Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 İyul 2012 - №26

 

Təhsil sahəsində beynəlxalq əlaqələr ildən-ilə genişlənir

 

İyulun 4-də Təhsil Nazirliyində təhsil sahəsində beynəlxalq əlaqələrə, azərbaycanlı gənclərin xaricdə, əcnəbi tələbələrin ölkəmizdə təhsilinə və nazir Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyətlərinin İtaliya və Litva respublikalarına səfərlərinə həsr olunan yığıncaq keçirildi.

Tədbirdə Təhsil Nazirliyinin məsul işçiləri, dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinin rektor və prorektorları, paytaxtın bir sıra tanınmış orta ümumtəhsil məktəb və liseylərinin direktorları iştirak edirdilər.

Yığıncağı təhsil naziri Misir Mərdanov açaraq hamını burada görməkdən məmnunluq hissi keçirdiyini bildirdi. Keçirilən tədbirin təhsil sahəsində beynəlxalq əlaqələrin inkişafına, genişlənməsinə, xaricdə təhsil və digər mühüm məsələlərə həsr edildiyini bildirən təhsil naziri öncə ilk nömrəsi çapdan çıxmış "Ali təhsil və cəmiyyət" elmi-metodik jurnalı barədə danışdı.  Nazir jurnada ali təhsillə bağlı elmi-metodik məqalələrin dərc edildiyini, respublikamızda ali təhsil sahəsində aparılan islahatların gedişinə, bu sahədə mütəxəssis və müəllimlərin iş təcrübəsinə, elmi tədqiqatların nəticələrinin təhsil prosesinə tətbiqi və digər məsələlərə həsr olunan yazıların oxuculara təqdim olunduğunu  qeyd etdi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi bu yeni mətbu orqanının təhsilimizdə, xüsusilə də ali təhsilimizdə aparılan islahatların, bu sahədə baş verən yeniliklərin cəmiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacağına ümidvar olduğunu söylədi. Təhsil naziri daha sonra  2009-cu ildən aparılan araşdırmaların nəticəsi olaraq "Dünyanın 100 ən yaxşı universiteti" kitabının bu günlərdə işıq üzü gördüyünü bildirdi. Kitabda Böyük Britaniyanın "Times Nigher Education Surrlement-QS World University Rankings" jurnalının 2009-cu il üzrə reytinq cədvəlindəki 100 universitet haqqında dolğun və ətraflı məlumatın öz əksini tapdığını söylədi. Kitabda həmçinin 1901-2009-cu illərdə Nobel mükafatçılarının ölkələr üzrə ümumi siyahısının verildiyini deyən nazir bununla bağlı müəyyən statistik rəqəmləri iştirakçıların diqqətinə çatdırdı. Təhsil naziri "Dünyanın 100 ən yaxşı universiteti" kitabının ictimaiyyəti, xüsusən də gəncləri dünyanın nüfuzlu ali məktəbləri haqqında məlumatlandırmaq, xaricdə təhsil almaq istəyənlərin düzgün seçim aparmalarında yardımçı olmaq və xarici ölkələrdə ali təhsil alan azərbaycanlı gənclərin sayının artırılmasına dəstək vermək məqsədlərinə xidmət etdiyini qeyd edərək  onun geniş ictimaiyyət tərəfindən maraqla qarşılanacağına əmin olduğunu bildirdi.

Hər iki nəşrin təqdimatından sonra nazir Misir Mərdanov son illər təhsil sahəsində uğurlu layihələrin reallaşdırılmasından, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm addımların atılmasından söz açdı.

