İyulun
2-də Azərbaycan Müəllimlər İnstitutunda "Məzun-2012"
adlı təntənəli tədbir keçirildi. Tədbirdə institutun
rəhbərliyi, professor-müəllim heyəti və tələbələr,
Azərbaycan Respublikası təhsil nazirinin müavini Qulu
Novruzov, Nərimanov Rayon İcra Hakimiyyətinin
başçısının birinci müavini Şahmar İbadov, YAP Nərimanov
rayon təşkilatının sədri Təhmiraz Tağıyev, YAP Gənclər
Birliyinin nümayəndələri və digərləri iştirak etdilər.
Tədbirdən əvvəl AMİ-nin professor-müəllim heyəti,
qonaqlar və tələbələr institutun Heydər Əliyev Mərkəzini
ziyarət etdilər və ulu öndərin büstü önünə əklil
qoydular.
İnstitutun rektoru, millət vəkili, professor Aqiyə
Naxçıvanlı tədbiri açaraq 2012-ci ildə Azərbaycan
Müəllimlər İnstitutu və onun filiallarında, ümumilikdə,
1718 bakalavr və 17 magistr məzunun yola salındığını
diqqətə çatdırdı. Rektor məzun adını qazanmış bütün
tələbələri təbrik etdi və onlara uğurlar arzuladı.
Ümummilli lider Heydər Əliyev ideyalarının, ulu öndərin
gənclər siyasətinin indi daha da inkişaf etdiyini, cənab
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini bildirdi.
Dövlət himni səsləndirildi.
Təhsil nazirinin müavini Qulu Novruzov çıxış edərək
məzunları təbrik etdi, çətin və şərəfli olan müəllim
peşəsinə yiyələnmiş məzunların məhz gələcək nəslin
tərbiyə edilməsində əsas rol oynayacaqlarını vurğuladı.
Nazir müavini Azərbaycan Müəllimlər İnstitutunun son
illərdəki fəaliyyətini və rektor Aqiyə Naxçıvanlının
rəhbərliyi altında institutun əldə etdiyi böyük
nailiyyətləri yüksək qiymətləndirdi. Q.Novruzov
Azərbaycan gənclərinin ictimai-siyasi hadisələrdə
iştirakının stimullaşdırılması üçün son illərdə
ölkəmizdə xeyli işlər görüldüyünü, ölkə başçısı
tərəfindən xüsusilə təhsil sahəsində bir sıra mütərəqqi
sənədlərin qəbul olunduğunu bildirdi.
YAP Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev
Azərbaycan Müəllimlər İnstitutunun bu gün müstəqil
Azərbaycanda dövlət quruculuğunun möhkəmləndirilməsi,
milli dövlətçilik ideologiyasının təbliği sahəsində
uğurlu fəaliyyət göstərən ali təhsil müəssisələri
sırasında mühüm yerlərdən birini tutduğunu bildirdi və
məzunları gözəl bayram münasibətilə təbrik etdi.
Daha sonra təhsildə və institutun ictimai işlərində
fəallığı ilə seçilmiş bir qrup məzuna fəxri fərman, bu
il məzun olan magistrlərə diplomlar təqdim edildi.
Bir neçə qrupun məzunları musiqili təbrik nömrələrini
təqdim etdilər. Məzunlar müasir standartlara cavab verən
bu təhsil ocağında yüksək təhsil ala bildikləri üçün
yaradılmış bütün şəraitə görə institutun rektoru Aqiyə
Naxçıvanlıya dərin minnətdarlıqlarını bildirdilər.
Tədbir böyük maraqla qarşılanmış konsert proqramı ilə
başa çatdı. |