İyunun
27-də "Hilton Baku" otelində Təhsil Nazirliyi,
Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Milli
Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu və
Kooperasiya Universitetinin birgə təşkilatçılığı ilə
"Milli iqtisadiyyatın inkişafı və səmərəliliyinin
yüksəldilməsi" mövzusunda beynəlxalq elmi-praktiki
konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, tədbirdə ölkənin 60-dan çox ali
təhsil müəssisəsinin, nazirlik və şirkətlərin
nümayəndələri, Milli Məclisin deputatları, sahibkarlar,
elmi işçilər və gənc tədqiqatçılar, həmçinin müxtəlif
ölkələrdən dəvət olunmuş tanınmış iqtisadçı alimlər
iştirak etmişlər.
Azərbaycan Kooperasiya Universitetinin rektoru, Milli
Məclisin deputatı, professor Eldar Quliyev tədbirdə
çıxış edərək bildirmişdir ki, bu gün Azərbaycan regionda
lider dövlətlərdən və dünyada sürətlə inkişaf edən
ölkələrdən biridir. Respublikanın iqtisadiyyatı ildən-ilə
dinamik inkişaf edir. Azərbaycan nəinki regionda, həm də
Avropa məkanında öz layiqli yerini tutmuşdur.
Ötən ilin sonlarında respublikamızın müstəqilliyinin
bərpasının 20 illiyinin qeyd edildiyini, müstəqilliyin
hər bir dövlət, hər bir xalq üçün əvəzsiz sərvət
olduğunu söyləyən E.Quliyev müstəqilliyin ilk illərində
xalqımızın üzləşdiyi çətinliklərdən də söz açmışdır.
Bildirilmişdir ki, yalnız 1993-cü ildə ümummilli lider
Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən
hakimiyyətə qayıdışından sonra ölkədə hərc-mərcliyə son
qoyulmuş, siyasi sabitlik bərpa olunmuş, ölkənin bütün
sahələrdə inkişafı istiqamətində islahatların
aparılmasına başlanmışdır. Ulu öndərin müdrik siyasəti
nəticəsində qısa vaxtda ölkənin siyasi-iqtisadi
həyatında mühüm irəliləyişlər baş vermiş, xalqın rifah
halı yaxşılaşmış, ölkəmiz bir çox beynəlxalq təşkilat və
qurumların tamhüquqlu üzvü qəbul edilmişdir.
E.Quliyev demişdir ki, son illər ölkəmizdə həyata
keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin
əldə olunmasına şərait yaratmışdır. Xüsusilə son
onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik
iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında
və əhalinin sosial rifah halının yüksəldilməsində ciddi
uğurlar qazanılmışdır. Bütün bunlarla yanaşı, sərbəst
bazar iqtisadiyyatı institutlarının yaradılması,
sahibkarlıq təşəbbüskarlığına söykənən iqtisadiyyat
modelinin bərqərar olması, iqtisadi və sosial
infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək
inkişafı üçün geniş imkanlar açır.
Hazırda Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm
qoyduğunu vurğulayan E.Quliyev bildirmişdir ki, bu
mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya
yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə
qabaqlayıcı inkişaf trendinin təmin olunması, əhalinin
rifahının qabaqcıl beynəlxalq standartlara uyğun
səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin
inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni
nailiyyətlərin əldə olunmasıdır.
Ölkənin perspektiv inkişafının hədəf və istiqamətlərinin
müəyyən edilməsi məqsədi ilə "Azərbaycan -2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə
Prezident İlham Əliyevin müvafiq sərəncamını xatırladan
E.Quliyev vurğulamışdır ki, konfransın keçirilməsində
əsas məqsəd bu mühüm işdə respublikanın iqtisadçı alim
və mütəxəssislərinin iştirakının təmin edilməsidir.
Təhsil naziri Misir Mərdanov tədbirdə çıxış edərək
konfransın əhəmiyyətindən danışmışdır. Azərbaycanın
müstəqilliyinin bərpasından 20 il keçdiyini xatırladan
nazir demişdir ki, hazırda bu yol Prezident İlham
Əliyevin gərgin səyləri nəticəsində uğurla davam
etdirilir. İyirmi il hər hansı bir dövlətin tarixində o
qədər də böyük zaman deyildir. Lakin bu illərdə müstəqil
Azərbaycan dövlətinin atdığı addımlar yüz illərə
bərabərdir.
Müstəqilliyin bərpasından sonra əldə olunan
nailiyyətlərdən bəhs edən M.Mərdanov bildirmişdir ki,
Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilməsi ölkəmizin beynəlxalq aləmdə getdikcə
artan nüfuzunun göstəricisidir.
Qazanılan uğurların köklü əsasları olduğunu qeyd edən
M.Mərdanov vurğulamışdır ki, bu gün müstəqil
respublikamızda dövlətimizin başçısının rəhbərliyi
altında elmi surətdə əsaslandırılmış və Azərbaycan
Prezidenti tərəfindən təsdiq olunmuş çoxsaylı Dövlət
proqramları həyata keçirilir. Bu proqramların
hazırlanmasında Azərbaycanın və dünyanın tanınmış alim
və mütəxəssisləri iştirak edirlər. Dünyanın aparıcı
iqtisadçı alimləri ölkəmizin dinamik inkişafını məhz bu
proqramların hazırlanmasında və həyata keçirilməsində
görürlər.
Təhsil sahəsində son illərdə 16 Dövlət proqramının
hazırlandığını, dövlətimizin başçısı və hökumətimiz
tərəfindən təsdiq olunduğunu diqqətə çatdıran M.Mərdanov
bu proqramlarda nəzərdə tutulan bütün məsələlərin
ardıcıl olaraq həyata keçirildiyini, bu prosesin
gələcəkdə də davam etdiriləcəyini qeyd etmiş, konfransın
işinə uğurlar arzulamışdır.
Konfransda müvafiq dövlət strukturlarının, o cümlədən
Milli Məclisin əlaqədar komitə sədrlərinin,
nazirliklərin, elm və təhsil müəssisələri
nümayəndələrinin, beynəlxalq təşkilatların, ayrı-ayrı
ölkələri təmsil edən alimlərin, mütəxəssislərin,
ekspertlərin mövzu ilə bağlı məruzələri dinlənilmişdir.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri,
Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik
Ziyad Səmədzadə "Milli iqtisadiyyatın artımı və
səmərəlilik problemi: əsas meyllər, gələcəyə baxış
konsepsiyası barədə düşüncələr" mövzusunda məruzəsində
bildirmişdir ki, dövlət müstəqilliyimizin bərpasından
sonra respublikamızda yeni iqtisadi sistem yaradılmış,
ölkənin iqtisadi inkişaf modeli formalaşmışdır. Məhz bu
səbəbdən qlobal maliyyə böhranından ən az əziyyət çəkən
ölkələrdən biri Azərbaycan olmuşdur. Hazırda adambaşına
düşən büdcə xərcləri 1500 manatdan çoxdur. Bu isə ölkədə
sosial-iqtisadi islahatların uğurla həyata keçirildiyini,
əhalinin rifahının durmadan yaxşılaşdırıldığını bir daha
təsdiq edir.
Tədbirdə akademik Asəf Nadirovun "Regionların sosial-iqtisadi
inkişafı problemləri" mövzusunda məruzəsi dinlənilmişdir.
Vurğulanmışdır ki, ötən əsrin 70-80-ci illərində ulu
öndər Heydər Əliyevin düşünülmüş, müdrik siyasəti
nəticəsində Azərbaycan böyük inkişaf yolu keçmişdir.
Azərbaycan regionlarının sosial-iqtisadi inkişafının
ilkin mərhələsi məhz həmin illərə təsadüf edir.
İnkişafın ikinci mərhələsi 2004-cü ildən başlanmışdır.
Üçüncü mərhələ isə 2013-2023-cü illəri əhatə edəcəkdir.
Hazırda ölkədə fəaliyyətdə olan iki mindən artıq sənaye
müəssisəsinin 43 faizdən çoxu regionların payına düşür.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun "Azərbaycanda
pensiya-sığorta sistemində islahatlar: gələcəyə baxış"
mövzusunda məruzəsində diqqətə çatdırılmışdır ki,
Azərbaycan Respublikasında 2006-cı ildən qüvvədə olan "Əmək
pensiyaları haqqında" Qanunla üçpilləli pensiya sistemi
qəbul olunmuşdur. Bu, ümummilli lider Heydər Əliyev
tərəfindən müəyyən edilmiş əhalinin sosial müdafiəsinin
dövlət siyasətində daim ön plana çəkilməsi prinsipinin
əyani təzahürüdür. 2011-ci ilin iyulun 1-dən əvvəlki
sistemlə təyin olunmuş pensiyalar yenidən hesablanmış və
900 minədək adamın əmək pensiyası orta hesabla 40 faiz
artırılmışdır.
Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyasının prezidenti Hayrettin İvgin
"Müstəqillikdən sonra Türkiyə-Azərbaycan iqtisadi
əlaqələri" mövzusunda məruzəsində bildirmişdir ki,
Azərbaycan ilə Türkiyənin iqtisadi əlaqələri uğurla
inkişaf edir və bu əlaqələr iki ölkə arasında
idxal-ixracı xeyli artırmışdır. İndiyədək ölkələrimiz
arasında müxtəlif sahələri əhatə edən 140-dan çox
müqavilə imzalanmışdır.
H.İvgin ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi neft
strategiyasının hazırda uğurla davam etdirildiyini,
Azərbaycanın Cənubi Qafqazda siyasi nüfuzunun getdikcə
artdığını vurğulamışdır.
Tədbirdə Milli Məclisin aqrar siyasət komitəsinin sədri
Eldar İbrahimovun "Aqrar sahənin inkişafında kooperasiya
və inteqrasiya", AMEA İqtisadiyyat İnstitutunun
direktoru, professor İsa Alıyevin "Azərbaycanın
sosial-iqtisadi inkişaf perspektivlərinə qlobal mühitdən
baxış", Auditorlar Palatasının sədri Vahid Novruzovun
"İqtisadiyyatın inkişafında və səmərəliliyin
artırılmasında auditin rolu və əhəmiyyəti", Vergilər
Nazirliyi Baş İdarəsinin rəisi Akif Musayevin
"Modernləşdirmə və aktiv vergi siyasəti", italiyalı
professor Sante de Angelisin "İtaliya-Azərbaycan
iqtisadi əlaqələri" və digər mövzularda məruzələr
dinlənilmişdir.
Sonda konfrans iştirakçıları adından Prezident İlham
Əliyevə müraciət qəbul olunmuşdur.
İyunun 28-də altı müvafiq bölmə və elmi istiqamətlərdə
işini davam etdirən konfrans həmin gün başa çatmışdır. |