Azərbaycan təhsil sistemində öz uğurları ilə hər zaman
fərqlənən Bakı Avrasiya Universitetinin 20 ili tamam
oldu. Yubiley ərəfəsində silsilə tədbirlər, elmi-praktik
konfranslara start verən Bakı Avrasiya Universitetinin
bir qrup əməkdaşı, professor-müəllimi təhsil naziri
Misir Mərdanovun əmri ilə fəxri fərmanlar və "Azərbaycan
Respublikası qabaqcıl təhsil işçisi" döş nişanları ilə
mükafatlandırıldı. Mükafatların təqdim edilməsində
iştirak edən Təhsil Nazirliyinin Aparat rəhbəri İlham
Pirməmmədov və baş mütəxəssisi İlyar Vahabov
universitetin müəllim, professor və tələbələri
qarşısında çıxış edərək Bakı Avrasiya Universitetinin
keçdiyi şərəfli 20 illik tarixindən danışdılar, bu
təhsil ocağına uğurlar dilədilər. İ.Pirməmmədov
çıxışında qeyd etdi ki, təhsilin keyfiyyəti, fəaliyyətin
düzgün qurulması, sağlam iş şəraitinin yaradılması
universitet rəhbərliyindən birbaşa asılıdır. Bakı
Avrasiya Universiteti həm keçmişi, həm də bu günü ilə
ölkəmizdə adı hörmətlə çəkilən, nüfuz qazanan
universitetlər arasında birincilər sırasındadır.
Daha sonra İlham Pirməmmədov universitetin rektoru,
professor Nazim Hüseynlini, professor-müəllim heyətini
və tələbələri ali təhsil müəssisəsinin 20 illik yubileyi
münasibəti ilə təhsil naziri Misir Mərdanovun və
nazirliyin bütün kollektivi adından təbrik etdi.
Universitetin mükafatlara layiq görülmüş professor və
müəllim heyətinə uğurlar arzuladı.
Qeyd edək ki, təhsil naziri Misir Mərdanovun əmri ilə
universitetin 7 əməkdaşı "Azərbaycan Respublikası
qabaqcıl təhsil işçisi" döş nişanına, 14 nəfər isə
fəxri fərmanlara layiq görülüb.
ƏDALƏT |