Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

29 İyun 2012 - №25

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan
 ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə
Reqlament

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13 iyun 2012-ci il tarixli,
1093 nömrəli əmri ilə təsdiq edilmişdir
 

 

I. Ümumi təhsil müəssisələrində və peşə liseylərində pedaqoji kadrlara tələbatın müəyyənləşdirilməsi  

1. Ümumi   təhsil   müəssisələri  və  peşə  liseylərində   işləyən  müəllimlər arasında dərs bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" 24.11.2010-cu il tarixli, 215 nömrəli Qərarına uyğun aparılmaqla vakant yerlər müəyyənləşdirilir.

2. Dərs bölgüsü aparılarkən ümumi təhsil müəssisələrində və peşə liseylərində işləyən müəllim üçün həftəlik 1 (bir) stavka dərs yükü 12 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır) müəyyənləşdirilir. 12 saatdan az dərs vakant olarsa, həmin saatlar ilk növbədə müəssisənin müəllimləri arasında, müəyyənləşdirilmiş yuxarı hədd gözlənilməklə bölüşdürülür. Təhsil müəssisəsində hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü (ümumi təhsil müəssisələri və peşə liseyləri üçün həftəlik 6-11 saatadək) vakant hesab edilir və müsabiqəyə çıxarılması üçün təqdim olunur.

3. Kadr çatışmazlığı olduğu hallarda yaranmış vəziyyətin tənzimlənməsi üçün mövcud qaydalara uyğun, yeni müəllim təyinatı həyata keçirilənədək əmək qanunvericiliyinin tələbləri gözlənilməklə saathesabı və ya əvəzçilik qaydasında əmək müqaviləsi bağlanılmaqla digər təhsil müəssisələrindən ixtisaslı müəllimlər cəlb oluna bilər.

4. Pedaqoji kadrlara ciddi ehtiyac olan ümumi təhsil müəssisələri və peşə liseylərində 65 yaş həddinə çatmış müəllimlərlə qanunvericiliyə uyğun olaraq müddətli əmək müqavilələri bağlanıla bilər.

5. Analıq məzuniyyətində olan müəllimlərə hər dərs ilinin əvvəlində həftəlik dərs saatı ayrılır və əmrləşdirilir. Analıq məzuniyyəti yerinə müddətli əmək müqaviləsi ilə işə götürülən işçilərə həmin dərs saatı verilir və tarifləşmə cədvəlində qeyd edilir. 

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarına əsasən kənd məktəblərində həvəsləndirmə tədbirləri tətbiq olunan yerlər xüsusi işarələnməklə vakant yerlər haqqında məlumata daxil edilir. Kənd məktəblərinə işə qəbul üçün nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərə şamil olunur.

7. Kənd yerlərində olan ümumi təhsil müəssisələrində fəaliyyətə başlayan gənc mütəxəssislərə əlavə güzəşt və stimullaşdırıcı tədbirlər tətbiq olunan limit yerləri Təhsil Nazirliyi tərəfindən hər tədris ili üçün müəyyənləşdirilir və iyul ayının 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilir.

8. Ümumtəhsil müəssisələrinin ibtidai siniflərində müəllimlərin bir qayda olaraq iki sinif komplektində dərs aparmasına yol verilmir. Zəruri ehtiyac olduqda təhsili idarəetmə orqanlarının və ya təhsil müəssisələrinin əsaslandırılmış təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparması nazirliyin razılığı ilə həyata keçirilir.

9. İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən, xarici dil və informatika fənləri isə ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda informatika fənnini ibtidai sinif müəllimi apara bilər.

10. Pedaqoji işçilərin yeni tədris ili üçün ilkin dərs yükü müəssisə rəhbərləri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir.

11. Yerli təhsili idarəetmə orqanları və müvafiq təhsil müəssisələrinin rəhbərləri hər tədris ili başa çatdıqdan sonra 10 gün ərzində vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş forma üzrə (Əlavə 1) Təhsil Nazirliyinə təqdim edir.