"Xaricdə təhsil, əcnəbi tələbələrin Azərbaycanda təhsilinə dair bəzi məsələlər" mövzusunda məruzə-təqdimatla çıxış edən nazir gənclərimizin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almalarının hər zaman önəmli məsələlərdən biri olduğunu söylədi. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən tədbirlər barədə geniş danışan nazir Misir Mərdanov tələbələrin göndərilməsi nəzərdə tutulan xarici ali  məktəblərin ölkələr üzrə sayının 625 olduğunu deyərək, hazırlanmış siyahıda  2012-2013-cü tədris ili üçün əlavə olunmuş yeni ölkələrin adlarını açıqladı. Xarici ölkələrdə təhsil almaq üçün göndərilən gənclərin sayının getdikcə artdığını qeyd edən təhsil naziri bununla bağlı statistik rəqəmləri yığıncaq iştirakçılarının diqqətinə çatdırdı. Qeyd olundu ki, bu günədək 1204 azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələrində təhsil almaq üçün dünyanın ən qabaqcıl universitetlərinə göndərilib. Təqdimatda 2011-2012-ci tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrə dair ölkələr üzrə, təhsil alanların ixtisas sahələri üzrə statistikalarını əks etdirən cədvəllər nümayiş olundu. Verilən məlumatdan aydın oldu ki, hazırda dünyanın 23 ölkəsinin 200-dək nüfuzlu ali məktəbində 825 nəfər təhsil alır. Xaricdə  təhsil alan gənclərimizin böyük əksəriyyəti tibb ixtisasına üstünlük verir. Nazir 14 dekabr 2011-ci ildə Təhsil Nazirliyində keçirilmiş kollegiya iclasında  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası: görülmüş işlər, nəticələr və qarşıda duran vəzifələr" mövzusunda məsələnin geniş müzakirə olunduğunu tədbir iştirakçılarına bir daha xatırladaraq həmin kollegiyanın qərarını diqqətə çatdırdı.

Çıxışında əcnəbi tələbələrin Azərbaycanda təhsilinin vacib məsələlərdən biri olduğunu söyləyən təhsil naziri daha sonra hamını 1999-2012-ci tədris illəri ərzində Azərbaycanda təhsil alan əcnəbi tələbələrin say dinamikasını göstərən cədvəllə tanış etdi, illər üzrə statistik rəqəmlərin müqayisəli təhlilini apardı. 2011-2012-ci tədris ilində Azərbaycanda 5598 əcnəbi tələbənin təhsil aldığını bildirən nazir Misir Mərdanov onların sayının artmasının vacibliyinə toxundu.

Məruzə-təqdimatında xaricdə təhsil, əcnəbi tələbələrin ölkəmizdə təhsili və digər məsələlərlə bağlı öz fikir və mülahizələrini söyləyən nazir  son illər dünyanın bir sıra ölkələrinin ali məktəblərinin respublikamızda  təhsil sərgilərinin keçirməyə böyük maraq göstərmələrindən, bunun həmin ali təhsil müəssisələri üçün əhəmiyyətli bir məsələ olmasından danışdı, bizim nüfuzlu ali məktəblərimizin də təbliğ olunması, yaxından tanışlıq baxımından xarici ölkələrdə özlərinin bu cür  təhsil sərgilərinin keçirmələrini arzu etdi.

Daha sonra təhsil nazirinin  rəhbərlik etdiyi nümayəndə heyətlərinin İtaliya və Litva respublikalarına səfərləri barədə təqdimat dinlənildi. Təhsil naziri Misir Mərdanov öncə rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliya Respublikasının təhsil nazirinin dəvəti ilə  1-8 iyun 2012-ci il tarixlərində həmin ölkəyə səfəri barədə məlumat verdi. Qeyd etdi ki, səfər çərçivəsində nümayəndə heyəti 140 min tələbəsi ilə Avropanın ən qədim ali təhsil ocaqlarından biri olan La Sapienza Universitetində olmuş, universitetin rektoru Luici Frati ilə  görüşmüşdür.  Azərbaycan nümayəndə heyətinin və adıçəkilən  universitetin professor- müəllim heyətinin iştirakı ilə keçirilən "dəyirmi masa"da ali təhsilin inkişaf tendensiyaları, Boloniya prosesi çərçivəsində həyata keçirilən islahatlar və Azərbaycanda ali təhsilin inkişaf perspektivlərinin müzakirə edildiyini söyləyən nazir qarşı tərəfin Azərbaycanla təhsil sahəsində əməkdaşlığa maraqlı olduğunu xüsusi vurğuladı. Nazir İtaliyanın təhsil naziri Françesko Profumo ilə görüşdə universitetlərarası əməkdaşlığın inkişafı, La Sapienza Universitetində Azərbaycanşünaslıq kafedrasının yaradılması, xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində İtaliya universitetlərində təhsil alan tələbələrin sayının artırılması,eləcə də Azərbaycan hökuməti tərəfindən İtaliya universitetlərində təhsil üçün təqaüdlərin ayrılması imkanları, Azərbaycanın bəzi ümumtəhsil məktəblərində italyan dilinin tədrisi, alimlər arasında birbaşa əlaqələrin genişləndirilməsi, Azərbaycan və İtaliya arasında  təhsil üzrə birgə işçi qrupunun yaradılması, təhsil sənədlərinin qarşılıqlı tanınması və digər  məsələlərin müzakirə edildiyini bildirdi. Təhsil naziri səfər çərçivəsində İtaliyada təhsil alan azərbaycanlı tələbələrlə, eləcə də İtaliya Senatının binasında Senatın təhsil, elm və mədəniyyət komissiyasının sədri, YUNESKO ilə əməkdaşlıq qrupunun əlaqələndiricisi senator Quido Possa ilə görüşlərin keçirildiyini də qeyd etdi. Səfərin nəticələri ilə bağlı bir sıra təkliflərin hazırlandığını söyləyən nazir Misir Mərdanov onları yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.

Təhsil naziri daha sonra rəhbərlik etdiyi nümayəndə heyətinin Litva Respublikasının elm və təhsil nazirinin dəvəti ilə 15-22 iyun 2012-ci il tarixlərində həmin ölkəyə səfəri barədə geniş məlumat verdi. Qeyd olundu ki, səfərin məqsədi Litvanın təhsil sistemi ilə tanışlıq, o cümlədən iki ölkənin universitetləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təhsil sahəsində birgə layihələr üzrə yeni təşəbbüslərin müzakirəsi idi. Nazir Vilnüs Edukologiya Universitetində rektorla görüşdən, onun iştirakı ilə keçirilən "dəyirmi masa"da müzakirə olunan məsələlərdən danışdı. Adıçəkilən universitetlə yaxından tanış olduqlarını deyən təhsil naziri yaxın vaxtlarda burada açılması nəzərdə tutulan Nizami Gəncəvi adına  Azərbaycan auditoriyasında olduqlarını, bundan başqa səfər çərçivəsində Vilnüs Universitetində rektor Benediktas Yuodka ilə, Litva Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə görüşlərin keçirildiyini bildirdi. Litva Respublikasının elm və təhsil naziri Gintaras Stepanoviçiyusla keçirilən görüşdə hər iki tərəf üçün maraq kəsb edən bir sıra məsələlərin müzakirə olunduğunu söyləyən təhsil naziri Misir Mərdanov müzakirələr zamanı həmçinin universitetlər arasında əlaqələrin genişləndirilməsi və indiyədək imzalanmış müqavilələrin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyinin də  xüsusi vurğulandığını dedi. Təhsil naziri yığıncaq iştirakçılarına daha sonra "Litva evi" gimnaziyasında keçirilən görüşdə Azərbaycan tərəfinin "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində bu təhsil müəssisəsi ilə Sumqayıt şəhərində yerləşən Qubadlı məcburi köçkün məktəbi arasında əməkdaşlıq əlaqələrinin yaradılması təklifi ilə çıxış etdiyini,Təhsil Sisteminin Mübadiləsinə Dəstək Fondunda təşkil olunan görüşdə isə  Litva-Azərbaycan təhsil əlaqələrinin inkişafı, tələbə və müəllim mübadiləsi, Avropa İttifaqının beynəlxalq proqramları çərçivəsində əməkdaşlıq, eləcə də tərəfləri maraqlandıran bir sıra digər  məsələlər ətrafında geniş fikir mübadiləsinin aparıldığını bildirdi. Nazir iştirakçıları Litva Respublikasına səfərin nəticələri ilə bağlı hazırlanmış təkliflərlə tanış etdi.

Çıxışının sonunda nazir Misir Mərdanov hər iki səfərin olduqca yaddaqalan olduğunu, Vətənə gözəl təəssüratlarla döndüklərini deyərək həm İtaliyada, həm də Litvada Azərbaycana hörmət və ehtiram gördüklərini, bu ölkələrin təhsil işçilərinin təhsil sahəsində əməkdaşlığın qurulmasında, əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsində maraqlı olduqlarını  bildirdi. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov