Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

29 İyun 2012 - №25

 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin
növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak edib 

İyunun 25-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Müdafiə naziri general-polkovnik Səfər Əbiyev və fəxri qarovul dəstəsinin rəisi Ali Baş Komandana raport verdilər.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Prezident, Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparılmış yenidənqurma və maddi-texniki bazanın gücləndirilməsi ilə bağlı görülən işlərlə tanış oldu.

Müdafiə naziri Səfər Əbiyev dövlətimizin başçısına məlumat verdi ki, ölkəmizin bütün ali hərbi təhsil müəssisələri ən müasir tələblər səviyyəsində yenidən qurulur, onların maddi-texniki bazası möhkəmləndirilir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində də ardıcıl və məqsədyönlü tədbirlərin reallaşdırıldığı, hərbi təhsil müəssisəsində əsaslı abadlıq və yenidənqurma işlərinin görüldüyü diqqətə çatdırıldı. Ordu quruculuğunun möhkəmləndirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın iqtisadi imkanları artdıqca ölkəmizin Silahlı Qüvvələrinin də maddi-texniki bazasının daha da möhkəmləndirilməsi geniş vüsət alır.

Prezident İlham Əliyevə bu istiqamətdə həyata keçirilən tədbirlər barədə geniş məlumat verildi, yeni avadanlıq və silahlar nümayiş etdirildi. Qeyd olundu ki, hazırda Azərbaycan Silahlı Qüvvələri nəinki regionun, eləcə də dünyanın ən güclü ordularından biri sayılır. Azərbaycan ordusu mütəmadi qaydada ən müasir silah-sursatla təchiz olunur. Ölkənin dövlət büdcəsində hərbi xərclər ildən-ilə artırılır. Azərbaycan Silahlı Qüvvələrinin silah-sursatla təchizatında artıq Müdafiə Sənayesi Nazirliyi də mühüm yer tutur. Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq bütün sahələrdə olduğu kimi, ordumuzda da yalnız ən son elmi-texniki yeniliklər tətbiq edilir. Bu baxımdan ölkəmizin ali hərbi məktəblərində də zabitlərin günün tələbləri səviyyəsində hazırlanması üçün yüksək şərait yaradılmışdır.

Dövlətimizin başçısına buraxılış mərasiminin nişanı təqdim olundu.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparılan yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışı münasibətilə mərasim başlandı.

Prezident İlham Əliyev mərasimin keçirildiyi stadiona gəldi.

Mərasimə toplaşanlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.

Ali Hərbi Məktəbin rəisi, polkovnik Mirzəli Yusifov Ali Baş Komandan, Prezident İlham Əliyevə raport verərək şəxsi heyətin buraxılış mərasimi münasibətilə düzüldüyünü bildirdi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev məzunları salamladı.

Mərasimin proqramı elan edildikdən sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycanın dövlət himni əzəmətlə səsləndi.

Müdafiə naziri, general-polkovnik Səfər ƏBİYEV çıxış edərək dedi:

- Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Hörmətli generallar və zabitlər!

Məzunlar və kursantlar!

Əziz valideynlər, müharibə veteranları, xanımlar və cənablar!

Sizi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələri - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Hərbi Dənizçilik və Təyyarəçilik məktəblərinin, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzi və Hərbi Akademiyası, həmçinin Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsi məzunlarının müasir standartlara uyğun proqramla hazırlanmış XII buraxılış mərasimində salamlayır, hər birinizə cansağlığı, əmin-amanlıq və ailə xoşbəxtliyi arzulayıram.

Bu tədbir Milli Qurtuluş Gününün 19-cu ildönümünün qeyd edilməsindən sonra ölkəmizdə yaranmış yeni ruh yüksəkliyi şəraitində keçirilir. Bu şərait, eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətində döyüş hazırlığı və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar qazanmaq üçün ruh yüksəkliyi yaratmışdır.

Hörmətli mərasim iştirakçıları!

Bu tarixi həqiqəti bir daha etiraf edək ki, 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan Silahlı Qüvvələri quruculuğunda da yeni mərhələnin başlanğıcı olmuşdur. Heydər Əliyev, həmçinin Azərbaycan Silahlı Qüvvələri təhsil sisteminin banisidir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələri təhsil ocaqları məzunlarının buraxılışlarında müntəzəm iştirak etməsi bu tədbirlərə xüsusi məna verir. İcazə verin, sizin adınızdan və Azərbaycan Silahlı Qüvvələri sıralarına daxil olan gənc zabitlər adından möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi bir daha salamlayım və bu təntənəli mərasimdə iştirak etdiyinə görə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti adından və şəxsən öz adımdan ona təşəkkürümü bildirim.

Mən bu təntənəli buraxılış mərasimində Silahlı Qüvvələrimizin təhsil sistemində fəaliyyət göstərən şəxsləri, o cümlədən leytenant rütbəsi ilə Silahlı Qüvvələrimizin zabit korpusunun sıralarına daxil olan məzunların valideynlərini ürəkdən təbrik edir və onlara "Gözləriniz aydın olsun!" deyirəm!

Hörmətli mərasim iştirakçıları!

Xalqımız sabah Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 94-cü ildönümünü bayram edəcəkdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil dövlətimizin mühüm uğurlarından biridir. Ordumuzun tarixi əslində müstəqilliyimizin və suverenliyimizin tarixidir. Bu tarixi xalqımız öz azadlığı və istiqlalı uğrunda çarpışan övladlarının həyatı və qanı bahasına yaratmışdır. Azərbaycan Silahlı Qüvvələrinin də bu prosesdə xüsusi xidmətləri olmuş, dövlətçiliyimizin yeni səhifələrinin yazılmasında yaxından iştirak etmişdir. Bu həqiqəti Azərbaycan Ordusunun şəxsi heyəti böyük qürur hissi ilə dərk edir və sıralarında xidmət etdiyi Silahlı Qüvvələrin nüfuzunu gündəlik fədakar əməyi, döyüş hazırlığı, mənəvi-psixoloji hazırlıq və təhsil sahəsində əldə etdiyi yeni-yeni nailiyyətlərlə artırır.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin təhsil sistemi müasir standartlara uyğun olaraq təkmilləşir. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin təhsil ocaqlarında hərb elminin əsas prinsiplərinə uyğun zabit kadrları hazırlanır. Hərbi təhsil müəssisələrinin kursantları ölkəmizdə ali məktəblər arasında keçirilən olimpiadalarda və yarışlarda, NATO üzvü olan və tərəfdaş dövlətlərlə birgə keçirilən beynəlxalq təlimlərdə iştirak edirlər. Onların bu tədbirlərdə əldə etdiyi uğurlarla xalqımız öyünə bilər.

Hörmətli gənc zabitlər! Mən böyük qürur hissi ilə sizə müraciət edirəm! Siz bu gün torpaqlarımızı erməni işğalçılarından azad etmək üçün heç zaman olmadığı kimi döyüşlərə atılmağa hazır olmalısınız. Respublikamızın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu məqamı hər zaman öz diqqətində saxlayır. O, 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbul mərasimindəki çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunarkən demişdir: "Təkcə onu demək kifayətdir ki, hazırda Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Əlbəttə, həm maddi-texniki təchizatımız böyük dərəcədə yaxşılaşır, həm də ordumuzun peşəkarlığı, döyüş qabiliyyəti artır. Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü orduların sırasındadır. Bundan sonrakı illərdə ordu quruculuğuna göstərilən diqqət daha da çox olacaq və biz daha da güclü orduya malik olacağıq".

Ali Baş Komandanın bu fikirləri Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin çiyninə daha artıq məsuliyyət yükü qoyur. Bu gün Silahlı Qüvvələrimizin hər bir əsgəri, giziri, zabiti və generalı torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi uğrunda döyüşə qalxmaq üçün xalqımızın iradəsi ilə respublikamızın Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, cənab İlham Əliyevin əmrinə müntəzirdir!

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Sizi əmin edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Sizin hər bir əmrinizi yerinə yetirməyə hazırdır. Onu da qeyd etməliyəm ki, Sizin qayğınız sayəsində hərbi qulluqçuların sosial müdafiəsi gündən-günə güclənir. Bütövlükdə Silahlı Qüvvələrin hərbi qulluqçularının istifadəsi üçün 312 mənzil artıq təhvil verilib və qısa müddət ərzində 600-dən çox mənzil istifadəyə tam hazır olacaqdır. Sizin 2011-ci il dekabrın 28-də "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə", konkret olaraq "İyirmi təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin etmək haqqında" imzaladığınız Fərman hərbi qulluqçulara dövlət qayğısının bariz nümunəsidir. Bu qayğının əyani nümunəsi olaraq bugünkü tədbirdə isə Siz 12 zabitə yeni mənzillərin orderlərini təqdim edəcəksiniz.

Bu münasibətlə mən, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti adından, bugünkü mərasim iştirakçıları adından və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımı bildirirəm.

Əziz məzunlar! Mən çıxışımı bir daha sizə müraciətlə bitirmək istəyirəm. Siz, xalqımıza və dövlətimizə şərəf və vicdan qanunu ilə, nizamnamələrin tələblərini yüksək səviyyədə yerinə yetirməklə xidmət etməlisiniz. Unutmayın ki, xalqımız sizin hər birinizdən şəxsi fədakarlıq, mətanət, mərdlik və qəhrəmanlıq gözləyir. Azərbaycan Silahlı Qüvvələrinin xalqımız və dövlətimiz qarşısında müqəddəs bir borcu vardır. Biz erməni işğalçıları tərəfindən zəbt olunmuş Dağlıq Qarabağı, Kəlbəcəri, Laçını, Qubadlını, Zəngilanı, Ağdamı, Füzulini və Cəbrayılı azad etməliyik və mütləq azad edəcəyik!

Sizə Vətənə müqəddəs xidmətlərinizdə uğurlar arzulayıram. Sağ olun.

***

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı mərasimdə nitq söylədi.  

Prezident, Ali Baş Komandan İlham Əliyevin nitqi 

- Əziz hərbçilər, hörmətli mərasim iştirakçıları!

Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan Ordusunda xidmət edən bütün şəxsi heyətə Vətən uğrunda yeni uğurlar arzulayıram. Bu gün, eyni zamanda, hərbi məktəblərin növbəti buraxılışıdır. Bütün məzunları bu münasibətlə təbrik edirəm. Əminəm ki, məzunlar Azərbaycan Ordusunda ləyaqətlə xidmət edəcəklər.

Bu gün Heydər Əliyev adına Ali Hərbi Məktəbdə gedən təmir-tikinti işləri ilə də tanış oldum. Çox şadam ki, məktəbdə böyük quruculuq işləri aparılır, bütün binalar təmir edilir, kursantlara yaxşı şərait yaradılır. Eyni zamanda, yeni trenajorlar alınmışdır və bu trenajorlar imkan verəcəkdir ki, kursantlar döyüş qabiliyyətini artırsınlar.

Bizə hazırlıqlı hərbçilər lazımdır. Bütün sahələrdə yeni gənc kadrların yetişdirilməsi məsələlərinə böyük diqqət göstərilir. Azərbaycan uğurla inkişaf edir. Ölkəmizdə bütün sahələr inkişaf edir. Gənc kadrların hazırlanması prosesi bizim gələcəyimizi şərtləndirən amildir. Hər bir sahədə, o cümlədən hərbi sahədə gənc peşəkar kadrlara ehtiyac vardır. Ulu öndər Heydər Əliyev bu məsələlərlə hələ 1970-ci illərdə məşğul olmuşdur. Onun təşəbbüsü ilə Naxçıvanski adına Hərbi Məktəbin yaradılması bizim o illərdəki tariximizdə çox önəmli hadisələrdən biri idi. Ulu öndər hələ o zaman yaxşı görürdü, yaxşı başa düşürdü ki, bizə yerli hərbi kadrların hazırlanması lazımdır - gün gələcək Azərbaycan müstəqil dövlətə çevriləcəkdir və müstəqil dövlətin güclü ordusu olmalıdır. Bu proses bu gün də davam etdirilir. Azərbaycanda hərbi kadrların hazırlanmasına böyük diqqət göstərilir. Mən çox şadam ki, hərbçilərimizin peşəkarlığı, döyüş qabiliyyəti ildən-ilə artır, ruh yüksəkliyi yüksək səviyyədədir. Gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə alırlar. Beləliklə, ölkə qarşısında duran əsas vəzifə - torpaqlarımızı işğalçılardan azad etmək üçün biz hazırıq və hazır olmalıyıq.

Azərbaycanda ordu quruculuğu prosesi də ulu öndərin adı ilə bağlıdır. 1993-cü ilə qədər, əfsuslar olsun ki, Azərbaycanda nizami ordu yaradılmamışdır. Bunun nəticəsində torpaqlarımız işğal altına düşmüşdür.

1993-cü ildən ordu quruculuğu prosesi başlamışdır. Bu proses bu gün də davam etdirilir. Bu illər ərzində Azərbaycanda nizami ordu yaradılmışdır, ordu güclənmişdir. Azərbaycan Ordusu artıq nəinki bölgədə, dünya miqyasında güclü orduların sırasındadır. Ordumuzun maddi-texniki bazası böyük dərəcədə möhkəmləndirilmişdir. Hərbi xərclər ildən-ilə artır. Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yerdədir. Bu da təbiidir. Bu, belə də olmalıdır. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıbdır. Atəşkəs rejimi vardır. Ancaq sülh müqaviləsi imzalanmayıb. Müharibə şəraitində yaşayan ölkədə birinci növbədə ordu məsələlərinə diqqət göstərilməlidir və Azərbaycanda bu, belədir. Son bir neçə il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artmışdır. Hazırda bu xərclər 3,6 milyard dollar səviyyəsindədir. Bu da Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Əlbəttə, bu reallıqları bizim uğurlu iqtisadi siyasətimiz, iqtisadi islahatlarımız yaratmışdır. Ordu xərcləri bundan sonra da artacaqdır. Bu, əlbəttə ki, ordumuzun gücləndirilməsinə böyük dəstəkdir. Ancaq bununla bərabər, mən çox şadam ki, ordumuzun döyüş qabiliyyəti artır. Orduda xidmət edənlərin arasında vətənpərvərlik duyğuları çox yüksək səviyyədədir. Biz peşəkar ordu yaradırıq. Əminəm ki, həm maddi-texniki təminat, iqtisadi qüdrətimiz, hərbçilərin hazırlanması, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi bütün bu amillər bizi müqəddəs məqsədə çatdıracaqdır.

Torpaqlarımız işğal altındadır. Bu işğal davam edir. Bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.

Biz keçən dövrdə ordumuzun hərbi potensialını böyük dərəcədə gücləndirə bilmişik. Xaricdən böyük sayda silah, texnika, sursatlar gətirilir. Döyüş təyyarələri, döyüş helikopterləri, artilleriya qurğuları, hava hücumuna qarşı qurğular gətirilir. Azərbaycanda yerli istehsal da yaradılmışdır. Yeddi il bundan əvvəl mənim sərəncamımla Müdafiə Sənayesi Nazirliyinin yaradılması bu sahədə də dönüşə gətirib çıxarmışdır. Bu yeddi il ərzində Azərbaycanda hərbi təyinatlı 20 zavod və istehsalat birliyi yaradılmışdır. Hazırda Azərbaycanda hərbi təyinatlı məmulatın sayı 665-dir. Azərbaycanda 665 adda hərbi təyinatlı məmulat istehsal edilir. Biz gələcəkdə bu sahədəki fəaliyyətimizi daha da genişləndirəcəyik. Azərbaycan Ordusuna lazım olan əsas təminat daxili istehsal hesabına formalaşmalıdır. Ümumiyyətlə, bu, bizim siyasətimizin demək olar ki, əsas istiqamətlərindən biridir. Daxili istehsalın gücləndirilməsi və genişləndirilməsi siyasəti aparılır. Bu, özünü bütün sahələrdə büruzə verir. Biz daha çox ərzaq təhlükəsizliyi və tikinti materialları məsələlərində özümüzü artıq təmin edirik. Eyni zamanda, Azərbaycanda hərbi təyinatlı məhsullar daha da çox istehsal edilməlidir.

Orduya diqqət təkcə bu amillərlə məhdudlaşmır. Azərbaycan dövləti hərbçilərin məişət problemlərinin həlli üçün də lazımi addımlar atır. Keçən il hərbçilərin əməkhaqları 25 faiz artırılmışdır. Bir neçə gün bundan əvvəl 312 mənzildən ibarət iki yaşayış binası hərbçilərin sərəncamına verilmişdir. Hazırda yüzlərlə yeni mənzil tikilir. Keçən ilin sonunda mənim sərəncamımla orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət vəsaiti hesabına mənzillərin verilməsi də nəzərdə tutulmuşdur. Artıq sənədlərin qəbulu prosesi başlamışdır. Bu da Azərbaycan dövlətinin öz ordusuna, hərbçisinə olan diqqətinin təzahürüdür.

Bir sözlə, orduya diqqət Azərbaycan dövlətinin prioritetidir. Mən çox şadam ki, cəmiyyət də bu təşəbbüsləri alqışlayır. Bizim ordumuz bizim qürurumuzdur. Bizim ordumuz müstəqilliyimizi şərtləndirən amildir. Biz bundan sonra da orduya, ordu quruculuğuna, hərbçilərə olan diqqəti artıracağıq, bu diqqəti göstərəcəyik.

Bizim qarşımızda duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsidir. Bildiyiniz kimi, Azərbaycan dövləti uzun illərdir ki, bu istiqamətdə fəaliyyət göstərir, çalışır. Ancaq əfsuslar olsun ki, məsələ öz həllini tapmır. Bayaq qeyd etdiyim kimi, müstəqilliyimizin ilk illərində Azərbaycana qarşı edilən təcavüz və ədalətsizlik əfsuslar olsun ki, bu günə qədər də gündəlikdən çıxmır. Mən tam əminəm və bu barədə dəfələrlə fikirlərimi bildirmişdim. Bir daha demək istəyirəm, əgər ölkəmizin həlledici anlarında, müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyev Azərbaycan rəhbərliyində olsaydı, bir qarış torpaq işğalçılara verilməzdi. Ancaq 1987-ci ildə sovet rəhbərliyi tərəfindən Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldı. Ondan sonra iki həftə keçməmiş erməni millətçiləri və onların havadarları Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi haqqında iddialar irəli sürməyə başlamışlar. Sovet İttifaqının son aylarında Azərbaycana qarşı işğal siyasəti başlamışdır. Müstəqilliyimizin ilk aylarında bu işğal artıq böyük faciələrə gətirib çıxarmışdır. Xocalı soyqırımı törədildi, Şuşa, Laçın, Kəlbəcər işğal edildi.

Hazırda biz öz gücümüzü artırırıq və eyni zamanda, danışıqlar prosesində də iştirak edirik. Mən tam əminəm ki, ordumuz nə qədər güclü olsa, danışıqlar prosesində mövqeyimiz o qədər güclənər. Bu iki amil arasında birbaşa bağlantı vardır. Biz danışıqlarda prinsipial mövqeyimizi göstəririk. Bu mövqedən bir addım geri atmayacağıq. Bununla bərabər, son illər ərzində biz böyük dərəcədə güclənə bilmişik. Əgər bir neçə il bundan əvvəl həm hərbi, həm iqtisadi sahədə Ermənistan ilə Azərbaycan arasında demək olar ki, paritet var idisə, artıq bu pariteti biz dağıtdıq. Azərbaycan iqtisadi cəhətdən Ermənistandan 10 dəfə güclü ölkədir. Dövlət büdcəmiz 10 dəfədən çoxdur. Hərbi xərclər 10 dəfədən çoxdur. Azərbaycanda demoqrafik vəziyyət müsbətdir. Azərbaycan öz hesabına yaşayan ölkədir. Böyük ehtiyatlarımız, insan resurslarımız vardır. Güclü sənayemiz, güclü ordumuz vardır. Özümüz öz siyasətimizi müəyyən edirik, müstəqil siyasət aparırıq, Azərbaycan xalqının iradəsinə arxalanırıq. Getdikcə iki ölkə arasındakı uçurum daha da dərinləşir və dərinləşəcəkdir. Mən əminəm ki, bütün bu amillərin nəticəsində biz istəyimizə nail olacağıq, ədaləti, Azərbaycanın suverenliyini bərpa edəcəyik. Bunu etmək üçün biz daha da güclü olmalıyıq.

Əfsuslar olsun ki, beynəlxalq hüquq normaları dünyada pozulur. Biz bütün dövrlərdə beynəlxalq hüquqa əsaslanmışıq. Bu gün də bu münaqişənin həlli üçün əsas beynəlxalq hüquq normalarıdır. Beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini dəstəkləyir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycanın tarixi hissəsidir. Hüquqi cəhətdən Azərbaycanın tərkib hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Qondarma Dağlıq Qarabağın müstəqilliyini heç kim tanımayıb. Beləliklə, beynəlxalq hüquq baxımından Azərbaycanın mövqeləri çox möhkəmdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan işğalçı qüvvələrinin bizim torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Digər beynəlxalq təşkilatların oxşar qərar və qətnamələri vardır. Yəni, hüquqi cəhətdən məsələ tam aydındır. Ancaq əfsuslar olsun ki, müasir dünyada beynəlxalq hüquq normaları pozulur. Biz bu mənzərəni görürük. Bu pozuntular getdikcə daha da geniş vüsət alır. Belə olan halda, əlbəttə, biz də görürük ki, güclü olmasan sənin hüquqların tapdanacaqdır. Biz bu güclənmə prosesini, o cümlədən hərbi potensialımızın gücləndirilməsini artıq bir neçə ildir ki, uğurla aparırıq. Bəzi hallarda belə bəyanatlar səslənir ki, nə üçün Azərbaycan öz hərbi potensialını gücləndirir? Bu, bölgədə təhlükə yarada bilər. Buna müəyyən şərhlər də verilir. Ancaq mən tam əminəm ki, bu gün Azərbaycan bölgədə sabitləşdirici amildir. Azərbaycanın güclü ordusu bölgədə sabitliyin keşiyində dayanır. Bizim güclü ordumuz bizim suveren işimizdir. Heç kim bizə heç bir məsləhət verə bilməz. Bizim hərbi xərclərimiz ümumi daxili məhsulda o qədər də böyük faiz təşkil etmir. Sadəcə olaraq, bizim ümumi iqtisadi inkişafımız çox sürətlidir. Dünyada analoqu olmayan inkişafdır. Azərbaycan son illər ərzində dünyada iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkədir. Beləliklə, bütün başqa sahələrə olduğu kimi, hərbi məsələlərə də diqqət göstərilir.

Yəni, mən bir daha demək istəyirəm ki, biz bu siyasətdən kənara çıxmayacağıq. Bundan sonra da Azərbaycan Ordusunu gücləndirəcəyik. Maddi-texniki təminat daha da güclü olacaqdır. Silahlar, sursatlar, texnika daha da böyük həcmdə alınacaqdır. Ordumuzun peşəkarlığı daha da artırılacaqdır. Bizdə demoqrafik vəziyyət çox müsbətdir. Getdikcə ordumuzun sıralarının genişləndirilməsi məsələlərinə də baxıla bilər. Beləliklə, əminəm ki, bundan sonrakı illərdə də Azərbaycan Ordusu inkişaf edəcək və daha da güclənəcəkdir.

Beynəlxalq hüquq normaları 20 ildir ki, pozulur. Biz daha da güclü olmalıyıq. Bizim gücümüz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində əsas vasitədir. Siyasi nöqteyi-nəzərdən Azərbaycanın mövqeləri kifayət qədər güclüdür. Bölgədə bizim iştirakımız olmadan heç bir təşəbbüs gerçəkləşdirilə, heç bir layihə icra edilə bilməz. Biz dünyanın dəstəyini qazanmışıq. Keçən ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasına seçilməyimiz də dünyanın Azərbaycana olan münasibətini göstərir.

Azərbaycanın namizədliyini 155 ölkə dəstəkləmişdir. Keçən ay Azərbaycan tarixdə ilk dəfə Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Onu da qeyd etmək istəyirəm ki, Təhlükəsizlik Şurasına seçilməyimiz o qədər də asan olmamışdır. Biz gərgin mübarizədə bu yeri qazanmışıq. Haqlı olaraq qazanmışıq. İlk günlərdən, ilk aylardan öz prinsipial mövqeyimizi nümayiş etdiririk.

Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Onu da deyə bilərəm ki, ilkin mərhələdə Ermənistan da bizimlə bərabər bu mötəbər quruma üzv olmaq istəyirdi, öz namizədliyini vermişdi. Ancaq sonra görəndə ki, Azərbaycanın qarşısında acizdir və onları çox acı məğlubiyyət gözləyir, siyasi döyüş meydanından sakitcə çəkildi və öz siyasi məğlubiyyətini etiraf etdi. Bu, çox böyük rəmzi xarakter daşıyan bir addım idi. Artıq heç kimə sirr deyildir ki, Azərbaycana dünya birliyi tərəfindən diqqət çox yüksək səviyyədədir. Mən heç şübhə etmirəm ki, əgər müharibənin fəal fazası başlanarsa necə ki, Ermənistan siyasi meydandan qaçıb, döyüş meydanından da qaçacaqdır. Bizim bütün imkanlarımız vardır ki, ərazi bütövlüyümüzü bərpa edək. Cəbhə xəttində son hadisələr onu bir daha göstərdi. Ermənistanın bütün təxribatlarının qarşısı alındı. İşğalçı qüvvələr layiqli cavablarını aldılar. Azərbaycan əsgəri, Azərbaycan zabiti öz qəhrəmanlığını göstərdi və işğalçını yerinə oturtdu. Artıq dünya birliyi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ölkələr də, əminəm, daha çox dərk edirlər ki, Ermənistan Azərbaycanın qarşısında dayana bilməyəcəkdir. Bizim artan siyasi çəkimiz, iqtisadi potensialımız, hərbi gücümüz, bölgədəki rolumuz, artan əhalimiz məsələnin ədalətli həllinə gətirib çıxaracaqdır. Sadəcə olaraq, biz hələ ümid edirik ki, bu məsələ öz həllini danışıqlar yolu ilə tapar. Çünki ümid edirik ki, nə vaxtsa Ermənistan rəhbərliyində normal fikirdə olan insanlar təmsil olunsun və onlar dərk etsinlər ki, münaqişənin uzadılması Ermənistanın ziyanınadır. Vaxt uzatmaqla Ermənistan heç nəyi əldə etmir. İşğal edilmiş torpaqlar ölü torpaqlardır. Orada heç bir həyat yoxdur. İşğal dünya birliyi tərəfindən heç vaxt qəbul edilə bilməz. Azərbaycan dövləti və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaqdır. Biz heç vaxt sakitləşməyəcəyik. Bizim üçün həm dövlət, həm xalq üçün bir nömrəli məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllidir, Azərbaycan vətəndaşlarının işğal edilmiş torpaqlara qayıtmasıdır. Məsələ uzandıqca sadəcə olaraq, Ermənistan ilə Azərbaycan arasındakı güclər nisbəti bizim xeyrimizə daha da çox dəyişir. Bir daha demək istəyirəm ki, 10 il bundan əvvəl müəyyən dərəcədə tarazlıq var idi. İndi bu tarazlıqdan əsər-əlamət də qalmayıb. Növbəti illərdə Azərbaycan yalnız və yalnız güclənəcəkdir. Çünki biz perspektivlərimizi yaxşı bilirik. Biz gələcəyimizi özümüz yaradırıq. Bizim gələcəyimiz Azərbaycan xalqının zəhməti hesabına yaranır. Biz yaxşı bilirik ki, güc baxımından Ermənistan bizim qarşımızda heç vaxt davam gətirə bilməz. Sadəcə olaraq, biz hələ ki, çalışırıq, məsələ dinc yolla, danışıqlar yolu ilə həll edilsin. Ancaq məsələnin həlli beynəlxalq hüquqdan keçir. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ hüquqi cəhətdən də Azərbaycanın ayrılmaz hissəsi kimi dünya birliyi tərəfindən qəbul edilir. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır. Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar.

Mən hərbi hissələrdə tez-tez oluram. Cəbhə xəttində də tez-tez oluram. Döyüşçülərlə səngərlərdə görüşürəm, söhbət aparıram. Görürəm ki, həqiqətən Azərbaycan əsgərinin Vətənə çox böyük bağlılığı vardır. Vətən sevgisi, vətənpərvərlik ruhu bizdə çox yüksəkdir. Əminəm ki, dediyim bütün bu amillər - bizim siyasi gücümüz, iqtisadi inkişafımız, hərbi gücümüz, Vətənə olan sevgimiz məsələnin həllinə gətirib çıxaracaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Dağlıq Qarabağda dalğalanacaqdır.

Əziz dostlar, sizi və bütün Azərbaycan xalqını bir daha qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

***

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev xüsusi təyinatlı hərbi məktəblərin tədris və intizamda birinci yerləri tutan və təhsil müəssisələrini fərqlənmə ilə bitirən məzunlara diplomlar təqdim etdi. Tədrisdə və intizamda birinci yerləri tutan məzunlar qiymətli hədiyyələrlə təltif olundular.

Dövlətimizin başçısı bir qrup zabitə mənzillərin orderlərini təqdim etdi. Ali Baş Komandan onları təbrik etdi, gələcək xidmətlərində uğurlar arzuladı.

Digər məzunlara diplomlar müəllim heyəti tərəfindən təqdim edildi.

Sonra məzunların buraxılış mərasimi davam etdirildi.

Üzərində ulduz və aypara təsviri olan emblemi Silahlı Qüvvələrin təhsil müəssisələrinin rəmzi yaş kötüklərinə vurmaq üçün dəvət edilən məzun Orxan CƏFƏRLİ dedi:

- Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Hərbi tədris müəssisələrinin yaş kötüklərinə 2012-ci il məzunları tərəfindən üzərində ulduz və aypara təsviri olan emblemlər vurarkən, bu şərəfli vəzifəni yerinə yetirməkdən qürur və sevinc hissi duyur, bütün silahdaşlarım adından Sizə təşəkkür edirəm.

Yaş kötüyü Silahlı Qüvvələrin sıralarına daxil olanların ölkəsinə və millətinə xidmət üçün bu vəzifəni təhvil almalarının bir rəmzidir. Bu şərəfli vəzifəni təhvil almanın məsuliyyəti ilə 2012-ci il məzunları adından bir daha bildiririk ki, veriləcək hər tapşırığı üstün vəzifə anlayışı və Vətən sevgisi ilə yerinə yetirəcək, içdiyimiz anda daim sadiq qalacağıq.

Cənab Ali Baş Komandan, icazənizlə, 2012-ci il məzunları adından rəmzləri yaş kötüklərinə vururuq.

***

Tədris və intizamda birinci yerləri tutan məzunlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurdular.

Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvili və qəbulu oldu.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağını gələn ilin məzunlarına təhvil verən kursant Məhəmməd ŞƏKİLİYEV dedi:

- Silahdaşım, babalarımızın qanı bahasına ucalan bu şanlı döyüş bayrağının müqəddəs keşik növbəsi sənindir. Bayrağımın parçası tarixin nişanəsi, parıltısı zəfərlərin işığı, yazısı qəhrəmanlıq və şücaətə çağırış, ağacı dözüm, baftası şərəf və məsuliyyət rəmzidir. Ay-ulduzuna varlığım fəda olsun. Yazısını vicdanım tək təmiz saxlayacağam. Ağacını qürurla bərk tutacağam. Baftası inam dolu qanımda namus, çökməz çiyinlərimdə ən şərəfli məsuliyyət kimi qalacaqdır.

İçdiyim bu anda sadiq qalacağımı və ehtiramımı göstərmək üçün bayrağımı öpür və sənə təhvil verirəm!

Məktəbin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verildi.

Bayrağı qəbul edən kursant Qalib BAĞIROV dedi:

- And içirəm ki, bu müqəddəs keşikdə bir an da olsun gözümü ondan ayırmayacağam. Babalarımızın qanı bahasına ucalan bu şanlı döyüş bayrağını öz canımdan da əziz bilib, onu daim yüksəklərdə tutacağam.

Parçası tarixin nişanəsi, parıltısı zəfərlərin işığı, yazısı qəhrəmanlıq və şücaətə çağırışdır. Ağacı dözümüm, bayrağının göy rəngi ümidim, al rəngi qanım, yaşıl rəngi inamım olsun. Ay-ulduzuna varlığım fəda olsun. Yazısını vicdanım tək təmiz saxlayacağam. Ağacını qürurla bərk tutacağam. Baftası inam dolu qanımda namus, çökməz çiyinlərimdə ən şərəfli məsuliyyət kimi qalacaqdır.

Ulu öndər Heydər Əliyevin ruhunu yaşadan bu şanlı bayrağı məndən sonra sağ qalana təhvil vermədən ölmək mənə haram olsun. İçdiyim bu anda sadiq qalacağımı və ehtiramımı göstərmək üçün bayrağımı öpür və təhvil alıram.

***

Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edildi.

Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağı gətirildi, kursantlar təntənəli hərbi marşın sədaları altında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin olduğu tribunanın qarşısından keçdilər.

Azərbaycan Prezidenti İlham Əliyev məzunlarla, kursantlarla, hərbçilər və valideynlərlə sağollaşdı.

Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin, parlament sədrinin müavinləri, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak edirdilər. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov