Respublikamızda
xüsusi qayğıya ehtiyacı olan əqli və fiziki cəhətdən
qüsurlu, əlil uşaqların sosial müdafiəsi, onların təhsil
aldığı xüsusi təhsil müəssisələrinin inkişafı
Azərbaycan Respublikası Prezidentinin diqqət
mərkəzindədir. Xüsusi təhsillə bağlı İnkişaf Proqramının
hazırlanması zərurəti də məhz ölkə rəhbərliyinin bu
problemə müntəzəm qayğısının nəticəsidir. Qısa bir vaxt
ərzində müvafiq qanunvericilik bazasının yaradılması
nəticəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların
təhsilinin təşkilinə əlverişli zəmin yaradılmışdır. Belə
ki, 2001-ci ildə "Sağlamlıq imkanları məhdud şəxslərin
təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan
Respublikasının Qanunu qəbul edilmişdir. Qanunda xüsusi
təhsil sahəsində dövlətin vəzifələri müəyyənləşdirilmiş,
sağlamlıq imkanları məhdud şəxslərin, onların
valideynlərinin və ya digər qanuni nümayəndələrinin
xüsusi təhsil sahəsində hüquq və vəzifələri öz əksini
tapmış, xüsusi təhsilin təşkili, xüsusi təhsil
sisteminin idarə olunması təsbit olunmuşdur.
Respublikada xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq
imkanları məhdud) uşaqlar üçün 25 xüsusi və internat
tipli məktəb fəaliyyət göstərir. Onlardan 18-i internat
tipli müəssisə, 7-si xüsusi məktəbdir. Bu müəssisələrdə
ümumilikdə 5535 nəfər şagird təhsilə cəlb olunmuşdur.
Onların təlim-tərbiyəsi ilə 1996 pedaqoji işçi məşğul
olur. Qeyd olunan müəssisələrdən 16 internat-məktəb
Təhsil Nazirliyi sistemindədir. Təhsil Nazirliyi
sistemində fəaliyyət göstərən 7 xüsusi məktəbdə xüsusi
qayğıya ehtiyacı olan 2263 nəfər şagird təhsilə cəlb
olunmuşdur.
Son
illərdə xüsusi təhsil müəssisələrinin maddi-texniki və
tədris bazasının möhkəmləndirilməsi istiqamətində bir
sıra məqsədyönlü işlər görülmüşdür. O cümlədən Nəsimi
rayonundakı 268 nömrəli xüsusi məktəb müasir
standartlara uyğun əsaslı təmir edilmişdır. Burada
respublika üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqların
təhsilinin təşkili sahəsində xeyli müsbət təcrübə
toplanmışdır.
Əqli və fiziki cəhətdən qüsurlu uşaqların təhsil aldığı
268 nömrəli xüsusi məktəb 1927-ci ildən fəaliyyət
göstərir. Hazırda məktəbdə 800 şagird və 242 müəllim
çalışır. Məktəb 2003-cü ildə ilk dəfə Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı
sayəsində əsaslı təmir olunub, əlavə idman korpusu və
yeməkxana tikilib. Məktəb lazımi avadanlıqlarla təmin
edilmişdir. 1997-ci ildən məktəbə rəhbərlik edən
S.Mustafayevin Bakı şəhəri Psixoloji-Tibbi
Komissiyasının üzvü və Respublika Psixoloji-Tibbi
Pedaqoji Komissiyasının katibi kimi uğurlu fəaliyyəti
ölkə Prezidenti tərəfindən yüksək dəyərləndirilib. O, "Tərəqqi"
medalı ilə təltif olunub.
Məktəbin müəllim və şagirdləri Heydər Əliyev Fondunun
dəstəyi ilə 2006-2008-ci illərin aprel aylarında
Türkiyənin İstanbul şəhərində keçirilən I, II və III
Uluslararası "Gülen Çocuk Şenliği" festivalında, 2008 və
2010-cu illərin iyun ayında Polşanın Tçev şəhərində
keçirilən VI və VIII Beynəlxalq Teatrlar festivalında
iştirak ediblər.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların inteqrasiyalı (inklüziv)
təliminin təşkili, xüsusi təhsil müəssisələrinin mövcud
problemlərinin aradan qaldırılması, onların dinamik
inkişafının təmin edilməsi, həmin müəssisələrdə çalışan
müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsini
daim diqqətdə saxlayan S.Mustafayev Azərbaycan
Müəllimlər İnstitutunun rektoru, professor, Milli
Məclisin deputatı Aqiyə Naxçıvanlıya rəhbərlik etdiyi
məktəbin pedaqoji kollektivinin pedaqoji-psixoloji
elmlər sahəsində yeniliklərin öyrənilməsinə
ehtiyaclarını, məktəbin profilini nəzərə almaqla
ixtisasartırma təhsilinin təşkil olunması ilə bağlı
müraciət etmişdir. Azərbaycan Müəllimlər İnstitutunun
rəhbərliyi bu təklifi qəbul edib məsələnin həlli üçün
tədbirlər müəyyənləşdirdi. Həmin tədbirlərə əsasən, 60
saatlıq tematik plan əsasında 11-21 iyun 2012-ci il
tarixlərində keçiriləcək təlimlərin Azərbaycan
Müəllimlər İnstitutunun psixologiya kafedrasının
əməkdaşları psixologiya üzrə fəlsəfə doktorları dosent
N.Pzayeva, dosent M.İsmayılova. İ.Sultanova, Q.Əzizov,
L.Qurbanova, baş müəllim Ç.Verdiyeva, pedaqogika
kafedrasının əməkdaşları, dosent Ə.Bədəlova, dosent
Z.Kərimova, baş müəllim G.Eminova, Xüsusi Qayğıya
Ehtiyacı olan Uşaqlar Layihəsinin rəhbəri F.Əmirova və
Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzinin mütəxəssisi
L.Səfərxanova tərəfindən aparılması qərara alındı.
Təlimin açılışında çıxış edən Azərbaycan Müəllimlər
İnstitutunun əlavə təhsil üzrə prorektoru Rahim Əzizov
qeyd etdi ki, inklüziv təhsilin inkişafı dünyanın bir
çox ölkələrinin təhsil siyasətinin prioritetlərindəndir.
Artıq Azərbaycanın bir sıra ümumtəhsil məktəbində və
uşaq bağçalarında xüsusi qayğıya ehtiyacı olan uşaqların
inteqrasiyası həyata keçirilir, inklüziv sinif və
qruplar açılır. Sevindirici haldır ki, Nəsimi
rayonundakı 268 nömrəli məktəbin bu sahədə olduqca
maraqlı təcrübəsi var. R.Əzizov diqqətə çatdırdı ki,
inklüziv təhsillə bağlı institutda beynəlxalq elmi-praktik
konfranslar keçirilir, institut nəzdində "İnklüziv
Təhsil Mərkəzi"nin fəaliyyətinə hazırlıq işləri gedir.
Dünyaya Baxış və Açıq Cəmiyyət İnstitutu, Təhsildə
İnnovasiyalar Mərkəzi, Təhsil Nazirliyinin müvafiq
qurumları YUNESKO-nun Uşaq Fondu və digər təşkilatların
iştirakı ilə institutumuzda inklüziv təhsillə bağlı
seminarlar təşkil edilir. Hazırda 268 nömrəli xüsusi
məktəbdə 155 müəllimin iştirakı ilə keçirilən təlimlər
xüsusi xarakter daşıyır.
Məktəbin təcrübəli biologiya müəllimi Rəna Sədiyeva
ixtisasartırma təhsilində aparılan təlimləri yüksək
qiymətləndirərək qeyd etdi ki, Azərbaycan Müəllimlər
İnstitutunun rəhbərliyi tərəfindən həyata keçirilən
təlimlər təhsilin keyfiyyətinin yüksəldilməsinə imkan
verir. Təlimlərdə əldə etdiyimiz yeni bilik və
bacarıqlar yeni tədris ilində daha səmərəli fəaliyyət
göstərməyimizə kömək edəcəkdir.
Təlimdə fəal iştirak edən müəllimlərdən Elmira Lətifova,
Aydan Xanməmmədova, Elmira Əliyeva, Leyla Yaqubova və
başqaları təlimlərin səmərəliliyini qeyd edərək
hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşmasını
təmin etmək üçün təhsilin keyfiyyətinin yüksəldilməsinə
nail olmaq naminə hər bir müəllimin professional
səviyyəsinin, peşə ustalığının artırılmasında, pedaqoji
kadrları yeni təlim üsulları ilə silahlandırmaq, təhsil
sahəsində baş verən yenilikləri müasir tələbatlara uyğun
olaraq onlara öyrətmək üçün yerlərdə keçirilən
təlimlərin əhəmiyyətini vurğuladılar.
Məktəbin direktoru S.Mustafayev Azərbaycan Müəllimlər
İnstitutunun 268 nömrəli xüsusi məktəbdə keçirdiyi
təlimlərin pedaqoji kollektivin həyatında mühüm hadisə
olduğunu, Azərbaycan Müəllimlər İnstitutu ilə
əməkdaşlığı davam etdirəcəklərini bildirdi, yüksək
səviyyəli təlimlərə və göstərilən metodiki xidmətə görə
institutun rəhbərliyinə və əməkdaşlarına təşəkkür etdi.
Zülfiyyə VƏLİYEVA,
Azərbaycan Müəllimlər İnstitutunun metodisti, əməkdar
müəllim |