Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 İyul 2012 - №26

 

"Elektron təhsil" Respublika müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

İyunun 29-da Təhsil Nazirliyində "Elektron təhsil"  III Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Tədbirdə  Təhsil Nazirliyinin məsul əməkdaşları, müvafiq şöbələrinin və struktur bölmələrinin rəhbərləri, müsabiqənin  təşkilində iştirak edən qurumların, respublikanın müxtəlif regionlarının təhsil ictimaiyyətinin nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, müsabiqə qalibləri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirdilər.

Mərasimdə öncə müsabiqənin ayrı-ayrı mərhələlərindən bəhs edən videoçarx nümayiş etdirildi.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən təşkil edilən "Elektron təhsil" müsabiqəsinin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından istifadəni populyarlaşdırmaq və bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, elektron tədris resurslarının tədris prosesinə tətbiqinə metodik dəstək vermək, elektron resursların təhsil müəssisələrində istifadəsi ilə tanışlıq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimlərin həvəsləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsi, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyalarına tanıtmaq, İnternetin imkanlarından (bloqlar, sosial şəbəkələr, saytlar və s.) istifadə etməklə həyata keçirilən yeni təlim fəaliyyətləri barədə  ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, müəllimləri tədris məqsədilə  İnternetdən istifadəyə cəlb etmək, bu məqsədlə İnternetdən istifadənin yeni formalarının axtarılması, təhsil müəssisələrində İnternet resurslarından, xidmət və alətlərindən istifadənin genişləndirilməsi, müəllimlərin İnternetdə öz resurslarını yaratması, istifadəsi və inkişaf etdirməsi baxımından həvəsləndirilməsindən ibarətdir. Müsabiqənin əsas təşkilatçısı Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsidir. Müsabiqənin keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən Təşkilat Komitəsi və Münsiflər heyəti təşkil edilir. Bu orqanlara təhsil və informasiya texnologiyaları sahəsində nüfuzu olan, elektron tədris resurslarının yaradılması və istifadəsi üzrə bilgiyə malik olan mütəxəssislər cəlb edilir. Təqdim edilən işlərə aidiyyəti olan Təşkilat Komitəsinin və Münsiflər heyətinin üzvləri bu işlərin qiymətləndirilməsində iştirak etmirlər. "Elektron təhsil" müsabiqəsində təhsil müəssisələrində çalışanlar, təhsil işçilərinin ixtisaslarının artırılması ilə məşğul olan qurumların metodiki xidmətlərinin əməkdaşları, pedaqoji ali məktəblərin tələbə və aspirantları, valideynlər və şagirdlər iştirak edə bilər. Müsabiqəyə ancaq müəllimlər tərəfindən hazırlanan bloqlar təqdim edilməlidir.

Müsabiqədə iştirakla bağlı ərizələrin qəbulu və onlara ilkin baxış üçün Təşkilat Komitəsinin tərkibində ekspert komissiyası təşkil olunur. Komissiya təqdim olunan işlərin müsabiqənin şərtlərinə uyğunluğunu müəyyən edir. Ərizələrin qəbulu və müsabiqənin gedişi ilə bağlı məlumatlar xüsusi İnternet saytında (www.musabiqe.edu.az) və Milli Təhsil Portalında (www.edu.az) yerləşdirilir.

Mərasim açıq elan edildikdən sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verildi.

Tədbir iştirakçılarını salamlayan təhsil naziri giriş sözündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə, bu sahədə çalışanlara daim xüsusi diqqət və qayğı göstərməsindən söz açdı.

Nazir qeyd etdi ki, uğurla başa çatan bu tədris ilində təhsil sahəsində mühüm işlər görülmüş, çoxsaylı  tədbirlər həyata keçirilmişdir. Onlardan ən önəmlisi "Ən yaxşı ümumi təhsil müəssisəsi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsidir.

Dövlət başçısının bu günlərdə imzaladığı  "2011-2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında" və "2011-2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında" sərəncamların bu sahəyə yetirilən diqqətin daha bir parlaq nümunəsi olduğunu vurğulayan Misir Mərdanov qaliblər və ümumilikdə, ölkənin bütün təhsil ictimaiyyəti adından cənab Prezidentə təşəkkürünü bildirdi. Sözünə davam edən nazir "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində artıq üçüncü ildir ki, təşkil edilən "Elektron təhsil" Respublika müsabiqəsinin də təhsilin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini dedi. Daha sonra təhsil naziri "Microsoft-Azərbaycan", "İntel" korporasiyasının "Gələcək üçün təhsil" proqramı, AzEduNet, "Ultra", "Nar Mobile", HP və "Mədəd" təşkilatlarının dəstəyi ilə reallaşdırılan "Elektron təhsil" Respublika müsabiqəsi ilə bağlı təqdimatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Müsabiqənin keçirilməsinin əsas məqsədlərini diqqətə çatdıran təhsil naziri qeyd etdi ki, bu işə başlamazdan öncə bir sıra tədbirlər həyata keçirilmiş, Təşkilat Komitəsi və Münsiflər heyəti formalaşdırılmış, resursların qeydiyyatı və onlayn müzakirə üçün effektiv mexanizmləri nəzərdə tutan rəsmi sayt hazırlanmış və aprelin 2-də müsabiqəyə start verilmişdir.

Builki müsabiqənin daha effektiv, şəffaf və ədalətli keçirilməsi,  təqdim olunan elektron resursların keyfiyyətinin artırılması, yarışmada rəqabət mühitinin daha da yaxşılaşdırılması məqsədilə Əsasnamədə müəyyən dəyişikliklərin edildiyini bildirən nazir onları tədbir iştirakçılarının diqqətinə çatdırdı (Qalib gəlmiş iştirakçılar növbəti 3 il ərzində müsabiqədə  iştirak edə bilməzlər; hər bir iştirakçı tərəfindən müsabiqəyə yalnız 1 resurs təqdim oluna bilər).

Təqdimatdan aydın oldu ki, müsabiqə "Elektron tədris resursları" və "Təhsildə İnternet texnologiyaları" istiqamətləri üzrə təşkil olunub. Birinci istiqamət üzrə müsabiqəyə mövcud elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan metodiki materiallar, həmçinin tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə əsaslanan müxtəlif metodiki tədris materialları təqdim edilib. Bu istiqamət üzrə ümumiyyətlə, bir və ya bir neçə tədris fənninin müxtəlif bölmələrini və ya konkret bir dərsi əhatə edən metodiki təlim materialları, şagirdlərin elektron tədris resurslarından səmərəli istifadə etməklə müstəqil fəaliyyətinin təşkili üçün metodiki tövsiyələr, ayrı-ayrı fənlərin tədrisi zamanı elektron tədris resurslarından effektiv istifadənin yüksəldilməsinə yönələn və müəllimlərə kömək üçün yaradılan metodiki vəsaitlər təqdim edilə bilər. "Təhsildə İnternet texnologiyaları" istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu İnternet resursları, bloqlar və digər İnternet layihələri təqdim edilib. Bu resurslarda yerləşdirilən informasiyalar məktəbəqədər, ibtidai və orta təhsil sisteminə aid təhsil müəssisələrində təlim və tərbiyə prosesinə dəstək məqsədi güdür. 

Təhsil naziri məlumat verdi ki, "Elektron tədris resursları" istiqaməti üzrə qaliblər "Fənlərin tədrisində informasiya-kommunikasiya texnologiyalarından istifadə üzrə ən yaxşı metodika", "İbtidai təhsildə informasiya-kommunikasiya texnologiyalarından istifadə üzrə ən yaxşı metodika" və "Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli" nominasiyaları üzrə müəyyənləşdirilib. "Təhsildə İnternet texnologiyaları" istiqamətində isə qaliblər "Təhsildə İnternet resursları" və "Müəllimlərin bloqları" nominasiyaları üzrə müəyyən edilib. Müsabiqəyə resursların təqdim edilməsi üçün 45 gün vaxt verilib.  Nümayiş etdirilən növbəti slayddan aydın oldu ki, 2012-ci ildə müsabiqənin saytından  5354 nəfər qeydiyyatdan keçib. 1092 sənəd müsabiqəyə təqdim edilib. Ümumiyyətlə, son 3 il ərzində müsabiqənin saytından 8450 nəfər qeydiyyatdan keçib ki, onlardan 3401 nəfəri müəllim, 2631 nəfəri şagird, 1150 nəfəri tələbə, 382 nəfəri valideyn, 886 nəfəri isə digər şəxslərdir.

Müsabiqənin birinci mərhələsindən təqdim olunan 1092 sənəddən 817-nin keçdiyini deyən nazir qeyd etdi ki, bunlardan 738 layihə "Elektron tədris resursları", ("Fənlərin tədrisində İKT-dən istifadə üzrə ən yaxşı metodika" - 269 layihə, "İbtidai təhsildə İKT-dən istifadə üzrə ən yaxşı metodika" - 186 layihə, "İKT-dən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli" - 284 layihə), 79 layihə isə "Təhsildə İnternet texnologiyaları"  istiqamətinə aiddir ("Təhsildə İnternet resursları" - 42 layihə, "Müəllimlərin bloqları" - 37 layihə).

Müsabiqənin ikinci mərhələsinin yekununda 112 layihə nominant hüququ qazanıb, Həmin işlərdən 97-si "Elektron tədris resursları" istiqaməti üzrədir ("Fənlərin tədrisində informasiya-kommunikasiya texnologiyalarından istifadə üzrə ən yaxşı metodika" - 34 layihə, "İbtidai təhsildə informasiya-kommunikasiya texnologiyalarından istifadə üzrə ən yaxşı metodika" - 27 layihə, "İnformasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli" - 36 layihə). "Təhsildə İnternet texnologiyaları" istiqaməti üzrə isə cəmi 15 layihə ("Təhsildə İnternet resursları" - 7 layihə, "Müəllimlərin bloqları" - 8 layihə) nominant seçilib.

İstifadəçilər üçün onlayn müzakirə imkanlarının yaradıldığını deyən nazir hər iki istiqamət üzrə verilən şərhlərin statistikasını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qeyd olundu ki, ayrı-ayrı nominasiyalar üzrə layihələrə aid cəmi 13261 şərh verilib ki, bunlardan 4273-ü "Fənlərin tədrisində İKT-dən istifadə üzrə ən yaxşı metodika", 2098-i "İbtidai təhsildə İKT-dən istifadə üzrə ən yaxşı metodika", 5025-i "İKT-dən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli", 1429-u "Müəllimlərin bloqları" və 436-sı "Təhsildə İnternet resursları" nominasiyalarına aiddir. Ən çox müzakirə olunan işlər "Sadə həndəsi elementlər", "Xeyir və Şər", "Azərbaycanın şifahi xalq ədəbiyyatı", "Nyuton qanunlarının X sinifdə tədrisi", "Xətti funksiya", "Zamanın tələbi", "İnternet biliyə çatmaq üçün ən qısa yoldur", "Əsas nitq hissələri", "Qanaxmalar və yaralanmalar zamanı ilk tibbi yardım", "Kompüter" və sairədir.

Təqdim olunan layihələrdə ən çox Azərbaycan haqqında, informatika, ingilis dili, riyaziyyat, ekologiya, coğrafiya və digər sahələrlə bağlı mövzular əhatə olunub.

Misir Mərdanov müsabiqənin üçüncü mərhələsində nəzərdə tutulan meyarlara uyğun olaraq təqdim edilən layihələrin qiymətləndirilməsinin həyata keçirildiyini bildirərək məlumat verdi ki, səsvermənin yekununda 16 nəfər qalib adına layiq görülüb. "Elektron tədris resursları" istiqaməti üzrə 3 nəfər I, 3 nəfər II, 4 nəfər III yerin qalibi adını qazanıb.

"Təhsildə İnternet texnologiyaları" istiqamətində isə 2 nəfər I, 2 nəfər II, 2 nəfər III yerin sahibi olub.

Builki "Elektron təhsil" Respublika müsabiqəsində "Ən fəal region məktəbi" nominasiyası üzrə də qalib müəyyən edilib. Bu mükafata müsabiqəyə 29 resurs göndərərək birinciliyi qazanan Gəncə şəhərinin 38 nömrəli tam orta məktəbi layiq görülüb.

Müsabiqə iştirakçılarının statistikasını diqqətə çatdıran Misir Mərdanov məlumat verdi ki, bu yarışda Bakı şəhərindən 235, Gəncədən  229, İsmayıllıdan 109, Sumqayıtdan 71, digər regionlardan 173 layihə təqdim olunub. Təhsil naziri bu müsabiqədə paytaxtla yanaşı, Gəncə, İsmayıllı, Zaqatala, Qax, Ağdaş, Xaçmaz, Ucar və Şəki kimi regionların da çox fəal iştirak etməsini əlamətdar hal kimi dəyərləndirdi.

"Elektron təhsil" Respublika müsabiqəsinin əhəmiyyəti haqqında danışan nazir qeyd etdi ki,  hər il keçirilməsi nəzərdə tutulan bu müsabiqə vasitəsi ilə təhsildə İKT-nin tətbiqi sahəsində pedaqoji təcrübənin yayılması üçün effektiv mexanizmlər yaradılır. Sərbəst giriş üçün açıq olan 1627 elektron resurs bazasının arxivi yaradılıb. Təhsil ictimaiyyətinin İKT-nin tədris prosesinə inteqrasiyası haqqında məlumat almaq imkanları genişlənir. Müsabiqə diqqəti tədris prosesində İKT-ni tətbiq edən müəllimlərə cəlb edir. Tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarının axtarışı stimullaşdırılır. Elektron tədris resurslarının yaradılması sahəsində müəllimlər arasında rəqabətyönümlü bir mühit formalaşır.

Təhsil naziri Misir Mərdanov çıxışının sonunda "Elektron təhsil" respublika müsabiqəsinin keçirilməsində əməyi olan hər kəsə, bu işi təşkil edən bütün qurumlara, təşkilat və şirkətlərə təşəkkürünü bildirdi. Qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər qazanmağı arzuladı.

Sonra qaliblərin adları elan olundu. 

 

"Fənlərin tədrisində İKT-dən istifadə üzrə ən yaxşı  metodika" nominasiyası  

I yer:  Sevinc Babayeva, Bakı  şəhəri, 225 nömrəli tam orta məktəbin müəllimi

II yer: İlahə Fazilova, Göyçay  rayonu, 3 nömrəli tam orta məktəbin müəllimi

III yer: Şirin Məmmədova, Bakı şəhəri, 318  nömrəli tam orta məktəbin müəllimi

Fərqlənənlər: Sevinc Əsgərova, Dünyabəyim Eminova, Səadət Dibirova, Nübar Manafova, Sevil Xəmmədova, Emin Əmirli

 

"İbtidai təhsildə İKT-dən istifadə üzrə ən yaxşı metodika" nominasiyası  

I yer: Püstə Həsənova, Bərdə rayonu, Zərifə Əliyeva adına məktəb-liseyin müəllimi

II yer: Rəna Abdinova, Gəncə şəhəri, 4 nömrəli tam orta məktəbin müəllimi

III yer: Elfira Nurullayeva, Gəncə şəhəri, 43 nömrəli tam orta məktəbin müəllimi

III yer: Şəhla Əsgərova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr tələbəsi

Fərqlənənlər: Zərifə Bəşirova, Səbinə Həsənova, Kəmalə Yusufova, Vəfa Məmmədova, İlhamə Həsənova, Elnarə Əfəndiyeva

 

"İKT-dən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli" nominasiyası  

I yer: Olqa Hümbətova, Bakı Avropa Liseyinin müəllimi

II yer: Çingiz Hüseynzadə, Sumqayıt şəhəri, evdə fərdi orta təhsil məktəbinin XI sinif şagirdi

III yer: Sahirə Yusifova, Bakı şəhəri, 165 nömrəli tam orta məktəbin müəllimi

Fərqlənənlər: Fidan Hüseynova, Bəhruz Bəhmanlı, Təranə Vəliyeva, Hicran Məmmədova, Mehriban Məhərrəmova, Ülviyyə Bağırova

 

"Təhsildə İnternet resursları" nominasiyası 

I yer: Emil Hüseynov, Sumqayıt şəhəri, müxbir

II yer: Şəmsi Əliyev, Xırdalan şəhəri, B.Y.Cəfərov adına 3 nömrəli məktəb-liseyin müəllimi

III yer: Rəşad Əliyev, Bakı şəhəri, Xəzər-İnternet İnstitutunun direktoru 

 

"Müəllimlərin bloqları" nominasiyası  

I yer: Solmaz Süleymanova, Bakı şəhəri, 238 nömrəli tam orta məktəbin müəllimi

II yer: Çinarə Bayramova, Sumqayıt şəhəri, 36 nömrəli tam orta məktəbin müəllimi

III yer: Elvin Əliyev,  İsmayıllı rayonu, N.Behdiyev adına kənd tam orta məktəbinin müəllimi 

Əlavə nominasiya: "Ən fəal region məktəbi" - Gəncə şəhəri, 38 nömrəli tam orta məktəb 

Təhsil sahəsində çalışan məsul şəxslər, tanınmış alim və ziyalılar, müsabiqənin keçirilməsində iştirak edən şirkət və təşkilatların rəhbərləri qaliblərə diplom və müxtəlif hədiyyələr təqdim edərək onlarla xatirə şəkli çəkdirdilər. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov