İyunun 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində
2011-2012-ci tədris ilinin məzunlarını yolasalma
mərasimi keçirildi. Tədbirdə ADPU-nun rektoru, AMEA-nın
müxbir üzvü, professor Yusif Məmmədov çıxış edərək
məzunları təbrik etdi, onlara gələcək müstəqil
həyatlarında və müqəddəs müəllimlik fəaliyyətlərində
müvəffəqiyyətlər dilədi.
Bildirdi ki, bu il ADPU-nu 10 fakültə üzrə əyani şöbədə
1343 tələbə, qiyabi şöbədə isə 8 fakültə üzrə 528 tələbə
bitirir. Eyni zamanda bu il universitetin
magistraturasının əyani şöbəsində 11 istiqamət, 39
ixtisas üzrə 155 nəfər, qiyabi şöbəsində isə 8 istiqamət,
22 ixtisas üzrə 116 nəfər magistr təhsilini başa
çatdırır.
Ümummilli liderimiz Heydər Əliyevin müdrik ideyalarını
və siyasi kursunu uğurla həyata keçirən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin müəllim
adına, müəllim əməyinə yüksək qiymət verdiyini
məmnunluqla vurğulayan Y.Məmmədov bildirdi ki, bu il
aprelin 20-də ADPU özünün 90 illik yubileyini yüksək
səviyyədə qeyd etdi. Azərbaycan Prezidenti İlham
Əliyevin 18 aprel 2012-ci il tarixli sərəncamı ilə ADPU-nun
38 nəfər əməkdaşı ölkəmizdə təhsilin inkişafındakı
xidmətlərinə görə və universitetin 90 illik yubileyi
münasibəti ilə yüksək dövlət mükafatları ilə təltif
edilib.
Bu diqqət və qayğıya, yüksək təltiflərə görə
universitetin çoxminli kollektivi adından dövlət
başçısına öz dərin təşəkkürlərini bildirən rektor onu da
böyük qürur hissi ilə qeyd etdi ki, zəngin tarixi
inkişaf yolu keçən ADPU fəaliyyət göstərdiyi dövr
ərzində respublikamız üçün müxtəlif ixtisaslar üzrə 150
minə qədər pedaqoji kadr hazırlayıb.
Azərbaycan Respublikası təhsil nazirinin müavini Qulu
Novruzov, Türkiyənin Hacəttəpə Universitetinin pedaqoji
fakültəsinin dekanı, professor-doktor Buket Akkoyunlu,
təhsil ocağının məzunu olmuş, AMEA-nın müxbir üzvü,
professor Vaqif Abbasov və başqaları çıxış edərək bu il
ADPU-nu bitirən məzunları təbrik etdilər, sabahın
müəllimlərinə uğurlar arzuladılar.
Sonra universitetin bir qrup məzununa diplom, fəxri
fərmanlar təqdim olundu.
Ə.DAŞDƏMİRLİ |