişaf tarixi, bu tarixi yaradan insanlar,
həmin dövrün təhsillə bağlı mühüm dövlət sənədləri,
pedaqoji mətbuat, elmi-pedaqoji kitabxana və Xalq
Maarifi Muzeyi barədə dolğun məlumatlar əksini tapmışdır.
Professor Misir Mərdanov gərgin araşdırmalarının
obyektiv yekunu olaraq Azərbaycanda sovet hakimiyyətinin
qurulması ilə təhsil sistemində yeni bir mərhələnin
başlandığını, məhz bu dövrdə kütləvi savadsızlığın
aradan qaldırıldığını, orta, texniki, orta ixtisas, ali
təhsil məktəblərinin geniş şəbəkəsinin, kəndli gənclər
məktəbinin formalaşdığını, klassik müsəlman təhsil
müəssisələrinin - mədrəsələrin ləğv olunduğunu diqqətə
çatdırır. Kitabda əlifba islahatlarının əhəmiyyətinə
toxunulmaqla yanaşı, Stalin ideyalarının ötən əsrin
30-cu illərində təhsildə demokratik ənənələrin
inkişafına ciddi zərbə vurduğu, saxta beynəlmiləlçiliyin
aparıcı amilə çevrildiyi, təhsilin məzmununun tamamilə
ideoloji prinsiplərə tabe etdirildiyi, kütləvi
repressiyalar nəticəsində 80 minədək Azərbaycan
ziyalısının məhv olunduğu təəssüflə qeyd olunur. Əsərdə
50-ci illərin sonu və 60-cı illər haqlı olaraq keçmiş
SSRİ-nin həyatında "mülayimləşmə mərhələsi" kimi
dəyərləndirilir, şəxsiyyətə pərəstişin tənqidinə,
sosialist cəmiyyətinin potensial imkanlarına inamın
stimullaşdırılmasına, pedaqoji işə yaradıcı proses kimi
yanaşılmasına, məktəbin inkişafına, tədris prosesinin
məzmun və formasının dəyişdirilməsinə xidmət edən
sərəncamların, qərarların əhəmiyyətindən bəhs olunur.
Əsərdə ötən əsrin 60-cı illərinin sonunda ümummilli
lider Heydər Əliyevin Azərbaycana rəhbər gəlməsindən
sonra milli təhsil sisteminin inkişafının keyfiyyətcə
yeni mərhələyə qədəm qoyduğu xüsusi vurğulanır. Kitabın
ilk fəslində həmin dövrdə ulu öndərin təhsilin, elmin
inkişafı sahəsində həyata keçirdiyi islahatlar, habelə
bu sahənin inkişaf istiqamətləri dolğun şəkildə, konkret
faktlar əsasında təhlil olunmuşdur. Müəllif yazır ki,
Heydər Əliyevin rəhbərliyi dövründə respublikada geniş
məktəb quruculuğu işləri aparılmış, 1970-1980-ci illərdə
683,1 min şagird yerlik 1191 ümumtəhsil məktəb binası
tikilib istifadəyə verilmişdir. Eyni zamanda ulu öndərin
rəhbərliyi altında uşaq, yeniyetmə və gənclərin maraq və
bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq
qabiliyyətlərinin inkişafı, yeni orta ixtisas və ali
məktəblərin açılması istiqamətində həyata keçirilən
tədbirlərdən geniş bəhs olunmuşdur.
Kitabın V fəslində 1969-1982-ci illərdə ulu öndər Heydər
Əliyevin ali təhsilin sağlamlaşdırılması, keyfiyyətinin
yüksəldilməsi, azərbaycanlı kadrların keçmiş ittifaqın
nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi
məsələlərinə geniş toxunulmuşdur. Bu fəsildə yer almış
belə bir fakt da maraq doğurur ki, ötən əsrin 70-80-ci
illərində SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən
çox nüfuzlu ali məktəblərində respublikamız üçün zəruri
ehtiyac duyulan 250-dən çox ixtisas üzrə minlərlə
azərbaycanlı gənc təhsil almış, yüksəkixtisaslı kadr
kimi formalaşmışdır. Bu fəsildə, həmçinin 1970-1975-ci
illərdə Azərbaycanda 4 yeni ali məktəbin fəaliyyətə
başladığı qeyd olunur, sovet dövründə respublikada
pedaqoji kadrların ixtisaslarının artırılması və yenidən
hazırlanmasını həyata keçirən təhsil müəssisələrinin
inkişaf mərhələləri, pedaqogika, psixologiya və
ayrı-ayrı fənlərin tədrisi metodikası sahəsində aparılan
tədqiqatlar əksini tapır.
"Azərbaycan təhsil tarixi" kitabının III cildində
müstəqillik illərində milli təhsil sisteminin
inkişafından bəhs olunur. 7 fəsildən ibarət bu cilddə
Azərbaycan təhsilinin inkişafı tarixi şərti olaraq 3
mərhələyə bölünmüşdür. Müəllifin qənaətincə,
1991-1993-cü illəri əhatə edən birinci mərhələdə sovet
təhsil sistemi ciddi tənəzzülə uğramış, yeni sistemin
formalaşması bir sıra ciddi problemlərlə, çətinliklərlə
müşayiət olunmuşdur. Bu dövrdə təhsil müəssisələrinin
maddi-texniki bazası dağıdılmış, şagirdlərə dərsliklərin
pulsuz verilməsi dayandırılmış, uşaqların icbari təhsilə
cəlb olunması səviyyəsi aşağı düşmüşdü. Eyni zamanda
müəllif ən qabiliyyətli, bilikli, savadlı təhsil
işçilərinin, xüsusilə ali təhsil məktəblərinin
professorlarının dolanışıq dalınca Türkiyəyə, İrana,
Rusiyaya, Avropa ölkələrinə üz tutmasını, xarici
ölkələrlə təhsil sahəsində əlaqələrin kəsilməsini həmin
dövrün ciddi problemləri kimi xatırladır. Bununla belə,
kitabda müstəqillik illərində təhsil sisteminin milli
ənənələr və ümumbəşəri dəyərlər əsasında yenidən
qurulması üçün tarixi şərait və imkanın yarandığı qeyd
olunur.
Müəllif hesab edir ki, müstəqillik illərində Azərbaycan
təhsilinin inkişafında II mühüm mərhələ 1993-2003-cü
illəri əhatə edir. Qeyd olunur ki, bu mərhələdə
sabitləşmə meyillərinin təhsilin inkişafına nüfuz
etməsi, milli təhsil quruculuğu sahəsində ilk addımların
atılması, dövlətin təhsilə diqqətinin artması, mütərəqqi
və inkişafyönümlü qərarların qəbulu, təhsil keyfiyyətinə
nəzarətin güclənməsi, beynəlxalq əlaqələrin
intensivləşməsi, təhsilə investisiya qoyuluşuna
başlanması dövrü kimi yadda qalmışdır. Kitabda ulu öndər
Heydər Əliyevin milli təhsilin inkişafı naminə həyata
keçirdiyi islahatlar geniş təhlilə cəlb olunmuş, 1998-ci
il martın 30-da imzalanmış "Azərbaycan Respublikasında
təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası
haqqında" sərəncamın əhəmiyyətindən bəhs olunmuşdur.
Eyni zamanda 1999-cu ildə "Azərbaycan Respublikasının
təhsil sahəsində İslahat Proqramı"nın qəbulundan sonra
təhsil sistemində mütərəqqi islahatların aparıldığı, bu
sahənin maddi-texniki bazasının müasirləşdirilməsi
istiqamətində mühüm addımların atıldığı xüsusi
vurğulanmışdır. İslahat proqramının əsas məqsədi -
məktəbəqədər, orta, ali və ali təhsildən sonrakı peşə və
ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı
saxlamaq, inkişaf etdirmək, təhsil sistemini tənzimləyən
müvafiq normativ-hüquqi baza yaratmaq, Konstitusiyada,
"Təhsil haqqında" Qanunda təsbit olunmuş, cəmiyyətin
tələblərinə, onun siyasi, iqtisadi və sosial həyatının
demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata
keçirməkdən ibarət olmuşdur.
Müəllifin təhlillərindən belə bir qənaətə gəlmək
mümkündür ki, məhz bu fundamental əhəmiyyətli proqram
təhsil sahəsinin sosial-iqtisadi sabitliyinin təmini
üzrə tədbirlərin həyata keçirilməsinə, genişmiqyaslı
islahatların aparılması məqsədilə təşkilati,
normativ-hüquqi, kadr, maliyyə, maddi-texniki, elmi və
tədris-metodiki təminatın yaradılmasına imkan vermişdir.
1993-2003-cü illərdə təhsildə elm və elmi pedaqoji kadr
hazırlığı, diplomdansonrakı təhsil, təhsil sahəsində
beynəlxalq əlaqələr, ümumilikdə, təhsil islahatlarının
ümumi istiqamətləri və məqsədləri ilə bağlı yer almış
fikirlər kitabın əhəmiyyətini daha da artırır.
Kitabda 2003-cü ildən sonrakı dövr müstəqillik illərində
Azərbaycan təhsilinin inkişafında III mərhələ kimi
təsnif olunur və köklü islahatlar dönəmi kimi
dəyərləndirilir. Ayrı-ayrı fəsillərdə Prezident İlham
Əliyevin 2003-cü ildən ölkədə təhsil sahəsində həyata
keçirdiyi islahatlar geniş təhlil edilir, ölkədə
təhsilin təşəkkülü, məktəbəqədər, ümumi, ilk
peşə-ixtisas və orta ixtisas təhsili pillələri üzrə
inkişaf amilləri əksini tapır. Müəllif yazır ki, məhz bu
dövrdə təhsil tarixində ilk dəfə olaraq 16
inkişafyönümlü dövlət proqramı təsdiq olunmuşdur və
uğurla həyata keçirilməkdədir. Həmin proqramların
reallaşdırılması nəticəsində təhsil infrastrukturunun
müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun
yeniləşdirilməsi, yeni dərslik siyasətinin həyata
keçirilməsi, təhsilalanların nailiyyətlərinin
qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin
tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı
və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin
informasiya-kommunikasiya texnologiyaları ilə təmin
edilməsi, təhsil sisteminin informasiyalaşdırılması,
məktəbəqədər, ilk peşə-ixtisas, orta ixtisas, ali təhsil,
xaricdə təhsil, istedadlı uşaqların inkişafı və digər
sahələrdə əhəmiyyətli nəticələr əldə olunmuşdur. "Ölkəmizin
iqtisadi qüdrətinin artması təhsilə yönəldilən
investisiyaların həcmini əhəmiyyətli şəkildə artırmış,
dövlət büdcəsindən təhsilə ayrılan xərclər 2003-cü
ildəki 243 milyon manatdan 2011-ci ildə 1,5 milyard
manata yüksəlmişdir. İnvestisiya xərcləri də 2004-cü
ildəki 5 milyon manatdan 2011-ci ildə 273 milyon manata
çatmışdır. Düşünürəm ki, bu mərhələni Azərbaycan
təhsilinin intibah dövrü adlandırsaq, heç də yanılmarıq",
- deyə müəllif vurğulayır.
III cildin ayrı-ayrı fəsillərində həmçinin prioritetlər
sırasında insan inkişafında təhsilin rolu, təhsilalanlar
üçün bərabər imkanların yaradılması,
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi,
idarəetmənin təkmilləşdirilməsi, bütün təhsil pillələri
üzrə yeni kurikulum və kadr hazırlıqları, ixtisasartırma
sistemində yeni modellərin tətbiqi, Avropa təhsil
məkanına inteqrasiya istiqamətində ali təhsil
sistemindəki islahatlar, şagird nailiyyətlərinin
qiymətləndirilməsi məsələlərinə geniş toxunulmuşdur.
Bütün bunlarla yanaşı, təhsil sahəsində beynəlxalq
əməkdaşlığın inkişafı və təhsilin keyfiyyətinin
yüksəldilməsini təmin edən digər əhəmiyyətli məqamlar
şərh edilmiş, gələcək fəaliyyət istiqamətləri aydın
şəkildə göstərilmişdir.
Professor Misir Mərdanov gərgin əmək hesabına ərsəyə
gətirdiyi bu tədqiqat əsərində tarixiliklə müasirliyin,
habelə şəxsi təcrübə ilə çağdaş maarifçi prosesin üzvi
sintezinin təqdimatı formasında Azərbaycan təhsilinin
mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri
barədə dolğun təəssürat yarada bilmişdir. Oxuculara
çatdırılan çoxsaylı fakt və fotoşəkillər milli təhsilin
bütün istiqamətləri üzrə respublikadakı mövcud inkişafı
əyani surətdə canlandırmağa imkan yaradır. Milli
təhsilimizin tarixi və müasir inkişaf yolunu dolğun
şəkildə əks etdirən "Azərbaycan təhsil tarixi"
çoxcildliyi təkcə təhsil ictimaiyyətinin nümayəndələri
üçün deyil, elm və təhsil sahəsində tədqiqat aparan
mütəxəssislər, alimlər, məktəb, pedaqoji fikir və
maarifçilik hərəkatı ilə əlaqədar problemləri öyrənənlər,
ümumilikdə, geniş oxucu auditoriyası üçün zəngin
ensiklopedik mənbədir.
İradə ƏLİYEVA,
əməkdar jurnalist |