ADPU-nun
Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrasının
müdiri, professor Himalay Ənvəroğlunun (Qasımov) "Sənət
və sənətkarlıq məsələləri yeni düşüncə müstəvisində"
adlı kitabı (elmi redaktor və ön sözün müəllifi:
əməkdar elm xadimi, filologiya elmləri doktoru,
professor Nərgiz Arif qızı Paşayeva, rəyçilər:
filologiya elmləri doktoru, professorlar Elman Hilal
oğlu Quliyev və Təyyar Salam oğlu Cavadov) Bakı, "Elm
və təhsil" nəşriyyatında çapdan çıxmışdır.
Kitabda dramaturgiyamızın təkamülündə mühüm rol oynayan
H.Cavid, S.Vurğun, İ.Əfəndiyev və Anar yaradıcılığının
özünəməxsusluğu, əsərlərinin ideya-estetik
xüsusiyyətləri sistemli şəkildə təhlil olunur. Onların
Azərbaycan dramaturgiyasının inkişafına verdikləri
töhfələrə elmi-nəzəri düşüncə müstəvisində aydınlıq
gətirilir. Kitabda yer alan məqalələrdə isə ustad
sənətkarların yaradıcılığının bəzi məqamları yeni baxış
bucağı əsasında incələnir və bir sıra ədəbi-tənqidi
əsərlər barədə konseptual mülahizələr yürüdülür.
"Sənət və sənətkarlıq məsələləri yeni düşüncə
müstəvisində" adlı kitabda çözülənlər oxucuda
tədqiqatçının özünəməxsus təfəkkür tərzi barədə dolğun
fikir formalaşdırır.
İnanırıq ki, istedadlı ədəbiyyatşünas-alim Himalay
Ənvəroğlunun digər əsərləri kimi bu kitabı da elmi
ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanacaq.
Şakir CƏFƏROV |