Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

15 İyun 2012 - №23

 

Təhsil islahatları və uğurlar

 

Dünya təhsilinin qabaqcıl təcrübəsini  öyrənmək, mütərəqqi cəhətlərini milli və tarixi dəyərlərimizi nəzərə almaqla tətbiq etmək və  respublikada şəxsiyyətyönümlü və nəticəyönümlü təhsilin gerçəkləşməsinə nail olmaq qarşıda duran əsas məsələlərdəndir.

Kurikulumun keyfiyyətli tətbiqinə nail olmağın  mühüm  şərtlərindən biri və bəlkə də birincisi  müəllimlərin  hazırlığı, bu işə  məsuliyyətlə yanaşmasıdır.

Təhsil Nazirliyinin kurikulum islahatı ilə  bağlı  həyata keçirdiyi  tədbirlərdən, eləcə də elmi-metodik ədəbiyyatlardan bəhrələnərək məktəb-liseyimizdə bu sahədə müəyyən  işlər görülmüş və görülməkdədir. Onu da qeyd etməyi lazım bilirəm ki, ibtidai siniflərdə kurikulum tətbiq edilsə də, orta təhsil  bazasından bu islahata V siniflərdə hələ yeni dərs ilindən başlanacaq. Lakin məktəbimizdə bu yöndə az iş görülməmişdir. Yeni təlim metodları əsasında "açıq dərs"lər keçirilmiş, məktəb rəhbərliyi tərəfindən və  elmi-metodiki şurada müzakirə  olunmuşdur.  Hər bir dərsin   cəhətlərini təhlil etməklə bu qənaətə gəlmək olar ki, ədəbiyyat dərslərində yeni təlimin tətbiqi ilə keçilən  dərslər daha uğurlu alınmışdır. Çünki ana dilinin tədrisi milli maraqlar və dövlətçilik baxımından daha vacib  məsələlərdən biri hesab edilir. Ulu öndərin sözləri ilə desək, "Azərbaycan dili  öz söz ehtiyatına, fikri ifadə etmək imkanlarına görə  çox zəngindir. Ancaq lazımdır ki, Azərbaycan dilinin bu zənginliyi, bu böyük imkanları orta məktəbdə ilk təhsilə başlayan hər bir gənc tərəfindən  mənimsənilə bilsin və gənclərimiz artıq orta məktəbdə öz dilini, ədəbi dilini, mədəni dilini yaxşı mənimsəsin, öz dilində fikrini ifadə edə bilsin". Ulu öndərin ana dili haqqında dediyi  dəyərli və ibrətamiz sözləri biz  müəllimlərin işimizə məsuliyyətimizi bir daha artırır.

Ona görə də ümumtəhsil məktəblərində ana dili və ədəbiyyat fənlərinin tədrisi vacib məsələlərdən biri hesab edilir. Müəllim, ilk növbədə, şagirdə  öyrənməyi öyrətməli, onun nəzər-diqqətini dərsə yönəltməyi, şagirddə maraq oyatmağı bacarmalıdır. Bu, müəllimdən əsl peşəkarlıq və məsuliyyət, qabiliyyət tələb edir.

Mən 1999-cu ildən  Şabran şəhər Roman Yusifov adına 2 nömrəli orta məktəb-liseydə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərirəm. İşlədiyim müddət  ərzində  daim yeniliklər etmək, bu fənni şagirdlərə sevdirmək istəmişəm. Böyük tənqidçimiz Firudin bəy Köçərlinin "Ana dili millətin mənəvi diriliyidir... Ananın südü bədənin mayəsi olduğu kimi, ana dili də ruhun qidasıdır" sözlərini əldə əsas tutaraq bu dilin qrammatikasını yaxşı bilməyin vacibliyini onlara anlatmağa  çalışmışam.

Yeni təlim metodları ilə dərslərin qurulması şagirdlərdə müstəqil yaradıcı düşünmə qabiliyyətini, yeni  biliklərə  sərbəst yiyələnmək bacarığını inkişaf etdirir. Bu təlim metodlarından  mən də dərslərimdə hər zaman istifadə  etməyə çalışıram. Ənənəvi üsuldan fərqli olaraq  yeni  fəal  təlimdə dərs  motivasiya ilə başlanır. Məhz hər bir dərsdə qoyulan motivasiya şagirddə həm maraq oyadır, həm də onu düşündürür, yeni axtarışlar etməyə sövq edir. Dərsin motivasiyasını elə qurmağa çalışıram ki, heç bir şagird  bu prosesdən  kənarda qalmasın. Şagirdlər bir-biri ilə əməkdaşlıq etməyi bacarsın, özlərinə inam hissini artıra bilsin, yoldaşlarının cavabını qiymətləndirsin.

Ədəbiyyat və ana dili dərslərində motivasiya qurmaq daha maraqlı və asandır. Tədqiqat sualını formalaşdırmaq üçün anaya həsr olunmuş mövzu tədris edilərkən mahnı və ya şeir parçası, atalar sözü, proyektor vasitəsilə lövhədə ananı əks etdirən şəkil göstərilir. Tədqiqatın aparılması zamanı bəzən vaxt təyin edirəm. Vaxtın qoyulması şagirdlərdə məsuliyyəti artırmaqla bərabər, onları vaxtdan səmərəli istifadə etməyə alışdırır.

Sonra şagirdləri qruplara bölürəm. Hər bir qrup öz liderini seçir (bunu etməyi bəzən qrupun ən fəal, bəzən isə ən passiv şagirdinə məsləhət görürəm). Bu hal ən zəif, passiv və özünə inamı olmayan şagirddə özünə inam hissi yaradır və gələcəkdə daha fəal olmağa həvəsləndirir.

Mövzuya uyğun mahnı, tapmaca, atalar sözlərindən istifadə etməklə tədqiqat sualını formalaşdırıram. Dərsin gedişi zamanı hər bir komanda öz seçdiyi lider vasitəsi ilə apardığı fikir mübadiləsinin   nəticəsini çatdırır. Qrup üzvləri yeni fikir söyləyir, yoldaşlarının verdiyi cavabları təhlil edib onlara münasibət bildirirlər. Dərs zamanı fənlərarası inteqrasiya daha maraqlı olur. Ədəbiyyat dərslərində mövzu təsviri incəsənət, tarix, musiqi, coğrafiya kimi fənlərə inteqrasiya olunur.

Dərslərin texniki vəsaitlərindən istifadə etmək yolu ilə qurulması təlimin məzmununu daha da zənginləşdirir. "Microsoft Power Point", "Word" proqramlarından istifadə etməklə qurulan dərslər şagirdlər tərəfindən maraqla qarşılanır və asan mənimsənilir, qavranılır.

Deyilənləri ümumiləşdirərək V sinif ədəbiyyat dərsində S.Ə.Şirvaninin "Qaz və durna" təmsilinin necə tədris etdiyimi və hansı nəticəyə gəldiyimi  oxucularla bölüşmək istəyirəm. Bu dərsin quruluşunu müəyyənləşdirərkən məqsədim şagirdlərin həm Azərbaycanın bənzərsiz təbiəti, quşlar aləmi haqqında biliklərini genişləndirmək, həm də özünü öymə, mənəm-mənəmlik ideyasının insan həyatında və xarakterində ən pis cəhət olduğunu şagirdlərə izah etmək və çatdırmaqdır.

Motivasiyanı qurmaq üçün proyektor vasitəsilə lövhədə aşağıdakı sxemləri nümayiş etdirirəm:

Yazılanları diqqətlə oxuyan şagirdlərə parta yoldaşı ilə fikir mübadiləsi aparmağı təklif edirəm. Çox tezliklə səslər eşidilir, əksəriyyəti "qaz" və "durna" sözlərinin üzərində dayanır. Tədqiqat sualı hazırlamaq məqsədilə aşağıdakı sualların əsasında müsahibə aparıram:  

1. "Ölkəmizin təbiəti bənzərsiz, quşlar aləmi ilə zəngindir" fikrini necə əsaslandırırsınız?

2. Qazın necə heyvan olması, harada yaşaması və hansı cəhətləri olması haqqında nə kimi məlumatlarınız vardır?

3. Durna  cəhətləri ilə qazdan seçilir?

4. Vətənimizin təbiəti, nadir quşları, heyvanları haqqında bayatı, atalar sözü və s. bilirsinizmi? 

Bu tipli yönəldici sualların köməyi ilə müsahibə başa çatdıqdan sonra şagirdləri tədqiqat sualının formalaşdırılmasına yönəltmək üçün mühüm saydığım sualı verirəm:  Təbiəti, onun gözəlliklərini, quşlar aləmini qorumaq üçün nələr edirsiniz? Bu təmsildə insan təbiətindəki lovğalıq, xudbinlik, xudpəsəndlik kimi pis sifətlərin qazın dili ilə deyilməsi sizdə bu tipli insanlara qarşı hansı hissləri oyatdı?

Şagirdlərin bu suallar ətrafında  rəyi dinlənilir və bundan tədqiqat sualı ərsəyə gəlir:

 

Tədqiqat sualı:   

1. Sizcə insana xas xüsusiyyətləri qazın dili ilə verməkdə şairin niyyəti nədir? Əhvalatı danışan şair hansı nəticəni çıxarır? Əsərin ideyası nədir?

Təqdiqatın aparılması üçün şagirdlər bir neçə qrupa bölünür. Hər bir qrup öz liderini və qrupun adını müəyyənləşdirir.

Hər qrupa əvvəlcədən hazırladığım iş vərəqlərini təqdim edirəm.  

I Qrup

Bir göl içrə üzürdü bir yekə qaz,

Özünə fəxr edib uzatdı boğaz

Dedi: - Mən bir əcibə cür quşam,

Üç hünər var məndə, xeyli xoşam.

Uçaram göydə, həm suda üzərəm,

Quru yerdə boyun çəkib gəzərəm

Bəs mənəm quşların şahənşahı.  

1. Bu parçada qaz hansı keyfiyyətləri ilə fəxr edir?

2. Qaz özünü quşların şahı saymaqda haqlıdırmı?

3. Parçada hansı sözlər, ifadələr sizə çətin, yeni və anlaşılmaz oldu? Bu sözlərdən hansıları nitqinizdə işlətməyə çalışacaqsınız?

4. Qazın danışığı onun xasiyyətindəki hansı cəhətləri üzə çıxarır? 

II Qrup

Durna oldu bu nəqlin agahi,

Dedi: - Axmaqlığında yoxdur şəkk,

Qamətindir diraz, əqlin  gödək.

Göydə tərlan tək uçmağın varmı?

Ya maral kimi qaçmağın varmı?

Bir balıq tək üzərmisən sudə?

Nədi bu göftguyi-bihudə? 

1. Durna qazı necə, hansı sözlərlə utandırdı?

2. Onu haqlı sayırsınızmı?

3. Durnanın qaza dediklərinə necə münasibət bəsləyirsiniz?

4. Oxuduğunuz parçadakı hansı sözlər sizə çətin və anlaşılmazdır. Həmin sözləri lüğət vasitəsilə öyrənin. 

III Qrup

Qaz utandı o göldə durnadan,

Vaqif ol, ey oğul, bu mənadan

Yəni bir elmə daim ol talib,

Zifən ol, zifünündür qalib.

Kişi bir sənəti bilər xalis,

Çoxuna meyl edən qalar naqis. 

1. Lovğa, özünü öyən adamlara münasibətiniz necədir?

2. Təmsildən çıxan nəticə nədir? Onu faydalı sayırsınızmı?

3. Şairin "Yəni bir elmə daim ol talib, 

Zifən ol, zifünündür qalib"- misralarında ifadə olunan fikri necə başa düşürsünüz?

Tədqiqat aparılarkən şagirdlər müstəqil işləyirlər. Hər qrupun və qrupların hər bir üzvünün  fəaliyyətini diqqətlə müşahidə edirəm. İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra dərsin növbəti mərhələsinə keçirəm.

Qazanılmış biliklərin mübadiləsi. Qruplar öz işlərinin nəticələrini bir-bir şərh edirlər. Çıxış edənlərə digər qrupların üzvləri suallar verir, cavabla razılaşmadıqda əlavələr edilir, öz mövqelərini əsaslandırmağa çalışırlar.  

I Qrupun tapşırığı: şeiri şərti olaraq neçə hissəyə bölmək olar? Bu suala aşağıdakı cavablar verilir:

- Şeiri şərti olaraq 3 hissəyə bölmək olar.

- Birinci hissədə qazın özünü dönə-dönə öyməsi, 3 cəhəti ilə fəxr etməsi nəzərə çatdırılır.

- İkinci hissədə durnanın ona verdiyi cavabla öyünməsinin yersiz olduğunu qaza bildirməsi.  

Nəticə:

Üçüncü hissədə isə əsərdən çıxan tərbiyəvi nəticə verilir. Qazın timsalında bir neçə sənəti yarımçıq öyrənənlər tənqid edilir, bir sənətin mahir ustası olanlar isə tərif olunur.

II Qrupun tapşırığı: Hansı hissədəki fikri əsərin ideyası saymaq olar? Əsərin ideyasını şərti olaraq böldüyümüz üçüncü hissəyə aid etmək olar. Şairə görə kişi bir sənəti kamil bilməlidir. Çox, yarımçıq sənət bilməkdənsə sənəti tam bilib, ona yiyələnmək lazımdır. Həm də yersiz özünü öyüb lovğalanmaqdansa, bir işlə məşğul olub xalqa xeyir vermək daha vacib və məqsədəuyğundur.  

III Qrupun tapşırığı: Sizcə şairin bu əsəri yazmasına səbəb nədir? Qaz və durna obrazlarının timsalında şair kimləri tənqid edir? Sizcə bu gün bu məzmunda əsərlərin yazılmasına ehtiyac varmı? Şair bu əsərində cəmiyyətdə xudbin, lovğa, təkəbbürlü olmağın acı nəticələrini açıb göstərmək istəmişdir. Bu gün də qazın timsalında insana xas olan mənfi xasiyyətlərin törətdiyi xoşagəlməz hadisələr baş verir. Ona görə də əsər bu günümüz üçün də aktualdır.  

Nəticənin çıxarılması və ümumiləşdirmə: Müzakirə başa çatdıqdan sonra qrup işlərinin nəticələri ümumiləşdirilir. Qazın timsalında şair heç bir işə yaramayan, gününü boş-boşuna keçirib özünü öyməklə fəxr edən insanların timsalında qaz surətini yaradır və tənqid atəşinə tutur. Qazın bu lovğalığına dözə bilməyən durna ona tutarlı cavab verir. Qazda olmayıb özündə olan cəhətləri ondan soruşur. Göydə tərlan tək uça bilməyən, yerdə maral tək qaça bilməyən qaz yersiz öyünməsinə görə durnadan utanır. Təmsildən çıxan tərbiyəvi nəticə isə bütün oxuculara şair tərəfindən ünvanlanır. Bu isə əsərin ideyasını təşkil edir.

Şairi belə əsər yazmağa sövq edən əsas amil xalqını və vətənini dərindən sevməsi, həyatdakı nöqsanları, insanların xasiyyət və əməllərindəki qüsurları kəskin təndiq etməkdir.

Ev tapşırığı verib dərsi yekunlaşdıraraq hər bir qrupun və şagirdin fikirlərinə, fəaliyyətinə, apardıqları müqayisə və oxşarlıqlara münasibətimi bildirirəm. Sonda qrupları müxtəlif meyarlar əsasında qiymətləndirirəm.  

Biz müəllimlər gələcəyin qurucularını yetişdiririk. Öyrədən tərəflə öyrənən tərəfin məqsədi üst-üstə düşərsə, həm təhsil keyfiyyətli olar, həm də həqiqətən gələcəyin müstəqil fikirli, liderlik qabiliyyətinə malik, vətənpərvər, cəsur, savadlı, ləyaqətli yeni qurucularını yetişdirmiş olarıq.  

Kəmalə ŞEYDAYEVA,
Şabran şəhər R.Yusifov adına 2 nömrəli orta məktəb-liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov