Xəbər
verdiyimz kimi, 30 may - 14 iyun 2012-ci il tarixlərində
Türkiyədə X Beynəlxalq Türk Dili Olimpiadası
keçirilib.135 ölkədən 1500 məktəblinin qatıldığı bu
möhtəşəm yarışda Azərbaycanı təmsil edən 65 məktəblimiz
növbəti uğura imza ataraq 26 medal qazanıb.
İyunun 26-da Bakı Özəl Türk Liseyində X Beynəlxalq Türk
Dili Olimpiadasının yekunlarına və Azərbaycan
məktəblilərinin bu nüfuzlu yarışda qazandıqları
nailiyyətlərə həsr olunan mətbuat konfransı keçirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Səbail Rayon
Təşkilatının sədri Zahid Qaralov, Milli Televiziya və
Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Milli
Məclisin deputatları, Türkiyədə keçirilən olimpiadada
uğurla iştirak edən Azərbaycan komandasının üzvləri,
müxtəlif nominasiyalar üzrə qalib gələn şagirdlər,
onların valideynləri, KİV nümayəndələri və başqaları
iştirak edirdilər.
Konfransı Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş
İdarəsinin rəisi, Türkcə Olimpiadası Respublika Təşkilat
Komitəsinin sədri Mesut Kurnaz açaraq 2003-cü ildə 17
ölkədən 62 məktəblinin iştirakı ilə keçirilən ilk
Beynəlxalq Türk Dili Olimpiadasına ildən-ilə marağın
artdığını söylədi. Qeyd olundu ki, "İnsanlıq əl-ələ"
devizi altında keçirilən X Beynəlxalq Türk Dili
Olimpiadasında şagirdlər yazı, danışıq, qrammatika, xalq
rəqsləri, şeir, rəsm, tamaşa, mahnı, tanıtım stendləri
daxil olmaqla 14 nominasiya üzrə çıxış ediblər.
Olimpiadanın final mərhələsi 30 may - 14 iyun 2012-ci
il tarixlərində Türkiyənin 45 şəhərində 67 proqram üzrə
təşkil olunmuşdu. 100 min tamaşaçının qatıldığı və
özünün möhtəşəmliyi, məktəblilərin çıxışlarının
rəngarəngliyi ilə yadda qalan olimpiadanın rəsmi
bağlanış mərasimi isə İstanbulun Türk Telekom
stadionunda təşkil edildi. X Beynəlxalq Türk Dili
Olimpiadasında Azərbaycan da böyük bir nümayəndə heyəti
ilə təmsil olunurdu.
Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi
Mesut Kurnaz daha sonra çıxışında Türkiyə mətbuatında
olimpiada ilə əlaqədar 2521 xəbərin yayımlandığını və
Türkiyənin 45 televiziya kanalının müxtəlif
proqramlarında yarışmanın gedişatının işıqlandırıldığını
dedi. Türkiyə Respublikasının Prezidenti Abdullah Gül
tərəfindən olimpiada iştirakçılarının Prezident
İqamətgahında qəbul olunduğunu, həmçinin nüfuzlu
yarışmanın yekun tədbirində Türkiyə Respublikasının Baş
naziri Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyini deyən
M.Kurnaz bunların məktəblilərin həyatında əlamətdar və
unudulmaz hadisə olduğunu xüsusi vurğuladı.
İdarə rəisi olimpiada çərçivəsində iyunun 1-3
tarixlərində İstanbulun Fuar Mərkəzində iştirakçı 135
ölkənin tanıtım stendlərinin nümayiş etdirildiyini,
burada Türkiyədən sonra ən böyük pavilyonla Azərbaycanın
təmsil olunduğunu söylədi. Ölkəmizin tanıtım stendi ilə
tanışlıqdan sonra İstanbulun Fuar Mərkəzinin açıq havada
qurulmuş böyük səhnəsində Azərbaycana həsr olunan
konsert proqramı isə minlərlə tamaşaçı tərəfindən böyük
maraqla izlənilərək alqışlarla qarşılanmışdır.
Olimpiadanın yekunları barədə tədbir iştirakçılarına
ətraflı məlumat verən Mesut bəy daha sonra Azərbaycan
şagirdlərinin bu nüfuzlu yarışda qazandıqları uğurlardan
söz açdı. Qeyd etdi ki, Türkiyədə 14 nominasiya üzrə
keçirilmiş X Beynəlxalq Türk Dili Olimpiadasında
respublikamızı təmsil edən məktəblilərimiz 13 qızıl, 10
gümüş və 3 bürünc olmaqla bütövlükdə 26 medal
qazandılar. O,sevinc hissi ilə bildirdi ki, Azərbaycan
bu olimpiadada ən çox medal qazanan ölkə olub.
Ümumiyyətlə, Beynəlxalq Türk Dili Olimpiadasının
keçirildiyi 10 il ərzində şagirdlərimiz 35 qızıl, 48
gümüş, 20 bürünc medala layiq görülüblər. Azərbaycan
məktəblilərinin əldə etdiyi nailiyyətlərdən qürur
duyduğunu deyən Mesut Kurnaz bir daha hamını təbrik etdi.
Olimpiadada yüksək səviyyədə çıxışlarına görə qaliblərə
diplom və pul mükafatları təqdim edən Yeni Azərbaycan
Partiyasının Səbail Rayon Təşkilatının sədri Zahid
Qaralov, Milli Televiziya və Radio Şurasının sədri
Nuşirəvan Məhərrəmli onlara uğurlar arzuladılar, əsas
təşkilatçısı Türkcə Öyrətim Mərkəzi olan Beynəlxalq Türk
Dili Olimpiadasının Azərbaycandakı tərəfdaşı "Çağ"
Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdəki fəaliyyətini
müsbət dəyərləndirdilər.
Qaliblərə ən xoş istəklərini çatdıran Milli Məclisin
deputatları Azər Badamov, Tahir Rzayev respublikamızda
kifayət qədər yüksək intellektə, biliyə malik istedadlı
yeniyetmə və gənclərin olduğunu, onların ölkəmizin
hüdudlarından kənarda müxtəlif mövzularda keçirilən
bilik yarışlarında, beynəlxalq olimpiadalarda,
müsabiqələrdə layiqli yer tutduqlarını qeyd etdilər.
"Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri
Ənvər Özərən çıxış üçün söz alaraq X Beynəlxalq Türk
Dili Olimpiadasında məktəblilərimizin əldə etdiyi
nailiyyətlərdən razılıq hissi ilə danışdı, onların
Azərbaycanı bu möhtəşəm yarışmada layiqincə təmsil
etdiklərini söylədi. Qeyd etdi ki, olimpiadada iştirak
edən məktəblilərimizin uğurlu iştirakı dünyanın 135
ölkəsindən gələn ayrı-ayrı millətləri, dinləri, irqləri
təmsil edən insanların respublikamızı yaxından
tanımasına imkan verdi. Olimpiadanın keçirilməsində
əməyi olanlara öz təşəkkürünü bildirən Ənvər Özərən
vətənə medallarla dönən məktəblilərimizə
müvəffəqiyyətlər dilədi.
Tədbir olimpiadada uğur qazanan Azərbaycan nümayəndə
heyətinin üzvlərinin ifasında maraqlı konsert proqramı
ilə davam etdi.
Samirə KƏRİMOVA |