Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

22 İyun 2012 - №24

 

Təhsil naziri Misir Mərdanov Litva Respublikasında səfərdə olub

 

Vilnüs Edukologiya Universitetində  

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Litva Respublikasının elm və təhsil naziri Gintaras Stepanoviçiyusun dəvəti ilə həmin ölkədə səfərdə olub.

İyunun 19-da nümayəndə heyəti Vilnüs Edukologiya Universitetində olub, rektor Algirdas Gaijutis ilə görüşüb. Sonra universitetdə "dəyirmi masa" keçirilib. Müzakirələrdə bu universitetin Azərbaycanın müvafiq ali məktəbləri ilə qarşılıqlı əlaqələrinin inkişafı məsələlərindən söhbət açılıb.

Təhsil naziri Misir Mərdanov Vilnüs Edukologiya Universitetində yaxın vaxtlarda açılışı nəzərdə tutulan Nizami Gəncəvi adına Azərbaycan auditoriyası ilə tanış olub, rəy və təkliflərini verib. Misir Mərdanov ölkəmizə göstərilən yüksək diqqətə görə təşəkkürünü bildirib.

  

Azərbaycanlı tələbələrlə görüş  

İyunun 19-da təhsil naziri Misir Mərdanov Litva Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Məlumat üçün bildirək ki, hazırda Litvanın müxtəlif ali məktəblərində 50-yə yaxın azərbaycanlı tələbə təhsil alır.

Görüş zamanı Misir Mərdanov azərbaycanlı tələbələrin qayğı və problemləri ilə maraqlanıb. Nazir bildirib ki, artıq Litvanın iki nüfuzlu ali məktəbi xaricdə təhsil üzrə Dövlət Proqramına uyğun olaraq müəyyənləşdirilmiş universitetlərin siyahısına daxil edilib və həmin təhsil müəssisələrinə müvafiq proqram üzrə qəbul olunacaq tələbələrin bütün xərcləri Azərbaycan hökuməti tərəfindən ödəniləcək.  Azərbaycanı layiqincə təmsil etməyi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində daha fəal olmağı tövsiyə edən Misir Mərdanov azərbaycanlı tələbələrə Təhsil Nazirliyinin müvafiq qurumları ilə mütəmadi əlaqə saxlamağın zəruriliyini bildirib.

Sonra Litvada təhsil alan azərbaycanlı tələbələr Misir Mərdanovla xatirə şəkli çəkdiriblər.

Keçirilmiş görüşlərdə Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə də iştirak edib.

Təhsil naziri Vilnüs Universitetində olub 

İyunun 19-da təhsil naziri Vilnüs Universitetinin rektoru Benediktas Yuodka ilə görüşüb. Universitetin rektoru rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında nazirə ətraflı məlumat verib. 400 ildən artıq tarixi olan ali məktəbin uğurlarından söz açan rektor bu universitetin dünyanın ali təhsil müəssisələri ilə bağlı reytinq siyahılarında ön cərgədə dayandığını vurğulayıb. Benediktas Yuodka rəhbərlik etdiyi təhsil müəssisəsinin adının Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş xaricdə təhsil üzrə Dövlət Proqramına uyğun olaraq müəyyənləşdirilmiş universitetlərin siyahısına daxil edildiyinə görə ölkəmizin Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadəyə və təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib.

Daha sonra Misir Mərdanov universitetin zəngin auditoriya və laboratoriyaları ilə tanış olub.

  

Litva Respublikasının elm və təhsil naziri ilə görüş 

İyunun 20-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Litva Respublikasına səfəri çərçivəsində bu ölkənin elm və təhsil naziri Gintaras Stepanoviçiyus ilə görüşüb.

Misir Mərdanov Litva Respublikasına səfəri çərçivəsində keçirdiyi görüşlər haqqında Gintaras Stepanoviçiyusa məlumat verib. Nazir hər iki ölkənin təhsil əlaqələrinin inkişafında bu görüşlərin mühüm əhəmiyyəti olacağını qeyd edib.

Təhsil sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsində ölkəmizin maraqlı olduğunu diqqətə çatdıran nazir hazırda Litvanın müxtəlif ali məktəblərində 50-yə yaxın azərbaycanlı tələbənin təhsil aldığını söyləyib və bu rəqəmin daha da artırılması ilə bağlı müvafiq işlərin görüləcəyini bildirib.

