Bəşəriyyət
tarixində müəllimin müdrik insanlar arasında həmişə
xüsusi yeri olub. Müəllimlik bütün zamanlarda cəmiyyətdə
ən yüksək qiymətə layiq peşə sayılıb. Gənc nəslin
müstəqil həyata hazırlanması, dünyagörüşünün
formalaşması, gələcəyin mütəxəssisinin ilk hazırlığı
məhz orta məktəb illərindən başlayır. Cəmiyyət ən əziz,
ən qiymətli sərvətini - uşaqları, öz ümidini, gələcəyini
məhz müəllimə etibar edir. Respublikamızda müəllim adını
şərəflə daşıyan və bütün varlığı ilə təhsilə bağlı olan
pedaqoqlar çoxdur. Belə müəllimlərdən biri də ömrünün
60-cı baharını yaşayan Bakıdakı Heydər Əliyev adına
liseyin direktoru, əməkdar müəllim Fikrət Xəlilovdur.
Fikrət Xəlilov 1952-ci ildə Azərbaycanın qərb bölgəsində
yerləşən zəngin mədəniyyət və təhsil ənənələri olan
Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. 1974-cü
ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin
riyaziyyat fakültəsini bitirən Fikrət müəllim təyinatla
Sabirabad rayonuna göndərilmiş və burada pedaqoji
fəaliyyətə başlamışdır. Sonra fəaliyyətini Bakıdakı 254
nömrəli orta məktəbdə riyaziyyat müəllimi kimi davam
etdirən F.Xəlilov 1992-ci ildən 2004-cü ilədək 287
nömrəli "Zəkalar" liseyində, 2004-cü ildən etibarən isə
ümummilli liderin adını daşıyan Heydər Əliyev adına
liseydə direktor vəzifəsində çalışır. F.Xəlilov işlədiyi
dövrlərdə bir çox fəxri adlar və diplomlarla təltif
olunub. Belə ki, 1986-cı ildə "Xalq maarif əlaçısı" döş
nişanı, 1989-cu ildə "Metodist müəllim", 2005-ci ildə
isə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Əməkdar
müəllim" fəxri adına layiq görülüb. Dövri mətbuatda elmi
və metodiki məqalələrlə çıxış edən Fikrət müəllim "Fizika
və riyaziyyat tədrisi" jurnalında "İrrasional
tənliklərin tədrisi metodikası" və "İbtidai məktəb və
məktəbəqədər tərbiyə" jurnalında "Hərəkətə aid
məsələlərin tədrisi haqqında" metodik məqalələrin,
Təhsil Nazirliyinin müvafiq əmri ilə qrif verilmiş və
riyaziyyat müəllimi Adil Asalıyevlə birgə hazırladığı
iki hissədən ibarət "Riyaziyyatdan testlər" adlı dərs
vəsaitinin müəllifidir. Təhsil Nazirliyinin göndərişi
ilə müxtəlif illərdə İsrail və Kanadada olan F.Xəlilov
bir çox mövzularda keçirilən beynəlxalq seminar və
konfransların iştirakçısıdır.
F.Xəlilovun
yüksək peşəkarlığı, müəllimlik sənətinə olan sevgisi,
gənc nəslin təlim-tərbiyəsinə göstərdiyi qayğı, bu yolda
fədakarcasına çalışması rəhbərlik tərəfindən daim yüksək
qiymətləndirilmiş və 2004-cü ildə ulu öndərin adını
daşıyan Heydər Əliyev adına liseyə direktor vəzifəsinə
təyin olunmuşdur. Yüksək təşkilatçılıq və idarəçilik
keyfiyyətlərinə malik olan F.Xəlilov qısa müddət
ərzində Heydər Əliyev adına liseyi layiq olduğu uca
yerlərə yüksəltmiş və lisey respublikamızda nümunəvi
təhsil müəssisəsinə çevrilmiş, 2008-ci ildə isə ölkə
Prezidenti İlham Əliyevin sərəncamı ilə "Ən yaxşı
ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.
Rəhbərlik etdiyi kollektivin böyük rəğbətini qazanan
F.Xəlilov perspektivli gənc müəllimlərin və xüsusi
istedada malik olan şagirdlərin potensialının aşkar
edilməsində də xüsusi bacarığa malikdir. Təsadüfi deyil
ki, onun rəhbərlik etdiyi Heydər Əliyev adına liseyin
şagirdləri istər Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının keçirdiyi qəbul imtahanlarında, istər
ölkədaxili, istərsə də beynəlxalq səviyyəli olimpiada və
müsabiqələrdə yüksək nəticələr əldə edərək bu təhsil
ocağının adını şərəflə yüksəldirlər.
Fikrət Xəlilovun dediklərindən:
Müəllim sənətini seçməyimdə uzun müddət məktəb direktoru
işləmiş, tanınmış pedaqoq, dayım Nuru Fərzəliyevin və
Qazax şəhər 1 nömrəli orta məktəbdə təhsil aldığım
illərdə bacarıqlı riyaziyyat müəllimim mərhum Qara
Hacıyevin böyük rolu olub. Onları özümə örnək seçərək
müəllimlik peşəsinə yiyələnmək üçün ali məktəbə daxil
oldum. Ali məktəbi bitirdikdən sonra təyinatım üzrə 3 il
Sabirabad rayonunun Talış kənd orta məktəbində işlədim.
Həmin məktəbin mənim gələcək
fəaliyyətimdə və həyatımda xüsusi rolu olub. Məktəbin
direktoru İmanqulu Həsənovun rəhbərliyi altında işə
başladığım ilk illərdən gələcək pedaqoji fəaliyyətimdə
son dərəcə mühüm olan əsl müəllimlik, pedaqoji ustalıq
və
idarəetmə
keyfiyyətlərini öyrəndim. Bəlkə də məndə həmin illərdən
qalan adətdir ki, rəhbərlik etdiyim liseyə hamıdan yarım
saat tez gəlirəm. Liseyimizin çıxışında şagirdlər üçün
nəzərdə tutulmuş "Nə öyrənib gedirsən?", müəllimlər üçün
isə "Nə öyrədib gedirsən?" başlıqlı müraciət var. Məncə,
hər bir insan qarşısına məqsəd qoymalı və bu məqsədə
çatmaq üçün var gücü ilə çalışmalıdır. Pedaqoji
kollektivimiz bu gün qloballaşan dünyada hərtərəfli
biliyə malik yüksək intellektual səviyyəli gənclərin
hazırlanmasını qarşısına məqsəd qoyub. Qeyd edim ki, bu
günün şagirdlərini gələcəyin ixtisaslı mütəxəssisi kimi
qəbul etməliyik. Bu baxımdan qloballaşmanın geniş vüsət
aldığı informasiya cəmiyyətində sosial-iqtisadi
fəaliyyət sahələrində rəqabətin gücləndiyi, habelə təbii
resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu
daha da artmaqdadır. Hazırda respublikamızda şagirdlərin
yüksək səviyyədə təhsil alması üçün dövlət tərəfindən
hər bir şərait yaradılıb. Ümummilli liderimiz Heydər
Əliyevin ideyaları əsasında formalaşan müasir Azərbaycan
təhsili dünya təhsil sisteminə uğurla inteqrasiya olunur.
Ölkə başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi
diqqət və qayğı nəticəsində respublikamızda yeni
məktəblər tikilir. Biz təhsil işçiləri yaradılan
şəraitdən maksimum istifadə etməli və gələcək nəslin
inkişafı üçün var gücümüzlə çalışmalıyıq.
Liseyin müəllimi Hökümə Əliyeva:
-1999-2000-ci tədris ilindən etibarən respublikamızın
təhsil sahəsində İslahat Proqramı həyata keçirilməyə
başladı. Mən o zaman bu İslahat Proqramını həyata
keçirmək üçün Təhsil Nazirliyi tərəfindən seçilən 20
pilot məktəbindən biri olan 181 nömrəli məktəbdə
işləyirdim. Pilot məktəblər əldə etdikləri təcrübəni
aralarında bölüşmək məqsədi ilə "dəyirmi masa"lar, "açıq
dərs"lər, "açıq qapı günləri" keçirirdilər. 2002-ci ildə
işlədiyim məktəbdə bu cür tədbir keçirildi. Mənim 3-cü
sinifdə hazırladığım "açıq dərs"də bir çox qonaqlar,
eləcə də həmin illərdə "Zəkalar" liseyinin direktoru
olan F.Xəlilov da iştirak etdi. F.Xəlilov dərs haqqında
yüksək fikir söylədi. Sonra məni öz məktəbində keçirdiyi
"dəyirmi masa"ya dəvət etdi. Çox böyük hörmətlə
kollektivinə yaradıcı bir müəllim kimi təqdim etdi. Bir
müddət keçdikdən sonra F.Xəlilov Heydər Əliyev adına
liseyə direktor təyin edildi. Fikrət müəllimin məqsədi
ulu öndərimizin adını daşıyan liseydə güclü kadr
potensialı yaratmaq, məktəbin nüfuzunu günü-gündən
artıraraq, daşıdığı adı doğrultmaq idi.
Fikrət müəllim məqsədini söyləyərək pedaqoji
fəaliyyətimi məhz bu məktəbdə davam etdirmək üçün məni
liseyə dəvət etdi. Beləliklə, 2006-cı ildən etibarən mən
F.Xəlilovun rəhbərlik etdiyi kollektivdə çalışıram.
İşimdən çox məmnunam. Çünki məktəbimizdə sağlam mənəvi-psixoloji
mühit var, işləyən müəllim üçün gözəl şərait mövcuddur.
Yenilikləri həyata keçirmək üçün rəhbərlik tərəfindən
əlverişli əmək şəraiti yaradılmışdır. İslahatın
tələblərinə uyğun olaraq liseyimiz səmərəli öyrənmə
mühiti yaratmaq üçün geniş sinif otaqları, İKT
avadanlıqları və digər texniki təlim vasitələri ilə
təchiz edilmişdir. Bu məktəbdə işləyən hər bir müəllim
dərk edir ki, təcrübəsini daim yeniləşdirməli, daha da
zənginləşdirməlidir. Fikrət müəllim deyir ki, müəllim
sözünün məsuliyyət yükü çox ağırdır. Əsl müəllimin dərin
elmi biliyi, dünyagörüşü ilə yanaşı, böyük ürəyi də
olmalıdır.Bütün bunları F.Xəlilovda görmək olar.
Yadımdadır ki, pedaqoji şurada Fikrət müəllim Nazim
Hikmətin belə bir fikrinə istinad etdi: "Xoşbəxt o
şəxsdir ki, səhər işə, axşam isə evə tələsir!". Fikrət
müəllimin rəhbərlik etdiyi liseyin kollektivi istər
pedaqoji, istər texniki heyət, istərsə də şagird
kontingenti hər səhər böyük həvəslə məktəbə tələsir.
Çünki hər birimiz bilirik ki, bizi xoşrəftar, səmimi,
hər insana fərdi olaraq yanaşan diqqətli rəhbər, ən
əsası isə gözəl insan gözləyir.
Hər birimiz fəaliyyətimizlə, nailiyyətimizlə Fikrət
müəllimin etimadını doğrultmağa çalışırıq. İskəndərdən
soruşublar: "Atanı çox sevirsən, yoxsa müəllimini? Cavab
verib ki , müəllimimi! Atam məni fani dünyaya gətirib,
müəllimim isə mənə əbədi həyat bəxş edib". Fikrət
müəllim də məhz belə müəllimlərdəndir. O, rəhbərdən
əvvəl bilikli, elmin qapılarını şagirdlərinin üzünə açan
fədakar riyaziyyat müəllimidir. Ümummilli liderimiz
Heydər Əliyev deyirdi: "Mən yer üzündə müəllimdən yüksək
ad tanımıram". Fikrət müəllim məhz müəllim adını
yüksəklərə qaldıran bir müəllimdir.
Fürsətdən istifadə edib 60 illik yubileyi münasibətilə
F.Xəlilovu təbrık edirəm, ona Tanrıdan cansağlığı
arzulayıram ki, bundan sonra da uzun illər təhsilimizə
xidmət etsin.
Pedaqoji fəaliyyətə Heydər Əliyev adına liseydə başlamış
gənc tarix müəllimi Hafiz Cabbarov:
- Hər bir insanın həyatının yaddaqalan anları olur. Bu
anlar insan həyatını, onun fəaliyyətini
istiqamətləndirir. Yaxşı yadımdadır, BDU-nun tarix
fakültəsini bakalavr və magistr pillələri üzrə fərqlənmə
diplomu ilə bitirdikdən sonra yeni ümid, yeni başlanğıc
axtarışında idim. Çox sevdiyim, dəyər verdiyim bir sənət
seçmişdim. Müəllim olmaq istəyirdim. Təsadüfən Xətai
rayonunda yeni təhsil ocağının - Heydər Əliyev adına
liseyin fəaliyyətə başladığını eşitmişdim. Ulu öndərin
adını daşıyan məktəbdə işləmək şərəfli və eyni zamanda
məsuliyyətli iş idi. Hələ pedaqoji fəaliyyətinə yeni
başlamış şəxs üçün daha həyəcanlı idi. Bu həyəcan və
ümidlə liseyə gəldim. Qəbul otağına yaxınlaşdım. Liseydə
işləmək istəyimi bildirdim. Lakin müəllimlərin işə qəbul
müsabiqəsinin artıq başa çatdığını dedilər. Taleyin
işimi, yoxsa təsadüfmü, açıq qapıdan bu söhbəti dinləyən
direktor məni içəri dəvət etdi. Otağa daxil oldum. Tanış
olduq. Məqsədimi, məramımı bildirdim. Direktorun nurani
görünüşü və alicənab qəbulu artıq bütün həyəcanıma son
qoymuşdu. Bu, direktor, mənim pedaqoji fəaliyyətimin
başlanmasına təsir göstərmiş Fikrət Xəlilov idi. Səmimi
olaraq etiraf edirəm: Mən bütün uğurlarımın başlanğıcını
o qısa və səmimi qəbulda görürəm. Artıq 8 ildir ki, bu
liseydə çalışıram. Əgər tarix elmini kitablardan
öyrənmişdimsə, pedaqoji fəaliyyəti Fikrət müəllimdən
öyrəndim. Qısa müddət ərzində əvvəlcə dərsliklərin
rəyçisi, daha sonra isə müəllifi oldum. 2010-cu ildə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
cənablarının sərəncamı ilə "Ən yaxşı müəllim"
müsabiqəsinin qaliblərindən oldum.
Müəllimlik peşəsini bütün peşələrdən üstün hesab edən
Fikrət müəllim nizam-intizamı, müəllimlərə və şagirdlərə
həssas, səmimi münasibəti uğurun açarlarından hesab edir.
Yaxşı xatırlayıram. Bir dəfə dərsə gecikmişdim. Fikrət
müəllim isə adəti üzrə yenə hər kəsdən öncə gəlib iş
gününə başlamışdı. Tələsik addımlarla liseyin girişinə
daxil oldum. Açığı çox utanırdım. Sanki bunu hiss
edibmiş kimi, Fikrət müəllimin məni görməməzliyə vuraraq
uzaqlaşdığını gördüm. Bu jestdən çox təsirləndim. Özüm-özümə
bir daha gecikməyəcəyimə söz verdim. O hadisə mənə sübut
etdi ki, pedaqoji ustalıq yalnız kitablarda yazılmır,
fəaliyyətdə öz ifadəsini tapır.
Bəli, hamıya ömründən pay verən bir müəllim ömrünü də
beləcə vərəqlədik. Vərəqlədikcə 60 il yaşamış və
həyatının 40 ilinə yaxınını Azərbaycan təhsilinə həsr
etmiş şərəfli və mənalı bir ömrün şahidi olduq. Biz də
Fikrət müəllimi 60 illik yubileyi münasibətilə təbrik
edir, uzun ömür, cansağlığı arzulayırıq.
Niyazi RƏHİMOV |