Müəllim! Hamıdan ötrü əziz, müqəddəs olan varlıq. Bu
insanın ömrü işığa, istiliyə dönüb qətrə-qətrə axır,
başqalarının gözünə ziya, qoluna güc, dilinə taqət verir,
onları gələcək qələbələrə səsləyir. Bu ömürdən dərs
dediyi şagirdlərin hamısına pay düşür, özü də bu pay
əziz bir xatirəyə dönüb daim yaşayır. İnsan ömründə
mərhələyə dönən anlar, dəqiqələr, günlər, illər zaman-zaman
yaşayır, öz təkrarı ilə hansı əziz xatirənisə yada salır.
Bu tarix insan yaddaşına pozulmaz naxışlarla yazılır,
bir ömrün salnaməsinə çevrilir.
Belə
hadisələrdən biri də məhz bu günlərdə Şabran şəhər
R.Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü
məktəb-liseydə böyük təntənə ilə qeyd edilən bir
insanın doğum günüdür.O insanın ki, artıq dünyasını
dəyişib, iş yoldaşlarına, rəfiqələrinə, şagirdlərinə,
övladlarına və nəvələrinə sevgi, məhəbbət dolu çələng
bəxş edən müəllim, ana, böyük bacı, nəhayət, qayğıkeş
bir insan kimi xatirələrdə dərin iz buraxmışdır.
Məktəbin pedaqoji kollektivi,rayon ictimaiyyətinin
nümayəndələri çox həzin, kövrək hisslərlə əziz bir
insanın doğum gününə toplaşmışdılar. Məktəbin geniş akt
zalında böyük pedaqoq və müəllim, tərbiyəçi və yaxın
sirdaş, fəal ictimaiyyətçi və məktəb direktoru, mehriban
ana və qayğıkeş ailə başçısı Sədaqət Əziz qızı
Əsgərovanın ömür yolundan bəhs edən xatirə şəkilləri,
fotostendlər, medal və fəxri fərmanlar düzülmüşdü.
Səhnədə yanan şamlar yarımçıq qalan bir ömrün şam kimi
əridiyinə elə bil bir nişanə idi. Zalda sakitlik, bir
səssizlik hökm sürürdü. Bu səssizliyi K.Xasıyevanın ifa
etdiyi "Ana həsrəti" musiqisinin lent yazıları pozurdu.
Gözlərdə yaş, ürəklərdə bir nisgil...
Tədbiri məktəbin direktoru R.Hüseynov açaraq dedi: "Ömrünün
çox hissəsini elmə, təhsilə, insanlara xidmətə həsr edən
bu insan heç vaxt yorulmamışdır. Şagirdlərinə sevə-sevə
biliklərin sirrini aşılamış, fəal ictimaiyyətçi olmuşdur.
Sədaqət müəllim həqiqətən də mənəviyyatca zəngin bir
ömür yaşamış, fədakar bir insan kimi mənalı həyat yolu
keçmişdir. Biz onun xatirəsini daim yaşadacaq, yarımçıq
qalmış işlərini davam etdirəcəyik".
S.Əsgərovanın həyat və fəaliyyəti haqqında məktəbin
təşkilatçı müəllimi G.Rzayeva məlumat verdi. Onun
məktəblə bağlı həyatından lent yazıları nümayiş
etdirildi. S.Əsgərova 1985-ci ildə Şabran şəhər 2
nömrəli orta məktəbə direktor təyin edilmiş, ömrünün
sonuna kimi bu çətin və şərəfli işdə çalışmışdır. "Sevil"
qadınlar məclisi rayon şöbəsinin sədri, Şabran
bələdiyyəsinin üzvü, şəhər və rayon sovetlərinin
deputatı, iki dəfə respublika qadınlar qurultayına, iki
dəfə isə respublika müəllimlər qurultayına nümayəndə
seçilmişdir. S.Əsgərova respublikanın "Əməkdar müəllimi"
fəxri adina və "Tərəqqi" medalına layiq görülmüşdür.
Sədaqət müəllim 23 il 2 nömrəli məktəbin qapılarından
içəri girib.Onun gənclik illəri bu divarlar arasında
keçib. Qara saçlarına burada dən düşüb.Gözünün nurunu
qətrə-qətrə əridib ağ kağız kimi beyinlərə. Tale alın
yazısından başlayır, deyirlər. Hər kəs öz qismətini
yaşayır. Sədaqət müəllimin də qismətinə tale gözəl ailə,
ağıllı, tərbiyəli övladlar bəxş edib. 3 qızı, 1 oğlu, 3
nəvəsi var. S.Əsgərova elinin, obasının hörmətli-izzətli
bir xanımı,gözəl keyfiyyətlərə malik bir ziyalı idi. Bu
gün haqqında söylənilən gözəl fikirlərdən bir daha aydın
oldu ki, o, ölməmişdir, onu sevənlərin, tanıyanların
qəlbində yaşayır.
Sədaqət müəllimi sevənlər, onun doğum gününə yığışan
yaxın dostları öz xatirələrini söylədilər. Məktəb-liseyin
dil-ədəbiyyat müəllimi, illərlə Sədaqət müəllimlə çiyin-çiyinə
çalışmış, həm də sinif yoldaşı olmuş Həqiqət Əzimova
həzin xatirələri ilə tədbir iştirakçılarını daha da
kövrəltdi. Məktəbin həmkarlar təşkilatının sədri
Z.Cəbrayılova, dil-ədəbiyyat müəllimi S.Niknajad,
müəllim Ş.Eminova və başqaları çıxış edərək Sədaqət
Əsgərova haqqında dəyərli fikirlərlə onu bir daha yad
etdilər.
Məclisin qonaqları, Şabran Rayon İcra Hakimiyyətinin
məsul işçisi M.Quliyeva, təhsil şöbəsinin metodisti
F.Əsgərova, "Respublika" qəzetinin bölgə müxbiri
A.Tağıyev və başqaları Sədaqət müəllimlə bağlı
xatirələrdən danışaraq onun pedaqoq, məktəb rəhbəri və
ictimai xadim kimi fəaliyyətini yüksək dəyərləndirdilər.
Sonra söz məktəblilərə verildi. 9-cu sinif şagirdləri
kamanın həzin sədaları altında Sədaqət müəllimə həsr
olunmuş şeirlər söylədilər. Onun doğum günündə iştirak
edən nəvələri, məktəbin şagirdləri Mehriban və Bahar da
öz şeir töhfələri ilə nənələrini yad etdilər. Sədaqət
müəllimin tədbirdə iştirak edən ailə üzvləri: ömür - gün
yoldaşı, məktəbin idman müəllimi Adil Ağayev,qızları
Fərzanə və Tünzalə söz alaraq analarının xatirəsini əziz
tutduqlarına, onun doğum gününü bu gün təntənəli qeyd
etdiklərinə görə məktəb rəhbərliyinə və tədbirə
toplaşanlara öz minnətdarlıqlarını bildirdilər. Bu gün
rahat uyu, ana! Sənin yolunu bir müəllim kimi qızın
Fərzanə şərəflə yerinə yetirir.
Tədbir kövrək, həzin musiqi sədaları ilə sona çatdı.
Xatirə şəkilləri çəkildi. Bütün pedaqoji kollektiv,
yaxınları gül-çiçək dəstələri ilə onun qəbrini ziyarət
etdilər.
G.RZAYEVA,
Şabran şəhər R.Yusifov adına 2 nömrəli texniki fənlər
təmayüllü
tam orta məktəbin məktəbdənkənar və sinifdən-xaric işlər
üzrə təşkilatçısı |