Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

22 İyun 2012 - №24

 

Hidayətin arzusu dünya və olimpiya çempionu olmaqdır

 

Heydərov Hidayət Minayət oğlu 1997-ci il aprelin 4-də Bakıda  anadan olub. Uşaq yaşlarından idmana böyük həvəsi olan Hidayət 6 yaşından Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində cüdo ilə məşğul olur. O, Bakının Nizami rayonundakı  277 nömrəli idman təmayüllü tam orta məktəbin IX sinif şagirdidir.  

- Hidayət, idmanı sənə sevdirən nə oldu?

- Balaca vaxtlarımda həmişə nadinc  uşaq olmuşam. Küçəyə çıxanda fikir vermədən güclü-gücsüz məhəllə uşaqları ilə döyüşürdüm. Gücüm çatmasa da, davadan qorxmurdum. Cüdo ilə bərabər futbola da marağım olub. Məhəllədə uşaqlarla futbol oynayardıq. Qohumlarımız atama deyirdi ki, bu uşağı idman məktəbinə qoyun. Bu mənim də ürəyimcə idi. Həmişə arzu etmişəm ki, güclü və tanınmış idmançı olum. Böyük uşaqların idmanla məşğul olduğunu görəndə qəlbimdən  belə bir hiss keçirdi ki,  kaş mən də onlar kimi idman çantamı götürüb məşqlərə gedəydim. Şükürlər olsun ki, indi artıq valideynlərimin və müəllimlərimin sayəsində mən də idmanla çox ciddi məşğul oluram.

- Səncə, yaxşı idmançı olmaq üçün nə etmək lazımdır?

 - Güclü idmançı olmaq üçün həmin idman növünə olan həvəs böyük olmalıdır. Heç vaxt ruhdan düşməmək,  həmişə inadla, yorulmadan çalışmaq lazımdır. Məqsədə, arzuya çatmaq üçün mübarizə aparmalısan. Güclü rəqiblərdən qorxmamalısan.

- Uğurların barədə nə deyə bilərsən?

- 2008-ci və 2009-cu illərdən uğurlarım artmağa başladı. 2008-ci ildə cəmiyyətlər arasında və Bakı çempionatında qələbə qazandım. 2009-cu ildə 60 kq çəki dərəcəsində iki dəfə  Azərbaycan çempionu olaraq  beynəlxalq turnirlərə vəsiqəni özümə təmin etdim. 2010-cu ildə Tbilisi şəhərində keçirilən beynəlxalq turnirdə II yerə çıxdım. 2011-ci ildə Türkiyənin Ankara şəhərində 8 ölkənin idmançılarının  iştirakı ilə  keçirilən Avropa kuboku uğrunda  turnirdə  I yeri tutdum. Yığma komandanın tərkibində 5 dəfə Avropa kuboku və beynəlxalq turnirlərdə iştirak etmişəm. Həmin yarışların üçündə də I yerə çıxaraq qızıl medal əldə etdim, ikisində isə  V yerlə kifayətlənməli oldum.  Ən  böyük arzum hər birimiz üçün müqəddəs olan üçrəngli bayrağımızı dünya və olimpiya yarışlarında zirvələrə qaldıraraq ölkəmizi layiqli təmsil etməkdir.  

Yığma komandanın üzvü, əməkdar məşqçi, təcrübəli müəllim Tərlan Həsənov yetirməsi barədə deyir:

- Hər bir müəllim kimi mən də yetirməmin uğurlarına ürəkdən sevinirəm. Hidayət səkkiz ildir ki, cüdo ilə məşğul olur.  Uşaq yaşlarından  idmana böyük həvəs göstərir. O, bir dəfə də olsun məşq buraxmır. Nizam-intizamlı bir idmançıdır. Yarışlarda çalışır ki, etdiyi səhvləri bir daha təkrarlamasın. Daim uğursuz fəndinin üzərində çalışır. Hidayəti digər idmançılardan fərqləndirən odur ki, o, çətin hallarda döşəkdə müqavimətini saxlaya bilir. Onun üçün güclü və gücsüz rəqib yoxdur. Heç bir rəqibdən çəkinmir. Onda psixoloji gərginlik olmur, yarışlarda çox sərbəst olur. Hidayət  bu ildən  yeniyetmələrin Avropa kubokuna qatılmalıdır. Ancaq o, keçən ildən buna addım atıb. O,  yeniyetmə Avropa idmançıları arasında öz çəkisində birinci yerdədir.  Bu yaxınlarda keçiriləcək Avropa çempionatında iştirak edəcək. Onu gələcəkdə dünya və olimpiya çempionu kimi görmək arzusundayam. Bu işdə ona uğurlar arzulayıram.  

Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru Rüfət Eyyubov:

- Hidayət böyüyün və kiçiyin yerini bilən idmançıdır. Həmişə təlim-tərbiyəsi ilə digərlərindən fərqlənir. Məşqlərə ciddi yanaşır. Artıq bu günə kimi kifayət qədər beynəlxalq yarışlarda ölkəmizin idman şərəfini layiqli təmsil edib. İstəyir ki, erməni idmançısı ilə rəqib kimi döşəyə çıxsın. Deyir ki, erməni idmançısını yüksək ustalıqla məğlub etsəm rahatlıq taparam.  

Ayaz Süleymanov, Bakıdakı 277  nömrəli idman təmayüllü tam orta məktəbin direktoru:

- Hidayət Heydərov  təhsilinə elə bu məktəbdə  başlayıb. Nizam-intizamı və tərbiyəsi ilə müəllimlərinin hörmətini qazanıb. O, idmanla bərabər dərslərindən də yaxşı nəticələr əldə edir. Onun şəkli məktəbin həm idman, həm də şərəf lövhəsini bəzəyir. O, çox  vətənpərvərdir. Azərbaycanın tarixi ilə daha yaxından maraqlanır.  Məktəbdə keçirilən vətənpərvərlik mövzusunda inşa yazı müsabiqələrində həmişə fərqlənir.  Məktəblərarası  idman yarışlarında,  hərbi-idman oyunlarında  oxuduğu məktəbin adını uca edir. Vətənimizi Hidayət  kimi ləyaqətlə təmsil edən, üçrəngli dövlət bayrağımızı beynəlxalq turnirlərdə zirvələrə qaldıran gənclərimizlə təkcə onların valideynləri deyil, hamımız fəxr edirik.  

Rəşad ZİYADOV

 

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov