Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

15 İyun 2012 - №23

 
Dünya təhsili

Çili Respublikasının təhsil sistemi

 
 

Çili Respublikası

 
   
Ərazisi:  756 min kv. km 
Əhalisi: 17,4  milyon nəfər
Paytaxtı: Santyaqo
Dövlət dili: kastiliya dili
Pul vahidi:  peso
 

Təhsil sistemi 

Çilinin təhsil sistemi yüksək əks mərkəzləşdirilmiş idarəçiliyi ilə xarakterizə olunur. Dövlət, bələdiyyə və özəl təhsil müəssisələri eyni tələblər əsasında fəaliyyət göstərirlər.

Ölkədə təhsil 4 pillədən - məktəbəqədər, əsas (ibtidai), orta və ali təhsil pilləsindən ibarətdir. Uşaqlar 6 yaşa qədər məktəbəqədər təhsilə, 6-13 yaşlarında əsas təhsilə, 14-17 yaşlarında orta təhsilə cəlb olunurlar. Əsas təhsil pilləsi I-VIII, orta təhsil pilləsi isə IX-XII sinifləri əhatə edir.

Ölkə Konstitusiyasına görə əsas və orta təhsil icbari hesab edilir. Dövlət hamı üçün 12 illik icbari təhsil almağa bərabər imkanlar yaradır. Bu, Latın Amerikası ölkələri üçün analoqu olmayan haldır. Təsadüfi deyil ki, Çilidə əhalinin ümumi savadlılıq səviyyəsi 96 faiz təşkil edir ki, bu da Cənubi Amerika ölkələri üzrə çox yaxşı göstəricilərdən biri hesab olunur.

Orta təhsil pilləsi kurikulumun məzmunundan asılı olaraq təbiət, humanitar, texniki və ya peşə təmayüllü ola bilər. Dövlət, dövlətdən maliyyə dəstəyi alan özəl, dövlətdən maliyyə dəstəyi almayan özəl və müstəqil idarəetməyə malik məktəblər fəaliyyət göstərir.

Bütün təhsil müəssisələrində pulsuz təhsil xidmətləri göstərilməsə də, dövlətə məxsus olan ümumi təhsil müəssisələrində təhsil haqqını ödəmək üçün hər bir şagirdə hökumət tərəfindən maddi dəstək verilir. Odur ki, bütün bunları nəzərə alaraq, ölkədə ümumi orta təhsilin pulsuz olduğunu söyləyə bilərik.

Dövlət tərəfindən əsas və orta təhsil pilləsində oxuyan şagirdlərin 93 faizinə təhsil xərclərinin ödənilməsi üçün vauçerlər verilir. Qalan 3 faiz isə özəl təhsil müəssisələrində öz xərcləri hesabına oxuyur.

Ali təhsil müəssisələri sırasına universitetlər, peşə institutları və peşə təhsili mərkəzləri daxildir.

Onu da qeyd edək ki, Çilidə ümumilikdə ümumi daxili məhsulun 7,3 faizi həcmində vəsait təhsil sahəsinə ayrılır. 

Məktəbəqədər təhsil 

Çili məktəbəqədər təhsil sahəsində ən müasir strategiyaya malik olan ölkələrdən biridir. Məktəbəqədər təhsil müəssisələrinə 6 yaşa qədər olan uşaqlar cəlb edilir. 2007-ci ildə Konstitusiyada edilmiş dəyişikliyə əsasən, məktəbəqədər təhsil pulsuz olsa da, icbari deyil.

Son illər məktəbəqədər təhsil sahəsində böyük irəliləyişə nail olunub. Məktəbəqədər təhsilə ayrılan dövlət xərclərinin həcmi əsaslı şəkildə artırılıb. Körpələrə qayğı mərkəzlərinin sayı 4 dəfə, bağçaların sayı isə 5 dəfə çoxalıb.

Məktəbəqədər təhsil müəssisələri idarəetmə prinsiplərinə görə dövlət və özəl, maliyyələşmə mənbəyinə görə isə bələdiyyə, dövlətdən maddi dəstək alan özəl və dövlətdən maddi dəstək almayan özəl təhsil müəssisələri kimi qruplaşdırılır. Bələdiyyələrin nəzdindəki məktəbəqədər təhsil müəssisələrində heç bir ödəniş tələb olunmur. Dövlət hər bir uşağa görə müəssisəyə subsidiya ayırır. Maraqlıdır ki, bir çox özəl məktəbəqədər təhsil müəssisələri də dövlət tərəfindən maddi yardım alır. Valideynlər könüllülük prinsipi əsasında özəl məktəbəqədər təhsil müəssisələrinə yardımlar da edirlər.

Dövlətdən maddi dəstək almayan məktəbəqədər təhsil müəssisələri tam özəl mənbələr hesabına maliyyələşir. Bu müəssisələrdə də təhsil haqqı tələb olunur.

Bundan əlavə, Çilinin məktəbəqədər təhsil sistemi üçün unikal olan cəhətlərdən biri də dövlətin maliyyələşdirdiyi iki müstəqil qurumun - Məktəbəqədər Təhsil üzrə Milli Şura və İnteqra Fondunun bu sahənin inkişafı üçün ciddi səylər göstərməsidir. Bu qurumlar kasıb əhali qrupuna daxil olan uşaqların məktəbəqədər təhsilə cəlb olunmasını təmin edir və müvafiq xidmətlər göstərirlər.

Ümumilikdə, ölkənin məktəbəqədər təhsil sistemi əsasən, dövlət tərəfindən maliyyələşən proqramlara (83 faiz) uyğun olaraq fəaliyyət göstərir. Son illər alternativ qayğı və ailə proqramlarının, eləcə də digər layihələrin həyata keçirilməsi, müasir yeniliklərin tətbiqi ölkədə məktəbəqədər təhsil sisteminin daha da inkişaf etdirilməsinə şərait yaradıb.

Məktəbəqədər təhsil kurikulumuna oxu, yazı hazırlığı, incəsənət, musiqi sahəsi üzrə bacarıqların aşılanması və inkişaf etdirilməsi daxildir. Bu təhsil pilləsi erkən uşaqlıq və əsas təhsil dövrü arasında əlaqə təşkil etdiyi üçün məktəbəqədər müəssisələrdə uşaqlarda əməkdaşlıq hisslərinin formalaşmasına, onların ictimailəşməsinə xüsusi diqqət yetirilir. Məktəbəqədər təhsil kurikulumunda oyunlar vasitəsilə uşaqların məntiqi təfəkkürünün inkişaf etdirilməsinə də geniş yer verilir.

 Əsas təhsil 

Çilidə 6-13 yaşlı uşaqlar əsas təhsilə (I-VIII siniflər) cəlb olunurlar. Qeyd etdiyimiz kimi, əsas təhsil icbaridir. Əsas təhsil müəssisələri idarəetmə prinsiplərinə görə dövlət və özəl, maliyyələşmə mənbəyinə görə isə bələdiyyə, dövlətdən maddi dəstək alan özəl və dövlətdən maddi dəstək almayan özəl təhsil müəssisələrinə bölünür.

Bələdiyyə hesablı əsas təhsil müəssisələrində təhsil pulsuzdur. Dövlət hər bir uşağa görə müəssisəyə subsidiya verir. Dövlətdən maddi yardım alan özəl əsas təhsil müəssisələrində oxuyan uşaqların valideynləri könüllülük prinsipi əsasında məktəbə yardım edirlər. Dövlətdən maddi dəstək almayan əsas təhsil müəssisələri tam özəl mənbələr hesabına maliyyələşir və bu məktəblərdə təhsil haqqı tələb olunur.

Çilinin 1997-ci ildə qəbul etdiyi əsas təhsil kurikulumu həm icbari, həm də seçmə məzmundan ibarətdir. Kurikulumun seçmə məzmununa uyğun olaraq hər bir məktəb öz tədris proqramlarını müəyyən etməkdə azaddır. Əsas təhsil pilləsində şagirdlərə kurikulum üzrə ümumi təhsil fənləri, o cümlədən riyaziyyat, təbiət elmləri və humanitar elmlər tədris olunur.

2010-cu ilin statistikasına görə, ölkə üzrə müvafiq yaş qrupundakı uşaqların 99 faizi əsas təhsilə cəlb olunub. Bu pilləni uğurla başa vurduqdan sonra şagirdlərə əsas təhsil sertifikatı verilir. 

Orta təhsil 

Orta təhsil pilləsi kurikulumun məzmunundan asılı olaraq təbiət, humanitar, texniki və ya peşə təmayüllü ola bilər. Orta təhsilə 14-17 yaşlı (IX-XII siniflər) uşaqlar cəlb olunur. Qeyd etdiyimiz kimi, orta təhsil icbari xarakter daşıyır. Dövlət hamı üçün 12 illik icbari təhsil almağa bərabər imkanlar yaradır. 

Təbiət və ya humanitar təmayüllü məktəblərdə şagirdlər müvafiq ixtisaslar üzrə ali təhsil pilləsinə hazırlanır. Belə məktəblərdə şagirdlər riyaziyyat, fizika, kimya, biologiya, ədəbiyyat, tarix və ya fəlsəfə istiqaməti üzrə daha dərin biliklərə yiyələnirlər.

Texniki və peşə təmayüllü məktəbləri bitirmiş şagirdlər birbaşa əmək bazarına daxil olmaq imkanı qazanırlar. Bu məktəblərdə şagirdlərə mexanika, çilingərlik, elektronika, eləcə də digər texniki və peşə sahələri üzrə fənlər daha çox praktiki istiqamət əsas götürülərək tədris edilir.

Kurikulumun məzmunu IX-X siniflərdə bütün profilli orta məktəblərdə eynidir. Orta təhsilin XI-XII siniflərində isə şagirdin seçdiyi ixtisasdan və məktəbin profilindən asılı olaraq müvafiq ixtisaslaşma üzrə tədris aparılır.

Orta təhsil pilləsində texniki və peşə təmayüllü orta məktəblər sayca üstünlük təşkil edir. Belə təhsil müəssisələri sırasına mexanika, elektronika, informatika sahələri üzrə ixtisaslaşmış sənaye məktəblərini, idarəetmə, mühasibatlıq, dəftərxana sahələri üzrə ixtisaslaşmış kommersiya məktəblərini, kulinariya, moda, dayəlik sahələri üzrə ixtisaslaşmış texniki məktəbləri və çoxprofilli (iki və daha çox sahə üzrə ixtisaslaşmış) məktəbləri aid etmək olar.

2010-cu ilin statistikasına görə, ölkə üzrə müvafiq yaş qrupundakı uşaqların 92 faizi orta təhsilə cəlb olunub. Orta təhsil pilləsini uğurla başa vuran şagirdlərə orta təhsil haqqında sertifikat verilir. 

Ali təhsil 

Çilinin ali təhsil müəssisələri sırasına universitetlər, peşə institutları və texniki təlim mərkəzləri daxildir. Universitetlər ənənəvi və özəl ali təhsil müəssisələri olmaqla 2 qrupa bölünür. Çilidə 25 tam müstəqil ənənəvi və 50 özəl universitet fəaliyyət göstərir. Ənənəvi universitetlər ilə müqayisədə özəl ali məktəblərin sayı tədricən artmaqdadır. Lakin yeni yaranmaqda olan özəl universitetlərdə tədrisin keyfiyyəti ənənəvi universitetlərlə müqayisədə nisbətən aşağıdır.

Bütün ənənəvi universitetlərə vahid və şəffaf qəbul prosesi mövcuddur. Bu proses Universitetə Seçim Testi vasitəsilə həyata keçirilir. Universitetə Seçim Testi Təhsil Nazirliyi tərəfindən idarə olunur. Universitetə Seçim Testi riyaziyyat və dil olmaqla 2 icbari fənn üzrə həyata keçirilir. Bundan başqa, tələbələr ixtisaslaşma və müraciət etdiyi proqram sahəsindən asılı olaraq 2 xüsusi fəndən də imtahan verməlidir. Qəbul zamanı məzunların orta təhsil şəhadətnaməsindəki qiymətlər də nəzərə alınır. Hər bir universitet təklif olunan proqramın məzmunundan asılı olaraq əlavə imtahanlar da tələb edə bilər.

Universitetlərdə bakalavriatura, magistratura və doktorantura pilləsində müxtəlif ixtisaslar üzrə kadrlar hazırlanır. Peşə institutları və texniki təlim mərkəzləri isə özəl ali təhsil müəssisələridir. Bu ali təhsil müəssisələrinə qəbul yalnız orta təhsil haqqında şəhadətnamədəki qiymətlərə əsasən aparılır.

Çilidə 48 peşə institutu fəaliyyət göstərir ki, onlardan da 11-i tam müstəqildir. Peşə institutlarında təhsilin müddəti 4 ildir. Həmin müəssisələrdə müxtəlif peşə sahələri üzrə kadrlar hazırlanır və məzunlara müvafiq peşə dərəcəsi verilir.

Ölkədə 117 texniki təlim mərkəzi fəaliyyət göstərir ki, bunlardan 6-sı tam müstəqildir. Texniki təlim mərkəzlərində təhsilin müddəti 2-2,5 ildir. Texniki təlim mərkəzlərində dövlət, eləcə də özəl sektorun tələblərinə uyğun bilik və bacarıqlara yiyələnmiş texniki mütəxəssislər hazırlanır. Texniki təlim mərkəzlərini bitirənlərə müvafiq texniki sahə üzrə sertifikat verilir.

2009-cu ilin statistikasına görə, 18-24 yaşlı əhalinin 28,88 faizi ali məktəblərdə təhsil alıb.

Ölkənin bütün ali təhsil müəssisələri ödənişlidir. Lakin ənənəvi universitetlərdə təhsil haqlarının ödənilməsi üçün dövlət tərəfindən tələbələrə təhsil və sosialyönümlü kreditlər verilir. Özəl universitetlərdə və texniki peşə profilli ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi üçün tələbələr dövlət zəmanəti əsasında banklardan kredit almaq imkanına sahibdirlər. Ancaq bankların verdiyi kreditlər üçün faizlər nisbətən yüksək olur. Həmçinin, ölkənin ali təhsil müəssisələrində təhsil xərclərinin ödənilməsi üçün bir çox təqaüdlərdən də yararlanmaq mümkündür. Bu təqaüdlər tələbələrin sosial statusuna, tədris göstəricilərinə və bir sıra başqa meyarlara görə verilir.

Çilinin ali təhsil müəssisələri Latın Amerikası ölkələri arasında ən yaxşı ali məktəblər hesab edilir. Ölkənin ən qədim və ən nüfuzlu ali təhsil müəssisəsi əsası 1842-ci ildə qoyulmuş Çili Universitetidir. Çili ali təhsil müəssisələrinin verdiyi dərəcələr demək olar ki, dünyanın bütün ölkələri tərəfindən tanınır.

Ali təhsil müəssisələrində tədris ispan dilində aparılsa da, son illər ingilis dilli proqramların sayı artmaqdadır. Ali təhsil müəssisələrində tədris olunan kurikulum və proqramlara Təhsil Nazirliyi cavabdehlik daşıyır.

Xarici ölkələrin ən nüfuzlu universitetlərində təhsil almaq istəyən Çili vətəndaşları da çoxsaylı təqaüd proqramlarından bəhrələnə bilərlər. Xaricdə təhsil proqramları vasitəsilə on minlərlə tələbənin dünyanın qabaqcıl universitetlərində təhsili maliyyələşdirilir. Bunun üçün dövlət tərəfindən və ayrı-ayrı fondlar hesabına milyardlarla dollar vəsait ayrılır. Ancaq qeyd olunan təqaüdlər hesabına xaricdə oxuyan tələbələr təhsillərini başa vurduqdan sonra geri qayıtmaq və təhsil dövründən 2 dəfə artıq müddətdə öz ölkələrində çalışmaq öhdəliyi daşıyırlar. 

Əlavə təhsil 

Çilidə yaşlıların təhsil səviyyəsinin yüksəldilməsi üçün bir çox əlavə təhsil proqramı və layihələri həyata keçirilir. 2002-2009-cu illəri əhatə edən ixtisasartırma proqramı çərçivəsində yaşlıların təhsilinə dair qaydalar müəyyənləşdirilib.

Yaşlıların təhsili proqramları əsasən, onların əmək bazarına daxil olmasına və müvafiq bacarıqlara yiyələnməsinə istiqamətlənib. Həmçinin, xüsusi mərkəzlərdə yaşlıların ibtidai və orta təhsili həyata keçirilir. Ölkə üzrə 294 belə  mərkəz fəaliyyət göstərir.

Çilidə müəllimlərin əlavə təhsili ya Təhsil Nazirliyi, ya da universitet və özəl şirkətlərin təklif etdiyi kurslar vasitəsilə həyata keçirilir. İcbari (islahatlar ilə əlaqədar) kurslar pulsuz, digər kurslar isə ödənişli əsaslarla fəaliyyət göstərir.

Hər il əsas və orta məktəblərdə çalışan təxminən 40000 müəllimin ixtisasartırma kurslarında iştirakına imkan yaradılır. Bu kurslarda müəllimlər kurikulum islahatı nəticəsində hazırlanmış və qəbul edilmiş yeni tədris proqramları üzrə ixtisasartırmaya cəlb olunurlar.

Xaricdə İxtisasartırma Təhsili Təqaüdü Proqramı çərçivəsində hər il təxminən 5000 sinif müəllimi və məktəb rəhbəri əcnəbi ölkələrin təhsil müəssisələrində, eləcə də elmi mərkəzlərində müvafiq proqram üzrə 5-6 həftəlik kurslarda iştirak edir. Milli Müəllim Proqramı isə 1 həftəlik tədris ezamiyyətləri vasitəsilə ölkədaxili təhsil müəssisələri arasında müəllim mübadiləsinə imkan verir. 

Elmi tədqiqatlar 

Artıq 40 ildən artıqdır ki, Elm və Texnoloji Tədqiqat üzrə Milli Komissiya Çilidə elm və texnologiyanın inkişafı sahəsində aparıcı qurum kimi fəaliyyət göstərir. Bu komissiya Təhsil Nazirliyinin insan kapitalının inkişafına, ölkənin elmi və texnoloji imkanlarının gücləndirilməsinə cavabdeh olan qurumudur.

Elmi tədqiqat sahələri Elm və Texnoloji Tədqiqat üzrə Milli Komissiya tərəfindən maliyyələşdirilir. Komissiya maliyyə vəsaitlərini birbaşa olaraq dövlət elmi tədqiqat mərkəzlərinə yönəldir.

Bu qurum dövlət müəssisəsi olmaqla Milli İnnovasiya Sisteminə daxildir. Təqdirəlayiq haldır ki, Milli İnnovasiya Sisteminin büdcəsi 2005-ci ildə 322 milyon ABŞ dolları olduğu halda, 2011-ci ildə 874 milyon ABŞ dolları təşkil edib.

Elm və Texnoloji Tədqiqat üzrə Milli Komissiya eləcə də universitetlərlə sıx əməkdaşlıq edir. Komissiya müxtəlif fondların və proqramların vasitəsilə ölkədə elmin, texnologiyanın inkişafına böyük töhfələr verir.

1981-ci ildə yaradılmış Elm və Texnoloji İnkişaf üzrə Milli Fond əsasən, fərdi tədqiqatlara dəstək verir. Fond fəaliyyəti dövründə 14000 tədqiqat layihəsinin maliyyələşdirilməsini həyata keçirib.

1992-ci ildə yaradılmış Elmi və Texnoloji İnkişafın Təşviqi Fondu tətbiqi tədqiqat, həmçinin texnoloji inkişaf layihələrinin genişləndirilməsi məqsədilə tədqiqat müəssisələri, şirkətlər və digər qurumlar arasında əlaqələndirməni tənzimləyir.

Peşəkar Tədqiqat Müəssisələrinin Maliyyələşdirilməsi Fondu 1991-ci ildən fəaliyyət göstərir. Fondun əsas məqsədi müvafiq istiqamət üzrə formalaşmış müəssisələrdə aparılan peşəkar tədqiqatları dəstəkləməkdən ibarətdir.

2009-cu ildə yaradılmış Köməkçi Tədqiqat Proqramının əsas məqsədi ölkənin elmi potensialının daha da möhkəmləndirilməsini təmin etmək və elmi nailiyyətlərin tətbiqi işinin təşviqini həyata keçirməkdən ibarətdir.

Bunlarla yanaşı, Regional Proqram, Astronomiya Proqramı, Səhiyyə Sahəsində Tədqiqat və İnkişaf üzrə Milli Fond, İnsan Kapitalının Cəlb Edilməsi Proqramı, Eksplora Proqramı ölkə üzrə elm və texnologiyanın inkişafına, əldə olunmuş nəticələrin uğurlu tətbiqinə imkan verir. 

Bəşarət MƏMMƏDOV,

Ramil HÜSEYNOV 

Yazının hazırlanmasında Çili Respublikası Təhsil Nazirliyinin rəsmi məlumatlarından istifadə olunub.

 
 
 
Səhifənin başına qalx "Dünya təhsili" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov