2012-ci ilin may ayında Təhsil Nazirliyinin "Qaynar
xətt" xidmətinə (telefon: 146; faks: 496-37-61;
elektron poçt ünvanı:
qaynar-xett@edu.gov.az) 1055 müraciət daxil olub.
Müraciətlərin 966-sı telefonla, 89-u elektron poçt
vasitəsi ilə qəbul edilib. Müraciətlərin böyük hissəsi
sorğu və məlumat xarakterlidir.
Sorğu xarakterli müraciətlər ölkə və beynəlxalq fənn
olimpiadaları, xaricdə təhsil, əlavə təhsil, ali və orta
ixtisas təhsili sistemində yeni qiymətləndirmə sistemi,
təhsil sənədlərinin alınması, nostrifikasiyası, təhsil
müəssisələrinə, xüsusilə ümumi təhsil məktəblərinə
vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu
qaydaları, növbəti dərs ilində birinci siniflərə şagird
qəbulu, müəllimlərin dərs yükü normaları ilə əlaqədar
olub. Bütün sorğular "Qaynar xətt" xidmətinin növbətçi
əməkdaşları tərəfindən qəbul edilib, qeydə alınıb və
cavablandırılmaqla həllini tapıb.
May ayında baxılmış 45 şikayət məzmunlu müraciətlərin
təhlili göstərir ki, Bakı şəhərindəki ümumi təhsil
məktəblərindən 31, digər şəhər məktəblərindən 3 (Sumqayıtdan
2, Gəncədən 1), Abşeron rayonundan 3, Şahbuz, Qəbələ,
Xaçmaz, Balakən, Sabirabad, Qusar, Gədəbəy, Samux
rayonlarının ümumi təhsil məktəblərinin hər birindən 1
şikayət məzmunlu müraciət daxil olub.
Ümumi təhsil məktəbləri ilə bağlı şikayətlərin əsas
hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi
nöqsanlar, məktəblərdə fond pulu toplanması, dərs
bölgüsündən narazılıq, buraxılış imtahanları ilə
əlaqədar vərəqələrin paylanması, bir sıra məktəblərdə
tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin
əməkhaqqından qanunsuz tutulmalar, məzuniyyətin düzgün
hesablanmaması, maaşların gecikdirilməsi məsələləri
təşkil edir. Qeyd etmək lazımdır ki, bu müraciətlərin
araşdırılması zamanı yenə də xeyli sayda müraciətdə ad,
soyad, telefon nömrəsi göstərilsə də, onların anonim
olduğu aşkarlanıb, böyük bir qisim müraciətdə qeyd
olunan faktlar öz təsdiqini tapmayıb.
Ötən ay "Qaynar xətt" xidmətinə dövlət ali və orta
ixtisas təhsili müəssisələri ilə bağlı 11, özəl ali
təhsil müəssisələri ilə əlaqədar 3 müraciət daxil olub.
Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən
daxil olan şikayətlərdə əsasən, təhsil sənədlərinin
gecikdirilməsi, imtahanlarla əlaqədar sualların
qabaqcadan verilməməsi, təhsil haqqının ödənilməsi,
struktur bölmə rəhbərlərinin vəzifə səlahiyyətlərini
yerinə yetirməsində yol verdiyi nöqsanlar öz əksini
tapıb. Bütün bu məsələlər müvafiq qaydada araşdırılıb və
həll edilib. |