İyunun
28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı
və "Bakcell"in dəstəyi ilə Bakıdakı Heydər Əliyev adına
İdman-Konsert Kompleksində paytaxt məktəblərinin
2011-2012-ci tədris ili məzunlarının təntənəli
buraxılış gecəsi keçirildi. Tədbirdə təhsil naziri Misir
Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
Nailə Rzaquliyeva, dövlət qurumlarının nümayəndələri və
builki məzunlar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan BŞTİ-nin müdiri Nailə
Rzaquliyeva ümummilli lider Heydər Əliyevin ideyaları
əsasında formalaşan təhsilimizin dünya təhsil sisteminə
inteqrasiya olunduğunu nəzərə çatdırdı. Ulu öndərin
layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi altında həyata keçirilən təhsil
islahatlarının əhəmiyyətindən söz açdı. N.Rzaquliyeva
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın təhsilimizə göstərdiyi böyük diqqət və
qayğıdan danışdı. Təhsilimizin sürətli inkişafından bəhs
edən N.Rzaquliyeva son illərdə paytaxt məzunlarının
qazandığı uğurları, əldə etdikləri nailiyyətləri diqqətə
çatdırdı. Qeyd etdi ki, builki buraxılış imtahanlarının
nəticələrinə görə, Bakı məktəblərini bitirənlərdən 20-si
qızıl medala layiq görülüb. Bildirdi ki, Bakı
məktəbliləri hər il ali məktəblərə qəbul imtahanlarında
yüksək nəticələr göstərirlər. Ötən tədris ilində
məzunların 55 faizindən çoxu tələbə adını qazanıb. Qəbul
imtahanlarında ən yüksək nəticə göstərən 4 abituriyent
Bakı məktəblərinin məzunu olub. Sonra N.Rzaquliyeva
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın məzunlara təbrik məktubunu oxudu.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov
ölkəmizdə təhsil sahəsinə göstərilən diqqət və qayğını
xüsusi vurğuladı. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin təhsillə bağlı imzaladığı sənədlərin
əhəmiyyətindən söz açdı. Misir Mərdanov cari tədris
ilinin bütün məzunlarını təbrik edərək, onlara Vətənə,
xalqa ləyaqətli vətəndaş olmağı, müstəqil dövlətimizin
daha da inkişafı naminə var gücləri ilə çalışmağı
tövsiyə etdi. Azərbaycanın çiçəklənən bir dövründə
təhsil aldıqlarını bildirən nazir məzunlara dövlətimizin
həyata keçirdiyi bütün islahatlarda dəstək olmalarını
arzuladı. Məzunlara gələcək həyatlarında uğurlar diləyən
Misir Mərdanov onların bu səviyyəyə gəlib çatmasında
əməyi olan müəllimləri və valideynləri də təbrik etdi.
Sonra 2011-2012-ci tədris ilində qızıl medala layiq
görülən 20 məzuna hədiyyələr təqdim edildi.
Məzunlar üçün hazırlanmış əyləncəli proqramda yerli və
xarici mügənnilərin ifasında bir-birindən gözəl mahnılar
səsləndirildi.
Niyazi RƏHİMOV |