Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov "Dağıstan
Respublikasının əməkdar elm xadimi" fəxri adına layiq
görülüb.
Bu münasibətlə iyunun 25-də Təhsil Nazirliyində tədbir
keçirilib.
Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq
Azərbaycanla Dağıstan arasında mövcud olan tarixi və
mədəni əlaqələrdən danışıb. Ümummilli lider Heydər
Əliyevin Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq,
dostluq əlaqələrinə böyük önəm verdiyini vurğulayan
Misir Mərdanov bu ənənənin hazırda ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini
diqqətə çatdırıb. Nazir Azərbaycanla Dağıstan arasında
təhsil sahəsi üzrə əməkdaşlıq imkanlarının
artırılmasının zəruriliyinə də toxunub.
Tədbirdə iştirak edən Dağıstan Respublikasının
Azərbaycan nümayəndəliyinin rəhbəri Maqomed Qurbanov
Azərbaycan-Dağıstan əlaqələrinin yüksək inkişafından,
son illər ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi
uğurlardan söz açıb. Qonaq hər iki xalqın dostluq və
əməkdaşlıq əlaqələrinin genişləndirilməsində ümummilli
lider Heydər Əliyevin böyük xidmətləri olduğunu,
dövlətimizin başçısı tərəfindən göstərilən yüksək
diqqəti xüsusi vurğulayıb.
Daha sonra Maqomed Qurbanov Dağıstan Respublikasının
Prezidenti Maqomedsalam Maqomedovun sərəncamına əsasən,
təhsil naziri Misir Mərdanova Dağıstan və Azərbaycan
respublikaları arasında elmi əməkdaşlığın inkişafına
verdiyi böyük töhfələrə görə "Dağıstan Respublikasının
əməkdar elm xadimi" fəxri adının verildiyini bildirib.
M.Qurbanov müvafiq diplomu və fəxri adın verilməsi
haqqında vəsiqəni Misir Mərdanova təqdim edib.
Təhsil naziri Misir Mərdanov ona verilən bu yüksək fəxri
ad üçün Dağıstan Respublikasının rəhbərliyinə, bu
respublikanın Azərbaycandakı təmsilçisinə təşəkkürünü
bildirib. |