İyunun
25-də təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan
Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart
şəhərindəki fəxri konsulu Otto Hauzer və ölkəmizin
Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz
Şahbazovla görüşüb.
Misir Mərdanov qonaqları səmimi salamlayaraq onları
Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə
edib. Azərbaycanla Almaniya arasında mövcud olan
əməkdaşlığın son illər daha da genişləndiyini bildirən
nazir iki ölkənin təhsil əlaqələrinin inkişaf
etdirilməsinin mühüm əhəmiyyətini vurğulayıb.
Misir Mərdanov Azərbaycanın Ştutqart şəhərindəki fəxri
konsulu Otto Hauzerin Azərbaycan-Almaniya təhsil
əlaqələrinin səmərəliliyinin artırılmasında böyük
xidmətləri olduğunu diqqətə çatdırıb və onun bu
istiqamətdə gördüyü işləri xüsusi qeyd edib. Nazir iki
ölkənin təhsil əlaqələri çərçivəsində artıq peşə təhsili
üzrə əməkdaşlığın yaradıldığını və bu sahədə müəyyən
addımlar atıldığını deyib. Təhsil naziri hazırda uğurla
həyata keçirilən "Kənd təsərrüfatı üzrə peşə təhsili
sisteminin təkmilləşdirilməsi" (TVİNNİNQ) layihəsini
Almaniya ilə peşə təhsili sahəsində əməkdaşlığın müsbət
nümunəsi kimi nəzərə çatdırıb.
Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli
səfiri Pərviz Şahbazov iki ölkənin təhsil sahəsindəki
uğurlu əlaqələrindən və onun daha da möhkəmləndirilməsi
istiqamətlərindən söz açıb. Səfir bu görüşün təhsil
sahəsində qarşılıqlı əlaqələrin səmərəliliyinin
artırılması baxımından mühüm əhəmiyyəti olacağını inamla
vurğulayıb.
Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri
konsulu Otto Hauzer səmimi qəbul üçün təhsil naziri
Misir Mərdanova təşəkkür edib. Almaniya-Azərbaycan
təhsil əlaqələrinin inkişafına böyük önəm verdiyini
bildirən fəxri konsul ölkəmizdə peşə təhsili sahəsi üzrə
yeni layihənin həyata keçirilməsi təklifi ilə çıxış edib.
Otto Hauzer Azərbaycanda Almaniya modeli əsasında pilot
peşə təhsili müəssisəsinin yaradılması istiqamətlərindən
bəhs edib və müvafiq layihənin Sumqayıt şəhərində
reallaşdırılacağını açıqlayıb. Qonaq pilot peşə təhsili
müəssisəsində təhsil müddətinin 3 il olmasının və burada
iqtisadiyyatın kimya, tikinti, mexatronika sahələri üzrə
kadr hazırlığının aparılmasının nəzərdə tutulduğunu
bildirib. Yeni yaradılacaq müəssisənin mövcud region
üçün əhəmiyyətli olacağını vurğulayan qonaq müvafiq
binanın tikintisi, tədris vəsaitlərinin, kurikulumların
hazırlığı, müəllim heyətinin ixtisaslaşması, onların
Almaniyada təlim kurslarında iştirakı məsələlərinə
toxunub. Otto Hauzer, həmçinin alman dilində mövcud olan
tədris materiallarının Azərbaycan dilinə tərcümə
edilməsinin zəruriliyindən də söz açıb. Çıxışının
sonunda Otto Hauzer göstərilən yüksək dəstək üçün təhsil
naziri Misir Mərdanova təşəkkürünü bildirib.
Nazir Almaniyada peşə təhsili sisteminin inkişafından
bəhs edərək bu ölkənin qeyd olunan sahədəki mövcud
təcrübəsindən bəhrələnməyin vacib olduğunu önə çəkib.
Təhsil naziri ölkəmizdə reallaşdırılması nəzərdə tutulan
layihəni müsbət dəyərləndirdiyini və müvafiq təşəbbüsü
dəstəklədiyini deyib. Peşə təhsili müəssisəsinin məhz
Sumqayıtda istifadəyə verilməsinə xüsusi önəm verdiyini
açıqlayan nazir bildirib ki, yeni yaradılacaq müəssisə
bu şəhərdəki iri sənaye obyektlərinin, texnoparkların
ixtisaslı kadrlara olan tələbatının ödənilməsində və
onların fəaliyyətinin genişləndirilməsində böyük rol
oynaya bilər.
Misir Mərdanov layihənin daha səmərəli həyata
keçirilməsi və idarə olunması üzrə işçi qrupunun
yaradılmasının əhəmiyyətini vurğulayıb, bununla bağlı
müəyyən addımlar atılmasının önəminə diqqət çəkib.
Görüşdə peşə təhsili müəssisəsinin yaradılması üzrə
müvafiq qurumlarla birgə iş aparılması, bu müəssisə
tərəfindən məzunlara veriləcək diplomun Almaniyada
tanınması, treninq kurslarının təşkili və digər bu kimi
məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |