Bu yaxınlarda yolum Xaçmaz rayonuna düşmüşdü. Rayonun
Qımıl-qışlaq kəndində yaşayan bacıma da baş çəkməyi
özümə borc bildim. Bacım Əzizə Mehdiyeva 1968-ci ildən
rayonun Qımıl-qışlaq kənd tam orta məktəbində sinif
müəllimi işləyir, həm də ibtidai siniflər üzrə
metodbirləşmənin sədridir. İşlədiyi məktəb haqqında
məndə xoş təəssüratlar yaratdığından bu təhsil ocağının
bəzi tədbirlərində iştirakçı olmuşam. Elə budəfəki
gəlişim də 25 il bundan əvvəlki məzunlarla görüş
gününə təsadüf etdi. Həmin gün gəlişimdən xəbər tutan
kollektivin dəvəti də ürəyimcə oldu. Burada maraqlı
anlar yaşadım...
Məlum oldu ki, görüşə gələn məzunlar oxuduqları
məktəbin həyətını daş hasara aldırmış və girişə
darvaza qoydurmuşlar. Burada məktəblə üzbəüz ağlı-qaralı
kaşılarla örtülmüş bir "piano-bulaq" da diqqətimi cəlb
etdi. Məktəbin içməli suya ehtiyacından xəbərdar olan
məzunlar bu gözəl bulağı da o gün məktəblilərə hədiyyə
etdilər.
Həmin gün şagirdlər sevinir, məzunlar isə öz sevimli
müəllimləri Əzizə Mehdiyevanın öyüd-nəsihətlərinə
əvvəllər olduğu kimi, yenə də maraqla qulaq asırdılar.
Onlardan fizika-riyaziyyat elmləri namizədi Amil Kərimov,
polis leytenantı Həzər Həbibov, məktəb direktorları
Tacəddin Zəkiyev, Zəminə Həsənova və başqaları öz ürək
sözlərini söyləyib, müəllimlərinə minnətdarlıqlarını
bildirdilər. Rayon təhsil şöbəsinin əməkdaşı Mövlan
Əkbərov, bələdiyyə sədri Ceyhun Mustafayev və
valideynlər çıxışlarında məzunların oxuduqları məktəb
üçün gördükləri bu xeyirxah işi çox yüksək
qiymətləndirdilər. Məzunlarla görüşdə şagirdlər şeir
söylədilər, mahnı oxudular və rəqs etdilər.
Sonda məzunlar öz sevimli müəllimləri ilə xatirə şəkli
də çəkdirdilər.
Fəridə MÜRSƏLOVA,
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodmərkəzin Nizami-Nərimanov
rayonları üzrə
metodik bölmənin metodist |