Litva Respublikasının elm və təhsil naziri Gintaras Stepanoviçiyus Azərbaycanla təhsil sahəsində mövcud olan əlaqələrin inkişafını yüksək dəyərləndirib və bu istiqamətdə göstərilən səylərin artırılacağını vurğulayıb. Elm və təhsil naziri Litvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə bağlı bütün məsələlərin daim diqqət mərkəzində saxlanılacağını qeyd edib.

Gintaras Stepanoviçiyus Litva Respublikası Elm və Təhsil Nazirliyinin fəaliyyətindən söhbət açıb, öz ölkəsinin təhsil sistemi və həyata keçirilən layihələr barədə məlumat verib.

Görüşdə bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ali təhsil, peşə təhsili sahəsində ikitərəfli əməkdaşlığın inkişafına xüsusi önəm veriləcəyi bildirilib.

Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub. 

"Litvalılar evi" gimnaziyası ilə tanışlıq 

İyunun 20-də təhsil naziri Misir Mərdanov Vilnüs şəhərində yerləşən "Litvalılar evi" gimnaziyasında olub, təhsil müəssisəsinin fəaliyyəti haqqında nazirə məlumat verilib. Qeyd edilib ki, Litvanın ən nüfuzlu orta məktəblərindən biri olan bu təhsil müəssisəsində 241 şagirdin təlim-tərbiyəsi ilə 47 pedaqoq məşğul olur.

Nəzərə çatdırılıb ki, məktəbin maliyyə təminatı adambaşına maliyyələşmə prinsipi əsasında məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. Təhsil müəssisəsi bütünlükdə ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub və İnternetə çıxış imkanları yaradılıb. Məktəbdə yekun buraxılış imtahanları təhsil müəssisəsinin rəhbərliyi tərəfindən təşkil edilir. Ümumilikdə 6 fəndən imtahan verən buraxılış sinif şagirdlərinin hər biri Litva dilindən imtahana məcburi cəlb edilsə də, digər 5 fənni ixtisas istiqamətlərinə uyğun olaraq seçmək hüququna malikdir. İmtahanlar test və yazılı olmaqla iki üsulla keçirilir. Test sualları imtahan suallarının 20 faizini təşkil edir və imtahan ixtisas istiqamətlərindən asılı olaraq 3-6 saat davam edir.

Pedaqoji kollektivlə görüş zamanı "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində bu təhsil müəssisəsinin Azərbaycanın ümumi təhsil məktəblərindən biri ilə  əlaqələrinin yaradılması qərara alınıb.

Təhsil naziri Misir Mərdanov "Litvalılar evi" gimnaziyasının kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və məktəbə Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından xatirə hədiyyəsi təqdim edib.

Keçirilmiş görüşlərdə Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə də iştirak edib. 

Təhsil Sisteminin Mübadiləsinə Dəstək Fondunda  

İyunun 20-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Litva Respublikasına səfəri çərçivəsində Təhsil Sisteminin Mübadiləsinə Dəstək Fondunda olub.

Fondun direktoru xanım Daiva Şutinite rəhbərlik etdiyi qurum haqqında Misir Mərdanova ətraflı məlumat verib. 2007-ci ildən fəaliyyət göstərən fondun təhsillə bağlı çoxsaylı layihələr həyata keçirdiyini bildirən direktor qeyd edib ki, ötən il Avropanın müxtəlif ölkələrindən təşkilata daxil olan 1800 müraciət əsasında 800 qrant layihəsi imzalanıb.

46 əməkdaşın çalışdığı fondun ötənilki büdcəsinin 21 milyon avro olduğunu vurğulayan D.Şutinite bu vəsaitin 14 milyonunun Avropa İttifaqı tərəfindən, 7 milyonunun isə dövlət büdcəsindən ayrıldığını bildirib. Direktor 2014-2020-ci illərdə təşkilatın büdcəsinin 19 milyard avro civarında olmasının təxmin edildiyini nəzərə çatdırıb.

Litvanın  ali  məktəblərində  təhsil  alan  hər bir  azərbaycanlı  tələbəyə  2012-ci  ildə  fond tərəfindən  375  avro  təqaüd  verildiyini  söyləyən  D.Şutinite  ölkələrimiz  arasında  təhsil sahəsində  qarşılıqlı  əlaqələrin  genişləndirilməsinin  əhəmiyyətindən  bəhs  edib.

Görüşdə Azərbaycanla birgə həyata keçirilən layihələrdən söhbət açılıb və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Sonda Litva-Azərbaycan təhsil əlaqələrinin inkişafı, tələbə və müəllim mübadiləsi, eləcə də tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov