Naxçıvan Dövlət Universitetində ali məktəbin
yenilənmiş rəsmi İnternet səhifəsinin təqdimat mərasimi
keçirildi. İnternet səhifəsi (www.ndu.edu.az)
universitetin İnformasiya-kommunikasiya texnologiyaları
şöbəsi (İKT) və "MEQA" MMC şirkəti tərəfindən
hazırlanmışdır.
Bu münasibətlə təşkil olunan tədbiri giriş sözü ilə açan
rektor, akademik İsa Həbibbəyli müasir dünyamızda
informasiya-kommunikasiya texnologiyalarının
əvəzolunmaz rolundan, ali məktəbdə bu sahədə həyata
keçirilən layihələrdən danışdı. Vurğulandı ki, ali
təhsil ocağında müasir İKT uğurla tətbiq olunur.
Universitetin bütün struktur bölmələri müasir
kompüterlərlə təchiz edilib və burada yüksək
keyfiyyətli İnternet şəbəkəsindən istifadə olunur ki, bu
da tədrisin keyfiyyətini daha da artırır. Rektor dedi
ki, ali təhsil ocağında təşkil olunan videokonfranslar
universitetin dünyanın aparıcı universitetləri ilə
inteqrasiya olunması prosesinin uğurla həyata
keçirilməsinə xidmət edir.
İnformasiya-kommunikasiya texnologiyaları şöbəsinin
müdiri Xaliq Babayev təmsil etdiyi şöbənin
fəaliyyətindən danışdı. Qeyd olundu ki, şöbənin əsas
vəzifələrindən biri universitetdəki kompüterlərin
təhlükəsizliyini təmin etmək və texniki xidmət
göstərməklə yanaşı, əlavə olaraq proqramların
hazırlanması, veb səhifələrin dizayn olunması, ümumi
dizayn işləri, şəbəkələrin və yüksək səviyyəli
təhlükəsizlik sistemlərinin qurulması, serverlərin
sazlanması, onların təhlükəsizliyinin təmin edilməsindən
ibarətdir. Vurğulandı ki, universitetin hər bir tədris
binasında Wireless antenalar qurularaq istifadəyə
verilmişdir. Hotspotlar vasitəsi ilə universitetin 108
hektarlıq kampusunda simsiz İnternet şəbəkəsi
qurulmuşdur. 2009-cu ildə universitetdə "CİSCO"
texnologiyaları əsasında bütün universiteti əhatə edən
lokal şəbəkə quraşdırılmışdır. Universitetdə lisenziyalı
əməliyyat sistemi, ofis proqramı, antivirusla təmin
olunmuş və yüksək keyfiyyətli İnternet şəbəkəsinə
birləşdirilmiş 500-dən çox personal kompüter və noutbuk
vardır. Yeni istifadəyə verilmiş tələbə yataqxanasında
da tələbələrin müasir İKT-dən istifadə etməsi üçün
nəzərdə tutulmuş 2 elektron lövhə otağı istifadəyə
verilmişdir. Ümumiyyətlə, NDU-da 39 elektron lövhəli
tədris otağı fəaliyyət göstərir. Universitetdə
quraşdırılmış "Polycom" HD 8000 markalı ən müasir
internet-konfrans kamerası da bu ali təhsil ocağının
digər universitetlərlə mövcud əlaqələrinin inkişafı,
videobağlantıların qurulması, müştərək videodərslərin
keçirilməsi üçün daha da geniş imkanlar açmışdır.
"Elektron - Naxçıvan" proqramı çərçivəsində 2005-ci
ildən etibarən hər il keçirilən beynəlxalq
simpoziumların da məhz Naxçıvan Dövlət Universitetində
təşkil olunması bu ali təhsil ocağının İKT sahəsində
qazandığı uğurlardan xəbər verir.
Sayt haqqında məlumat verən İKT şöbəsinin müdiri qeyd
etdi ki, burada məlumatlar Azərbaycan, ingilis və rus
dilləri olmaqla 3 dildə yerləşdirilmişdir. Buradan
universitetimizin tarixi inkişafı, struktur bölmələri,
mərkəzləri, muzeyləri, tələbə təşkilatları, elmi
kitabxana haqqında, elektron kataloq sistemi, elm və
təhsil, sosial-mədəni mühitdə baş verən yeniliklər
haqqında məlumatları əldə etmək mümkündür.
Sonra saytla tanışlıq oldu.
Nərmin CƏFƏROVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı |