Türkiyə Milli Təhsil Nazirliyinin "Fateh layihəsi"
çərçivəsində 2007-ci ildən etibarən reallaşan "Yenilikçi
müəllimlər" proqramına uyğun olaraq Ankarada "Yenilikçi
müəllimlər forumu" keçirilmişdir.
AzərTAc xəbər verir ki, Türkiyənin müxtəlif
vilayətlərindən 210 müəllimin qatıldığı forumda ilk dəfə
olaraq Azərbaycandan altı nəfərdən ibarət müəllim heyəti
iştirak etmişdir.
Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi
"Təhsilin inkişafı üzrə II layihə"nin milli
məsləhətçisi, əməkdar müəllim Almaz Həsrət də iştirak
etmişdir. O bildirmişdir ki, forum çərçivəsində ikisi
(ortaq layihə) Azərbaycandan olmaqla 69 layihə nəzərdən
keçirilmiş, iştirakçılara sertifikat və diplomlar təqdim
olunmuşdur. Münsiflər heyətində Türkiyənin müxtəlif ali
təhsil müəssisələrinin nümayəndələri təmsil olunmuşlar.
Qaliblərin Türkiyəni Ortadoğu yenilikçi müəllimlər
forumu və Dünya yenilikçi müəllimlər forumunda təmsil
edəcəyi gözlənilir.
Tədbirdə Türkiyə Milli Təhsil Nazirliyinin nümayəndələri
də iştirak etmişlər. Forumda, həmçinin Azərbaycandan
"İdrak" məktəbinin direktoru Fatmaxanım Bünyadova,
Zərifə Əliyeva adına məktəbin müəllimləri Aytən Tahirli,
Zemfira Məhəmmədova, Gülxas Aslanova və əməkdar müəllim
Mətanət Əhmədova da iştirak etmişlər. |