Bu günlərdə Azərbaycan Dillər Universitetinin
İnformasiya Resurs Kompleksində Amerika Mərkəzinin
fəaliyyətinin beşillik yubileyinə həsr olunmuş tədbir
keçirildi.
Tədbirdə Milli Məclisin deputatları, ABŞ səfirliyinin,
BMT-nin İctimai İnformasiya Departamentinin
Azərbaycandakı nümayəndəliyinin təmsilçiləri və
universitetin əməkdaşları iştirak edirdilər
ADU-nun rektoru, Milli Məclisin deputatı, professor
Səməd Seyidov tədbiri giriş sözü ilə açaraq Amerika
Mərkəzinin yaranması və fəaliyyəti haqqında danışdı. O,
Amerika Mərkəzinin ADU və ABŞ-ın ölkəmizdəki səfirliyi
arasında 5 il bundan əvvəl imzalanmış Anlaşma
Memorandumu əsasında yaradıldığını qeyd etdi. Rektor
səfirliyə və digər xarici təşkilatlara Amerika
Mərkəzinin inkişafında göstərdikləri köməyə görə
təşəkkürünü bildirdi. Beş il ərzində mərkəzin uğurla
fəaliyyət göstərdiyini və bu mərkəzdən nəinki ADU, eyni
zamanda digər universitet tələbələrinin də
faydalandığını vurğuladı. "Biz yeni texnologiya və
avadanlıqları universitetə gətirərək minlərlə tələbənin
bunlardan istifadə etməsinə nail olmuşuq", - deyə
S.Seyidov qeyd etdi.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam
Sterlinq Amerika səfirliyinin ölkəmizdə müxtəlif
layihələr həyata keçirdiyini, onların ən uğurlularından
birinin ADU-da Amerika Mərkəzinin yaradılması olduğunu
dedi. Hər həftə səfirliyin nümayəndələrinin Amerika
Mərkəzində tələbələrə mühazirə oxuduğunu iştirakçıların
nəzərinə çatdırdı. A.Sterlinq Amerika Mərkəzinin
2007-ci ildən etibarən fəaliyyətini uğurla davam
etdirdiyini söylədi. O, mərkəzə orta hesabla 250 min
nəfərin müraciət etdiyini bildirdi.
Sonra ABŞ səfirliyi və ADU arasında Anlaşma Memorandumu
yeni müddətə imzalandı.
Tədbirdə Amerika Mərkəzlərinin baş direktoru Lora Hohman
Kasparinin, eləcə də ADU-dakı Amerika Mərkəzinin
xidmətindən istifadə etmiş və hazırda ABŞ-da təhsil alan
azərbaycanlı gənclərin videotəbrikləri də nümayiş
olundu.
Sonra tədbir bədii hissə ilə davam etdirildi.
Şakir CƏFƏROV |