12. Bir qayda olaraq müəllimlərin dərs yükü tədris ili ərzində sabit saxlanılır. Dərs bölgüsü yekun variantda hər il sentyabrın 20-dək əmrlə rəsmiləşdirilir. Tarifləşmə cədvəli təsdiqə təqdim olunanadək müəssisə üzrə kadr məsələlərinin tənzimlənməsi təmin olunmalı və vakant dərs saatları cədvəldə göstərilməlidir. 

II. Pedaqoji kadrların işə qəbulunun tənzimlənməsi 

1. Təhsil  Nazirliyi  sisteminə daxil olan ümumi  təhsil  müəssisələrinə  və peşə liseylərinə müəllimlərin və gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.

2. Ali  və  orta  ixtisas  təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və vahid formalı dövlət təhsil sənədi (diplom) almış kadrlar ümumi təhsil  müəssisələrinə  işə qəbul üzrə müsabiqədə iştirak edə bilərlər. Bu zaman ixtisas tələblərinə uyğunluq əsas götürülür. Peşə liseylərinə ümumi  təhsil fənləri müəllimlərinin işə qəbulu üzrə müsabiqədə yalnız  ali təhsil müəssisələrini bitirən pedaqoji kadrlar iştirak edə bilərlər.

3. Müəllimlərin işə qəbulunu həyata keçirmək üçün Təhsil Nazirliyinin rəsmi İnternet saytının (www.edu.gov.az) "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant yerlərə müəllimlərin işə qəbulu üzrə Reqlament", "Vakant yerlər barədə məlumat forması", "Elektron ərizə forması", "Namizədlər tərəfindən vakant yerlərin seçilməsi və elektron ərizənin doldurulmasına dair təlimat", "Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları", "Test suallarının cavablandırılmasına dair təlimat", "Boş qalan yerlərə əlavə yerləşdirmə üçün müraciətə dair təlimat" və "Şəxsi səhifə" yerləşdirilir.

4. İşə   qəbul   prosesinin   səmərəli   təşkili   və   keçirilməsi   üçün   Təhsil Nazirliyində müsabiqə komissiyası və imtahanın nəticələri ilə bağlı şikayətlərə baxılması məqsədilə apelyasiya komissiyası yaradılır.

5. Müsabiqədə  iştirak  etmək  üçün  İnternet vasitəsilə "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsinə daxil olub elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulu bir qayda olaraq hər il 01-15 iyul tarixlərində aparılır. Zərurət yaranarsa, elektron ərizələrin qəbulu vaxtı dəyişdirilə bilər və bu barədə Təhsil Nazirliyi tərəfindən əvvəlcədən elan verilir.

6. Elektron ərizələrin doldurulması üçün əvvəlcə "Elektron ərizə forması" (Əlavə 2), "Namizədlər tərəfindən vakant yerlərin seçilməsi və elektron ərizənin doldurulmasına dair təlimat" (Əlavə 3) ilə tanış olmaq lazımdır. Qarşısında (H-1)1 və (H-2)2  işarəsi olan vakant yerlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarına uyğun dövlət sifarişinə əsasən kənd məktəblərində həvəsləndirmə tədbirlərinin tətbiqi nəzərdə tutulan yerlərdir.

7. Hər bir namizəd ixtisası üzrə ən çoxu 8 (səkkiz) vakant yer seçə bilər. 2 (iki) və daha artıq yer seçənlər vakant yerlərin ardıcıllığına diqqət yetirməlidirlər. Çünki elektron proqram təminatı imtahanın nəticəsi əsasında namizədlərin vakant yerlərə yerləşdirilməsi zamanı seçim ardıcıllığını birincidən başlayaraq nəzərə alır.

8. Elektron ərizələrin qəbulu başa çatdıqdan 5 (beş) təqvim günü sonra ərizəsi təsdiqlənmiş namizədlər kod və parol vasitəsilə "Şəxsi səhifə"yə daxil olaraq müsabiqəyə buraxılması, test imtahanının keçirilmə vaxtı və yeri barədə məlumat əldə edirlər.

9. Müsabiqənin birinci mərhələsində elektron proqram təminatı "Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları" (Əlavə 4) əsasında hər bir namizədin qiymətləndirməsini aparır.

10. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsində imtahan keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən müvafiq ixtisaslar üzrə işçi qrupları yaradılır və "Test bankı" hazırlanır.

11. Müsabiqə iştirakçıları imtahanın başlanmasına 1 (bir) saat qalmış qeydiyyatdan keçməlidirlər. Bunun üçün şəxsiyyət vəsiqəsinin əsli təqdim edilir. Şəxsiyyət vəsiqəsi olmayan şəxslər pasport qeydiyyatı şöbəsi tərəfindən verilmiş şəkilli arayış təqdim edə bilərlər. Şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmadıqda namizəd imtahana buraxılmır.

12. Hər hansı bir səbəbdən göstərilən vaxtda imtahanda iştirak etməyənlər üçün təkrar imtahan təşkil edilmir.

13. İmtahanda iştirakdan əvvəl hər bir namizəd "Test suallarının cavablandırılmasına dair təlimat"la (Əlavə 5) tanış olmalıdır. İmtahanda hər bir namizədə fərdi olaraq kompüterdə uyğun ixtisaslar üzrə ümumtəhsil məktəbləri üçün fənn proqramının məzmununa aid 25 test, təlim strategiyaları və məktəbdaxili qiymətləndirmə qaydalarına aid 5 test, məntiq və ümumi dünyagörüşünə aid 5 test olmaqla, cəmi 35 sual təqdim edilir. Sualların cavablandırılmasına 60 dəqiqə vaxt ayrılır. Zəruri ehtiyac yarandıqda test suallarının sayı və imtahana ayrılan vaxt dəyişdirilə bilər.

14. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir və verilmiş vaxt ərzində icra olunduqdan dərhal sonra düzgün cavabların sayına uyğun bal kompüterin ekranında göstərilir.

15. Test tapşırıqlarının 80 və daha yüksək faizinə, yəni 28 və daha çoxuna düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunurlar. Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərə namizədlər üçün test tapşırıqlarının 60 faizinə, yəni 21 və daha çoxuna düzgün cavab keçid balı hesab olunur. Zərurət yaranarsa, boş qalan yerlərin sayından asılı olaraq keçid balı dəyişdirilə bilər.

16. İşə qəbul üzrə müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi, vakant yerlərin sayına və seçim ardıcıllığına uyğun hər bir ixtisas üzrə ən yüksək bal toplamış namizəddən başlayaraq yerləşdirmə elektron proqram təminatı vasitəsilə həyata keçirilir və nəticələr barədə məlumat hər bir namizədin "Şəxsi səhifə"sinə göndərilir.

17. Namizədlər  "Şəxsi səhifə"yə daxil olmaqla müsabiqənin I və II mərhələləri üzrə qiymətləndirmənin yekununa uyğun topladığı ümumi bal və müsabiqənin III mərhələsində iştirak barədə məlumat əldə edirlər.

18. Müsabiqənin III mərhələsinə buraxılmış namizədlər  "Şəxsi səhifə"də qeyd olunan tarixdə şəxsi işini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası (əgər varsa), gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin işə qəbuluna Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon (şəhər) strukturundan razılıq məktubu və elektron  ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin surətini) təsdiqlənmək və müsahibədən keçmək üçün müsabiqə komissiyasına təqdim edirlər.

19. Elektron ərizədəki məlumatlarla təqdim edilən sənədlər arasında uyğunsuzluq halları aşkarlandıqda, həmin namizədin müsabiqə nəticələri ləğv olunur və bu barədə şikayətə baxılmır.

20. Hər hansı ixtisas üzrə bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda, müsabiqə komissiyası bütün halları araşdırmaqla onlardan hansının üstün göstəricilərə malik olmasına dair qərar qəbul edir.

21. İşə qəbul üzrə müsabiqənin nəticələrinə görə hər bir ixtisas üzrə boş qalan yerlər barədə məlumatlar "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində "Şəxsi səhifə" daxilində yerləşdirilir. Uyğun ixtisas üzrə müsahibə başa çatdıqdan sonra bir həftə müddətində müsabiqənin nəticəsinə görə keçid balı toplayaraq seçdiyi vakant yerə işə qəbul oluna bilməyən namizədlər "Şəxsi səhifə"yə daxil olmaqla boş qalan yerlər haqqında məlumatla tanış olub əlavə yerləşdirmə üçün seçim edə bilərlər.

22. Namizəd "Boş qalan yerlərə əlavə yerləşdirmə üçün müraciətə dair təlimat"la (Əlavə 6) tanış olmaqla, boş qalan yerləri seçməlidir. Uyğun ixtisas üzrə ən çoxu 4 vakant yer seçilə bilər. Namizəd boş qalan yerlərdən 4 seçimdən əlavə "Nazirlik tərəfindən göndərilən yerə razıyam" düyməsini qeyd etmiş olarsa, əlavə yerləşdirmədən sonra qalan yerə göndərilə bilər.

23. Əlavə yerləşdirmə üçün boş qalan yerlərin seçim edilməsi bitdikdən sonra müsabiqədə ən çox bal toplayandan başlayaraq yerləşdirmə elektron proqram təminatı vasitəsilə həyata keçirilir və nəticələr namizədlərin  "Şəxsi səhifə"sinə göndərilir. İşə qəbul olunanlar müsahibə qaydalarına uyğun olaraq sənədlərini təqdim etməklə müsahibədən keçirilir.

24. Əlavə yerləşdirmə üçün 4 seçimdən başqa Təhsil Nazirliyi tərəfindən təklif olunan yerə razı olduğunu qeyd edənlərə boş qalmış yerlər təklif edilir və "Şəxsi səhifə"yə bu barədə məlumat göndərilir. Təklifi qəbul edənlər müsahibə qaydalarına uyğun olaraq sənədlərini təqdim etməklə müsahibədən keçirilir.

25. Müsabiqənin nəticələrinə əsasən işə qəbul edilən müəllimlər müəyyənləşdirildikdən sonra onların siyahısı nazirliyin İnternet saytında yerləşdirilir, müvafiq siyahılar və şəxsi işlər rəsmi məktubla aidiyyəti üzrə təhsili idarəetmə orqanlarına, nazirliyin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə və peşə liseylərinə göndərilir.

26. Nazirliyin məktubuna əsasən təhsil müəssisəsinin rəhbəri ilə müəllim arasında əmək müqaviləsi bağlanılır və işə qəbul mövcud qanunvericiliyə uyğun rəsmiləşdirilir.

27. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar üzrə test imtahanları başa çatdıqdan sonra bir həftə ərzində baxılır.

28. Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra, hər bir ixtisas üzrə keçid balını toplayıb, lakin işə qəbul ola bilməyənlərin siyahısı müsabiqə komissiyası tərəfindən təsdiq olunur. Tədris ili başlandıqdan sonra yaranan əlavə vakant yerlərə uyğun ixtisaslar üzrə ən çox bal toplayandan başlayaraq siyahıda adı olanlara təklif edilir. Təklifi qəbul edənlər müsahibə qaydalarına uyğun olaraq sənədlərini təqdim etməklə müsahibədən keçirilir.

29. Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatanadək elan edilmiş vakant yerlərə yerdəyişmə yolu ilə və ya əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanmasına icazə verilmir.

30. Məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər pedaqoji işdə çalışa bilməzlər və işə qəbul üzrə müsabiqəyə buraxılmırlar. 

III. Pedaqoji kadrların işə qəbulunun tənzimlənməsi sahəsində təhsili idarəetmə orqanları və müəssisə rəhbərlərinin səlahiyyət və məsuliyyətləri 

1. Təhsil müəssisələrində analıq məzuniyyəti yerinə müəllimlərin işə qəbulu təhsili idarəetmə orqanlarının, nazirliyin birbaşa tabeliyində olan təhsil müəssisələrində isə Təhsil Nazirliyinin razılığı ilə ən çoxu 3 il müddətinə əmək müqaviləsi bağlanılır, əmrlə rəsmiləşdirilir və bu müddətdə hər il üçün tarifləşmə cədvəlində qeyd edilir. Həmin müddət bitdikdən sonra əmək müqaviləsinin tərəf, müddət və şərtlərinə yenidən baxılır. Müddətli əmək müqaviləsi bağlanmış işçi ilə əmək müqaviləsi analıq məzuniyyətində olan müəllim işə qayıtdığı gündən ləğv edilir.

2. Bu reqlament ilə müəyyənləşdirilən miqdarda vakant dərs saatı olduqda təhsil müəssisələrində işləyən müəllimlərin bir rayon (şəhər) daxilində müvafiq təhsil müəssisəsinə və uyğun ixtisasa yerdəyişməsi təhsili idarəetmə orqanının, nazirliyin tabeliyində olan təhsil müəssisələrində işləyən müəllimlərin yerdəyişməsi isə Təhsil Nazirliyinin razılığı və işəgötürənin əmri ilə yerinə yetirilir.

3. Tədris ili ərzində müəllimlərin bir rayondan (şəhərdən) digər rayonda (şəhərdə) yerləşən müvafiq təhsil müəssisəsinə yerdəyişməsinə Təhsil Nazirliyinin razılığı əsasında icazə verilir. Bunun üçün müəllimin yerini dəyişməsinin səbəbini göstərməklə yazdığı ərizənin üzərində işlədiyi rayon (şəhər) təhsili idarəetmə orqanının rəhbərinin rəsmi razılığı (imza, möhür) qeyd olunmaqla şəxsi işini yeni iş yerinin aid olduğu rayon (şəhər) təhsili idarəetmə orqanına təqdim edir. Öz növbəsində, təhsili idarəetmə orqanı yerdəyişmənin hansı vakant yerə görə aparılmasını əsaslandıran müşayiətedici məktubla yerini dəyişən müəllimin şəxsi işini müvafiq razılıq alınması üçün Təhsil Nazirliyinə təqdim edir. Təhsil Nazirliyinin razılıq məktubundan sonra işçinin işdən azad edilməsi və işə qəbulu əmək qanunvericiliyinin tələblərinə uyğun yerinə yetirilir.

4. Ümumtəhsil müəssisələrinə və peşə liseylərinə qeyri-pedaqoji təhsilli, özəl tədris müəssisəsini bitirmiş, lakin vahid formalı dövlət təhsil sənədi-diplomu olmayan kadrların, həmçinin xaricdə təhsil alaraq təhsil sənədinin tanınmasına dair Təhsil Nazirliyinin şəhadətnaməsi olmayan, eləcə də bakalavriat səviyyəsində qiyabi təhsil alan tələbələrin müəllim vəzifəsinə işə qəbulu qadağandır.

5. Pedaqoji kadrların yalnız fakültativ, fərdi və qrup məşğələləri, eləcə də dərnək məşğələləri üçün ayrılmış saatlara işə qəbuluna icazə verilmir.

6. Müxtəlif səbəblərdən cinayət məsuliyyətinə cəlb edilmiş müəllimlərin pedaqoji işə qaytarılması məsələsinə  qüvvədə olan qanunlar əsasında yerli təhsili idarəetmə orqanı tərəfindən baxılır.

7. İşə qəbul, eləcə də işdən azad olunan müəllimlər haqqında məlumatlar ən geci 10 gün müddətində "Təhsilin idarə olunmasının məlumat sistemi"nə yerləşdirilməsi üçün Təhsil Nazirliyinə göndərilir.

8. Müəllimlərin işə qəbulu ilə əlaqədar bu reqlamentə riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən nöqsanlara görə müvafiq təhsil orqanlarının və təhsil müəssisələrinin rəhbərləri bilavasitə məsuliyyət daşıyırlar.


1. Rayon mərkəzindən 20 km-dək məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq olunur:

* yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım;

* 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 (qırx) manat məbləğində kompensasiya verilməsi;

* yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi;

* torpaq sahələrinin ayrılması;

* ipoteka kreditlərinin verilməsi.

2. Rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə yuxarıda göstərilən həvəsləndirmə tədbirləri ilə yanaşı hər ay əməkhaqqına 70 (yetmiş) manat əlavə olunur.

 

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov