Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

22 İyun 2012 - №24

 

İngilis dili müəllimləri üçün ixtisasartırma təliminin qiymətləndirilməsi ilə bağlı "dəyirmi masa" keçirilib

 

İyunun 16-da Təhsil Nazirliyində ingilis dili müəllimləri üçün ixtisasartırma təliminin qiymətləndirilməsi ilə bağlı "dəyirmi masa" keçirildi.

Tədbiri Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov giriş sözü ilə açaraq  Britaniya Şurasının ("British Council") ingilis dili müəllimlərimizin ixtisasartırma təhsili üçün yeni kurikulum hazırladığını bildirdi. Azərbaycanda fəaliyyət göstərən adıçəkilən beynəlxalq təşkilat tərəfindən ixtisasartırma təhsili üçün yeni kurikulumun hazırlanmasının əlamətdar bir hadisə olduğunu qeyd edən şöbə müdiri belə bir missiyanı öz üzərilərinə götürdüklərinə görə onlara təşəkkür etdi. Ümumiyyətlə, Britaniya Şurası ilə Təhsil Nazirliyi arasında işgüzar bir əməkdaşlığın qurulduğunu və ildən-ilə daha da genişləndiyini  deyən Fərzəli Qədirov son illər birgə həyata keçirilən "İngilis dilinin intensiv tədrisi layihəsi" çərçivəsində görülən uğurlu işləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. Həmin layihə üzrə  təlim-seminar keçmiş  müəllimlərimizin peşəkarlıq və hazırlıq səviyyəsinin daha da artdığını, ingilis dilinin tədrisinin keyfiyyətinin yüksəldiyini söylədi. Şöbə müdiri  ixtisasartırma təhsili üçün yeni kurikulumun hazırlanmasının Britaniya Şurasının təhsilimizin inkişafı istiqamətində atdığı növbəti addımlardan biri olduğunu deyərək çıxış üçün sözü İngiltərədə müəllimlərin təkmilləşdirilməsi, ixtisasartırma təhsili ilə məşğul olan "UNİMENTA" təşkilatının direktoru xanım Emma-Syu Prinsə verdi.

Xanım Emma-Syu Prins "Azərbaycanda ingilis dili müəllimlərinin təkmilləşdirilməsi" mövzusunda təqdimatla çıxış etdi. İngiltərəli qonaq Azərbaycana artıq 3-cü dəfədir ki, gəldiyini, ölkəmizin onda xoş təəssürat oyatdığını söylədi. Rəhbərlik etdiyi "UNİMENTA" təşkilatının müəllimlərin təkmilləşdirilməsi, ixtisasartırması, onların dəstəklənməsi, xüsusi materiallar və resurslarla təmin olunması və digər məsələlərlə məşğul olduğunu deyən Emma-Syu Prins Britaniya Şurası ilə birgə fəaliyyətindən danışdı. 2011-ci ilin  sentyabrında Azərbaycana ilk gəlişi zamanı müəllimlərimizin əsas ehtiyaclarının, hazırlanacaq  kurikulumun onların ehtiyaclarına nə dərəcədə uyğun olmasının öyrənildiyini, ölkəmizə növbəti səfəri zamanı - 2012-ci ilin yanvarında ingilis dili müəllimlərinin hazırlanan bu kurikulumla işləmək bacarığına malik olması məqsədilə təlimçilər üçün treninqlər keçirildiyini, bu ilin fevral-aprel aylarında isə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda  ingilis dili müəllimlərimizlə 6 qrup olmaqla 10 həftə ərzində 60 saatlıq təlimlərin təşkil edildiyini söylədi. Qeyd olundu ki, 18 azərbaycanlı təlimçi 85 nəfərə yaxın ingilis dili müəllimi ilə təlim kursu keçib.

Təqdimatında ingilis dili müəllimlərimizin ixtisasartırma təhsili üçün hazırlanmış yeni kurikulumların tətbiqi ilə bağlı həyata keçirilən pilot layihənin məqsəd və məramından, layihə çərçivəsində treninq keçmiş azərbaycanlı təlimçilərin hazırlıq səviyyəsindən, onların məşğələ keçdiyi ingilis dili müəllimlərinin tədrislə bağlı  yeni-yeni məlumatları  öyrənməyə maraqlı olmalarından razılıq hissi ilə danışan Emma-Syu daha sonra iştirakçıların diqqətini slaydlarda öz əksini tapan bir sıra məsələlərə yönəltdi. Qeyd olundu ki, burada əsas məqsəd ingilis dilindən səmərəli  və interaktiv şəkildə istifadə etməyin metodologiyasının müəllimlərimizə öyrədilməsi, onların bilik və kommunikativ  bacarıqlarının inkişaf etdirilməsi, hazırlıq səviyyələrinin daha da yüksəldilməsi, yaradıcılıq fəaliyyətlərinin gücləndirilməsi, şagirdlərə həyati bacarıqları aşılamaq yollarının göstərilməsidir. Təlimçilərin apardıqları hər bir məşğələ mövzuya uyğun olaraq hazırlanmış xüsusi slaydlar, tapşırıqlar və interaktiv çalışmalarla təmin olunmuşdur. İnternetdə Azərbaycanın ingilis dili müəllimləri üçün ayrıca bir səhifə açılmışdır ki, buradan da təlimçilərimiz çox rahatlıqla istifadə edərək bütün kurikuluma aid materiallardan, əlavə mənbələrdən, resurslardan, müxtəlif saytlardan faydalana bilirdilər. Xanım Emma-Syu həmçinin sinifdə ingilis dilinin daha düzgün və səmərəli şəkildə işlədilməsinin vacib bir məsələ olduğunu da qeyd etdi. Bununla bağlı kurikulumda öz əksini tapan müddəalardan danışdı. O da bildirildi ki, təlim kursunun sonunda müəllimlər yalnız testlə deyil, həm də praktik işlə qiymətləndiriləcəklər. Keçirilən məşğələlərin hər biri ilə bağlı ayrı-ayrı hesabatların hazırlandığını və onların ətraflı şəkildə təhlil olunduğunu deyən beynəlxalq məsləhətçi tədbir iştirakçılarını əldə olunmuş nəticələrlə tanış etdi, görülməsi vacib olan bir sıra məsələlərdən danışdı. Təqdimatda  daha sonra pilot layihənin qüvvətli və zəif cəhətlərindən söz açıldı. Azərbaycanlı təlimçilərin işlərinin öhdəsindən uğurla gəldiyini söyləyən qonaq bu pilot layihənin həyata keçirilməsində onlara dəstək olan Təhsil Nazirliyinə, Britaniya Şurasına, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutuna öz təşəkkürünü bildirdi.

Sonra təqdimat ətrafında müzakirələr oldu.  Azərbaycan Müəllimlər İnstitutunun əlavə təhsil üzrə prorektoru Rahim Əzizov, institutun əlavə təhsilə metodik xidmət kabinetinin müdiri Xuraman Nağızadə,  bu təlimləri aparan paytaxtın bir sıra məktəblərinin ingilis dili müəllimləri çıxış edərək təqdimatda bütün məsələlərin dolğun şəkildə öz əksini tapdığını dedilər, ixtisasartırma təhsili üçün hazırlanmış yeni  kurikulumla, həmçinin təlim keçən müəllimlərlə bağlı fikir və mülahizələrini söylədilər.

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov rəhbərlik etdiyi institutla  Britaniya Şurası arasında 28 yanvar 2012-ci il tarixdə Anlaşma Memorandumunun imzalandığını deyərək, ingilis dili müəllimlərimizin ixtisasartırma təhsili ilə bağlı həyata keçirilən bu layihəni birgə əməkdaşlığın yerinə yetirilməsi istiqamətində görülən işlərdən birincisi olduğunu vurğuladı. Rektor layihə çərçivəsində aparılan işlərin Azərbaycanda ingilis dilinin öyrənilməsinə, bu dili tədris edən müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına, təkmilləşdirilməsinə xidmət etdiyini söyləyərək əməkdaşlığın davamlı olacağına ümidvar olduğunu dedi.

Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən "dəyirmi masa"nı Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov yekunlaşdıraraq təqdimatda pilot layihə, bu layihə çərçivəsində görülmüş işlər, əldə olunan nəticələr haqqında məlumatların əhatəli şəkildə öz əksini tapdığını söylədi, xanım Emma-Syu Prinsə təşəkkür etdi. Pilot layihə ilə bağlı gələcək perspektivlərdən danışan şöbə müdiri həmçinin tədbirdə səsləndirilən fikir və təkliflərə də münasibətini bildirdi. 

Samirə KƏRİMOVA 

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov