Azərbaycan
Müəllimlər İnstitutu ölkəmizin pedaqoji kadr
potensialının gücləndirilməsi, onun elmi-metodiki
səviyyəsinin artırılması, müəllimlərin peşəkarlıq
səviyyəsinin yüksəldilməsi və yeni pedaqoji
texnologiyaların tətbiqində xüsusi rol oynayan qocaman
təhsil müəssisəsidir. Azərbaycan Xalq Maarif
Komissarlığının 13 iyul 1929-cu il tarixli qərarı
əsasında həmin ilin oktyabr ayının 1-də Azərbaycan
Pedaqoji Kadrların İxtisasının Artırılması İnstitutu
yaradılmışdır. Həmin dövrdən indiyə kimi institut
müxtəlif adlar altında fəaliyyət göstərmişdir.
- Azərbaycan Pedaqoji Kadrların İxtisasartırma İnstitutu
(1929-1930-cu illər);
- Müəllimləri Təkmilləşdirmə İnstitutu (1939-1942-ci
illər);
- Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutu
(1942-1972-ci illər);
- Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutu
(1972-1989-cu illər);
- Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının
Artırılması və Yenidənhazırlanması İnstitutu
(1989-2000-ci illər);
- Azərbaycan Müəllimlər İnstitutu (2000-ci ildən bəri).
1999-cu
ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə
ictimai-siyasi həyatımızın bütün sahələrində olduğu kimi,
elm və təhsil sahəsində də islahatların aparılmasına,
onun hərtərəfli inkişafına təkan verildi və Dövlət
İslahat Proqramı qəbul edildi. Əlavə təhsil sahəsində
ciddi problemlərin mövcudluğu, buradakı pərakəndəlik,
qabaqcıl dünya dövlətlərinin təhsil sahəsindəki
yeniliklərindən və standartlarından kənarda qalmaq yeni
tipli ali təhsil ocağının yaradılması zərurətini
doğurmuş oldu. Belə bir təhsil müəssisəsi - Azərbaycan
Müəllimlər İnstitutu və onun ayrı-ayrı regionlarda
filialları ulu öndər Heydər Əliyevin "Azərbaycan
Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi
haqqında" 349 nömrəli 13 iyun 2000-ci il tarixli fərmanı
ilə yarandı. Bu təhsil müəssisəsi analoqu olmayan təhsil
müəssisəsidir. Ölkəmizin zorla müharibəyə cəlb edildiyi
bir vaxtda ucqar kənd və qəsəbələrimizdə pedaqoji kadr
çatışmazlığını nəzərə alaraq on bir bölgədə: Quba, Gəncə,
Sumqayıt, Şəki, Ağcabədi, Qazax, Şamaxı, Mingəçəvir,
Salyan, Cəlilabad, Zaqatala şəhərlərində AMİ-nin
filialları açıldı.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyük
uzaqgörənliklə imzaladığı, bu gün uğurla həyata
keçirilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı
proqram yerlərdə ali təhsil ocaqlarının yaradılmasının
millətin inkişafı üçün nə qədər mühüm tarixi hadisə
olduğunu bir daha təsdiq etdi. 2000-ci ildən indiyə
qədər təhsilimizin inkişafı ilə əlaqədar 17 Dövlət
Proqramı qəbul edilərək həyata keçirilməkdədir.
Azərbaycan
Müəllimlər İnstitutunun fəaliyyət göstərdiyi uzun illər
ərzində 2005-ci ildən sonrakı dövr tərəqqi, inkişaf,
müasirlik və inteqrasiya dövrüdür. Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə 2005-ci ildə
instituta rektor təyin edilən professor Aqiyə Naxçıvanlı
qısa müddət ərzində institutun fəaliyyətində, forma və
məzmun istiqamətində məqsədyönlü işlər apardı və
bugünkü nailiyyətlərin qazanılmasına zəmin yaratdı.
Azərbaycan Müəllimlər İnstitutunun əsas fəaliyyət
sahələrindən biri əlavə təhsil sahəsidir. Əlavə təhsil
respublikamızın təhsil sisteminin bütün sahələrini:
məktəbəqədər, ümumi orta, tam orta, peşə təhsili, orta
ixtisas və ali təhsil, habelə məktəbdənkənar təhsil
sahələrini əhatə edir. Əlavə təhsil pedaqoji fəaliyyətlə
məşğul olan hər kəsi əhatə etdiyi üçün hamının maraq
dairəsinə daxildir. Bu gün Azərbaycan Respublikasının
Prezidentinin imzaladığı sərəncamlar, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar,
Təhsil Nazirliyinin kollegiya qərarları əlavə təhsilin
aktuallığından xəbər verir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr
2010-cu il tarixli, 163 nömrəli qərarında əlavə təhsilin
məzmunu, təşkili və onun hər hansı bir istiqamətində
təhsil almış şəxslərə sənədlərin verilməsi qaydaları
müəyyənləşdirilmişdir. Məhz bütün yuxarıda qeyd olunan
məsələlər çərçivəsində Azərbaycan Müəllimlər İnstitutu
əlavə təhsilin inkişafı, onun müasirləşdirilməsi və
pedaqoji kadrların tələbatlarına reallıqla yanaşır.
Əlavə
təhsilin əsas istiqamətlərindən biri ixtisasartırma
təhsilidir. İnstitutda ixtisasartırma təhsili ilə bağlı
2005-ci ildən sonra maddi-texniki baza
möhkəmləndirilmiş, güclü tədris-metodik baza
yaradılmışdır. İnstitutun struktur bölmələrindən
ixtisasartırma və yenidənhazırlanma fakültəsi, əlavə
təhsilə xidmət edən kabinet, təhsildə innovasiyalar
kabineti əlavə təhsilə xidmət edir. Hazırda 5 "dəyirmi
masa" auditoriyası, müasir standartlara cavab verən və
vizual qurğularla təchiz edilən iki 100 nəfərlik akt
zalı, 5 elektron löhvə, 14 auditoriya və 60 ədəd
kompüter qurğusu sırf əlavə təhsilə xidmət edir. Açıq
etiraf etməliyik ki, 2005-ci ildən qabaq yuxarıda qeyd
olunan maddi-texniki bazadan söhbət açmaq mümkün deyildi.
İxtisasartırma təhsilinin başlanğıcı yerli təhsil
orqanları ilə bağlanmış müqavilələrdən başlanır. Hər
tədris ilinin sonunda yerli təhsil orqanları, təhsil
müəssisələri ilə müqavilələr bağlanır. Müqavilələrdə
könüllü olaraq "sifarişçi" və "icraçı"ların öhdəlikləri
müəyyən edilir. Bağlanmış müqavilələr əsasında illik
qrafiklər hazırlanır və açılacaq qruplar
müəyyənləşdirilir. Təəssüflə qeyd etməliyik ki, hələ də
ixtisasartırma təhsilinə bəzi yerli təhsil orqanları
laqeyd münasibətdədirlər. Belə ki, ali məktəblərdən,
orta ixtisas, peşə təhsili müəssisələrindən və ümumi
təhsil məktəblərindən ixtisasartırma təhsilinə cəlb
olunan müəllimlərin xeyli hissəsi təhsildə baş verən
pedaqoji, psixoloji və metodiki yenilikləri öyrənməyə
laqeyd yanaşır. Bəzən də 10-15 il bundan qabaqkı
primitiv yanaşmalar mövcudluğu hiss olunur. Fəaliyyət
sahəsinin genişliyi, tətbiq edilən əlavə təhsilin forma
və məzmun rəngarəngliyi nə qədər maraqlı olsa da bu
təhsilin özünəməxsuz problemləri vardır. Hələ də
müqavilə öhdəlikləri yerli təhsil orqanları tərəfindən
yerinə yetirilmir, ixtisasartırma təhsilinə göndərilən
pedaqoji işçilərin ezamiyyə haqqı gecikdirilir. Təhsilə
cəlb olunan müəllimlərin yerlərdə hesabatları
dinlənilmir. İxtisasartırma təhsilinin yaxşılaşdırılması
və müasirləşdirilməsi ilə bağlı yerlərdən təkliflər
demək olar ki, yoxdur.
Bütün
bunları nəzərə alaraq institut rəhbərliyi yeni dərs
ilində ixtisasartırma təhsilinin yeni modelini tətbiq
etməyə hazırlaşır. Yaxın gələcəkdə ixtisasartırma
təhsilinin kredit-modul sistemi ilə aparılması
müəllimlərin məsuliyyətini artırmağa stimul verəcəkdir.
Hazırda peşə fəaliyyətinin əsasları və ixtisas sahələri
üzrə mərhələli təlimlər üçün çoxlu sayda proqramlar
hazırlanır. Hazırlanmış proqramlar Təhsil Nazirliyində
akkreditasiya olunacaq.
Bütün bunları koordinasiya etmək, ayrı-ayrı iştirakçı
strukturların iş şəraitini, imkanlarını nəzərə almaq, "sifarişçi"
- "icraçı" münasibətlərinin müntəzəm və səmərəli
olmasını təmin etmək bu sahədə çalışan hər bir
əməkdaşdan gərgin iş, yüksək peşəkarlıq, elmi-metodiki
potensial və çeviklik tələb edir.
İnstitut rəhbərliyinin diqqət və qayğısı nəticəsində
2011-2012-ci dərs ilində 3215, filiallarda isə 4114
nəfər dinləyici ixtisasartırma təhsilinin 3 aylıq, 2
aylıq, 24 günlük, 12 günlük, 6 günlük təlimlərində
iştirak etmiş və onlara sertifikatlar verilmişdir. Eyni
zamanda, institutun professor-müəllim heyətinin, aparıcı
metodik korpusun yerli təhsil orqanlarının sifarişlərinə
əsasən ezamiyyələri zamanı yüzlərlə pedaqoji işçi ilə
seminarlar, treninqlər və görüşlər təşkil edilmişdir.
Əvvəlki illərdən fərqli olaraq, ixtisasartırma təhsilinə
cəlb olunan müəllimlərin tələb və ehtiyaclarını ödəmək
məqsədilə qruplarda anonim anket sorğuları keçirilir.
Müəllimlərin hansı mövzuları öyrənmək istədikləri nəzərə
alınaraq tədris-tematik planda çevik dəyişikliklər
aparılır.
İxtisasartırma təhsilində məşğələlərin daha maraqlı
təşkilini və təlimlərin müasirliyini təmin etmək
məqsədilə dövlət xadimləri, tanınmış alimlər və dərslik
müəllifləri təlimlərə dəvət olunur. Milli Məclis üzvləri,
Təhsil Nazirliyinin məsul işçiləri, AMEA-nın, Azərbaycan
Respublikası Təhsil Problemləri İnstitutunun alimləri,
Bakı və Sumqayıt şəhərlərinin tanınmış məktəb
rəhbərləri və "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi
olmuş müəllimlər maraqlı təlimlər keçirlər. 2011-2012-ci
dərs ilində Milli Məclisin deputatları Hadı Rəcəbli,
Musa Qasımlı, Rasim Musabəyov, Təhsil Nazirliyinin
Aparat rəhbəri İlham Pirməmmədov, nazir müavini Qulu
Novruzov, şöbə müdirləri Şahrza Əliyev, Faiq Şahbazlı,
Aydın Əhmədov, Xalq Təhsili Muzeyinin direktor müavini,
məktəbşünas Arif Muradov, Təhsil Problemləri
İnstitutunun direktoru, professor Abdulla Mehrabov,
İnformasiya Texnologiyaları İnstitutunun direktoru,
professor Rasim Əliquliyev, Kurikulum Mərkəzinin
direktoru, dosent Ənvər Abbasov, AMEA-nın Fəlsəfə və
Hüquq İnstitutunun direktor müavini, professor Bəhrəm
Zahidov, Bakı Dövlət Universitetinin professoru Hikmət
Əlizadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin
professoru Qulam Əzimli, Azərbaycan Dillər
Universitetinin professoru Əfqan Abdullayev, Bakı
Slavyan Universitetinin professoru Çingiz Bədəlov,
dərslik müəllifləri - professor Məmməd Yaqubov, Naimə
Qəhrəmanova, Rafiq İsmayılov, Yaqub Qəribli, Sumqayıt
Şəhər Təhsil İdarəsinin Metodik mərkəzinin müdiri Sabir
Məmmədov, Sumqayıt Təbiət-Texniki Elmlər Liseyinin
müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Səidə
Bayramova və başqaları ixtisasartırma təhsilində
dinləyicilər qarşısında maraqlı çıxış etmiş və onları
maraqlandıran sualları cavablandırmışlar.
Təhsildə baş verən yeniliklərin və müasir təlim
texnologiyalarının, kurikulumların tətbiqi ilə əlaqədar
respublikanın müxtəlif təhsil müəssisələrindən instituta
müraciətlər olur. 2011-2012-ci dərs ilində Gəncə və
Sumqayıt şəhər təhsil şöbələrinin, Hacıqabul, Salyan,
Neftçala, İsmayıllı, Bərdə, Göyçay, Quba, Zəngilan,
Abşeron, Qubadlı və Füzuli rayon təhsil şöbələrinin,
Bakıdakı 268 nömrəli xüsusi məktəbin rəhbərləri yerlərdə
30-60 saatlıq müasir təlimlərin öyrədilməsi ilə
əlaqədar treninqlərin keçirilməsinə dair müraciətlər
etmiş və institutun rəhbərliyi həmin müraciətlərin
vaxtında həll edilməsinə diqqətlə yanaşaraq tədbirlər
müəyyənləşdirmişdir.
Azərbaycan təhsilində dövlət səviyyəsində tətbiq olunan
yeniliklərdən biri də kurikulum təlimlərinin uğurla
həyata keçirilməsidir. 2006-cı ildən başlayaraq
institutda yeni proqramların (kurikulum) tətbiqi, onları
müəllimlərə öyrətmək və təlimlərin keçirilməsi üçün
Azərbaycan Müəllimlər İnstitutu xüsusi tədbirlər planı
hazırlayıb həyata keçirir. 2009-2010-cu dərs ilindən
bəri institut əməkdaşlarından 12 nəfəri "təlimçi"
statusu almışdır və onlar respublikamızın müxtəlif
rayonlarında kurikulumların tətbiqi ilə bağlı 10 günlük
təlimlər keçirlər. İxtisasartırma təhsilində təlim
dövründə hər bir kateqoriya üzrə 10-12 saat vaxt ayrılır
ki, bu vaxt ərzində həm rəhbər pedaqoji kadrlar, həm də
digər pedaqoji işçilər kurikulumların tətbiqinə dair
bacarıqlar əldə edirlər.
İnstitutun əlavə təhsilə metodik xidmət və innovasiyalar
kabinetinin əməkdaşları kurikulumların tətbiqi sahəsində
dövri mətbuatda mütəmadi olaraq çıxış edirlər. Yeri
gəlmişkən, qeyd edilməlidir ki, Bakı, Sumqayıt
şəhərlərindən və digər regionlardan kurikulumların
tətbiqinə aid təlimlərdə iştirak etmək üçün 375 nəfər
ibtidai sinif müəllimi instituta müraciət etmiş və onlar
təlimləri uğurla başa vuraraq sertifikat almışlar.
Aparılan tədqiqatlar və araşdırmalar göstərir ki,
kurikulumların tətbiqi ilə əlaqədar müraciət edənlər ən
çox ibtidai sinif müəllimləridir. Güman edirik ki,
2012-2013-cü dərs ilində V sinifdə dərs deyən müəllimlər
də fənn kurikulumlarının tətbiqi ilə əlaqədar
müraciətlər edəcəklər. Bu məsələ ilə əlaqədar institutda
geniş hazırlıq işləri aparılır, yeni təlimçilər qrupu
yaradılır və həmin təlimçilərə elektron lövhədə işləmə
bacarıqları öyrədilir.
Kurikulumların tətbiqi ilə əlaqədar AMİ-nin rəhbərliyi
respublikada ilk dəfə olaraq 2008-2009-cu dərs ilindən
başlayaraq institutda bakalavr səviyyəsində ibtidai
sinif müəllimliyi ixtisasına yiyələnəcək tələbələrə IV
kursun sonunda 10 günlük təlimlərin keçirilməsi
təklifini irəli sürdü. Həmin müddətdən indiyə qədər
gələcəyin ibtidai sinif müəllimlərinə kurikulumların
tətbiqi öyrədilərək təlimlərin sonunda onlara Təhsil
Nazirliyi ilə institut rəhbərliyinin birgə təsdiq etdiyi
sertifikatlar verilir. Ənənəvi olaraq, təlimlərin
sonunda sertifikatları təhsil naziri cənab Misir
Mərdanov təqdim edir. Bütün bunların nəticəsidir ki,
2011-2012-ci dərs ilində müəllimlərin işə qəbulu
müsabiqəsində Azərbaycan Müəllimlər İnstitutunun
məzunları fərqlənmişlər.
Azərbaycan Müəllimlər İnstitutunda əlavə təhsil
sahəsində görülən işlər barədə müntəzəm olaraq kütləvi
informasiya vasitələrində söhbətlər açılır və verilişlər
verilir. Əməkdaşlar respublika pedaqoji mətbuatında
elmi-pedaqoji, elmi-metodiki məqalələrlə çıxış edirlər.
Əlavə təhsil sahəsində çalışmaq məsuliyyət tələb edir.
Hər şeydən əvvəl ona görə ki, təhsil verənlər də, təhsil
alanlar da öyrədəndirlər. Bu mənada əlavə təhsil
sahəsində hazırlanmış hər hansı vəsait, tövsiyə, məqalə
və digər nəşrlər elə tərtib olunmalıdır ki, ondan
istifadə edən müəllim hiss etsin ki, bu tövsiyələri və
təklifləri verən şəxs dövlətin təhsil siyasətinə, bu
sahədə qəbul olunmuş normativ-hüquqi sənədlərə,
Azərbaycan təhsilində gedən proseslərə bələddir və
müəllimin gündəlik fəaliyyəti zamanı rastlaşdığı
problemlər ona tanışdır. Müəllimlərin elmi-metodiki,
elmi-pedaqoji və ümumilikdə, peşəkarlıq səviyyəsinin
yüksəldilməsi sahəsində institutda səmərəli tədqiqatlar
aparılır.
Ötən illər ərzində toplanmış müsbət təcrübələrin,
ənənələrin davamı və inkişafının nəticəsidir ki,
ildən-ilə Azərbaycan Müəllimlər İnstitutunun əlaqə
saxladığı yerli və xarici təhsil müəssisələrinin
şəbəkəsi genişlənir. Əlavə təhsillə bağlı zəruri
ehtiyaclar yarandıqda həmin təhsil müəssisələri
instituta müraciət edirlər. 2011-ci ildən başlayaraq
Azərbaycan Tibb Universiteti Azərbaycan Müəllimlər
İnstitutu ilə imzaladığı müqavilə əsasında universitetin
professor-müəllim heyətinin pedaqoji, psixoloji və
metodiki təlimlərə ehtiyacı nəzərə alınaraq hər ay 140
saatlıq təlimlər keçilir və sonda onlara sertifikatlar
verilir.
Əlavə təhsildə çoxlu uğurlar qazanılsa da hələ də dayaq
məntəqələrində aparılan metodiki işlər bir o qədər də
ürəkaçan deyil. Bu sahədə məsuliyyət ən çox yerli təhsil
orqanlarının üzərinə düşür. Dayaq məntəqələrinin
mexanizminə aid Təhsil Nazirliyinin müvafiq əmrləri olsa
da 3 mərhələdən ibarət olan "Öyrədənlərin öyrədəni"
mexanizmi düzgün təşkil edilmir. Mərhələli təlimə gələn
müəllimlərin bəziləri hansı məntəqə rəhbəri olduğundan
xəbərsizdirlər. Dayaq məntəqələrinin təşkilində
institutun üzərinə düşən vəzifə mərhələli təlimlər
təşkil etməkdir. 2011-2012-ci dərs ilində 285 nəfər
dayaq məntəqə rəhbəri təlimlərə cəlb edilərək yekun
sənəd alıb. Rayon (şəhər) təhsil şöbələrində dayaq
məntəqələrinin təşkili və orada aparılan metodiki işlər
müasir tələblərə cavab vermir.
Azərbaycan Müəllimlər İnstitutu dövlətin təhsil
siyasətini dəstəkləyir və müasir təhsilin problemlərinin
həlli yolunda mütərəqqi mexanizmlərin tətbiqi sahəsində
yeni-yeni nailiyyətlər qazanmaq üçün inkişaf etmiş
ölkələrin təcrübəsini öyrənir. İnstitut milli mənəvi
dəyərləri əsas götürməklə ümumbəşəri dəyərləri nəzərə
alaraq daim yeniliklər axtarır. Fransa, İngiltərə,
Avstraliya, Almaniya, Amerika, Türkiyə, Rusiya, Belarus,
Ukrayna, Qazaxıstan, Gürcüstan, Tacikistan və digər
dövlətlərin analoji təhsil müəssisələri ilə əlavə təhsil
sahəsində qabaqcıl təcrübə mübadilələri ənənəyə çevrilib.
Xüsusilə AMİ Fransa Versal Akademiyasının Universitet
Tipli Müəllimlər İnstitutu ilə daha geniş əlaqələrə
malikdir.
Hazırda 2011-2012-ci dərs ilində əlavə təhsil sahəsində
görülmüş işlər yekunlaşdırılır və hesabatlar hazırlanır.
Əlavə təhsilin müasirləşdirilməsi, dövlət standartlarına
uyğunlaşdırılması və məzmununun yaxşılaşdırılması üçün
gələcəkdə ixtisasartırma təhsilinin kredit-modul
sisteminə keçirilməsi istiqamətində institutda
məqsədyönlü işlər aparılır. Məqsəd pedaqoji işçilərin
peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yeniliklərin
təhsilə tətbiqi, xüsusilə, informasiya
texnologiyalarının təhsillə əlaqələndirilməsi sahəsində
ən çox əhəmiyyət kəsb edən ixtisasartırma təhsilinin
tələb və təklifləri əsasında qurulmasına nail olmaqdır.
Rahim ƏZİZOV,
Azərbaycan Müəllimlər İnstitutunun əlavə təhsil üzrə
prorektoru |