"Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının suveren
Azərbaycan Respublikasını təhlükəsiz, stabil, ekoloji
dayanaqlı, dinamik inkişaf edən iqtisadiyyata malik
dünya dövlətlərindən birinə transformasiya olunması
perspektivlərinin hədəf və istiqamətlərinin hər biri bu
və ya digər dərəcədə Azərbaycan vətəndaşının təhsili ilə
bağlıdır.
Təhsildə informasiya-kommunikasiya texnologiyalarının
tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması
ölkəmiz üçün prioritet istiqamətlərdən biridir.
"2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali
təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın
əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil
məkanına inteqrasiyası, onun məzmununun Boloniya
prosesinin prinsiplərinə uyğunlaşdırılması,
cəlbediciliyin və rəqabətqabiliyyətliliyinin təmin
edilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə
söykənən iqtisadiyyatın tələblərinə uyğun kadr
potensialının formalaşdırılmasıdır.
Dövlət Proqramının icrası istiqamətində Azərbaycan
Texniki Universitetində genişmiqyaslı tədbirlər planı
həyata keçirilir, vahid təhsil məkanı formalaşdırılır,
təhsil xidmətlərinin mobilliyi təmin olunur, yeni təhsil
standartları və təhsilin təşkilini reqlamentləşdirən
normativ sənədlər işlənir. Bu gün İKT tətbiqi üzrə elmi-metodiki
bazanın təkmilləşdirilməsi, elektron təhsil məkanının
formalaşdırılması günün əsas tələbi olaraq qalır.
Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı
vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü
fəaliyyət həyata keçirilir:
* Təhsil sistemində İKT infrastrukturunun inkişaf
etdirilməsi;
* Elektron təhsil texnologiyalarının genişləndirilməsi;
* Təhsildə idarəetmə strukturlarının
informasiyalaşdırılması;
* Kadr potensialının gücləndirilməsi;
* Normativ-hüquqi bazanın təkmilləşdirilməsi.
Ali ixtisas təhsili sisteminin Boloniya prosesi
kontekstində modernləşdirilməsinin, təhsilin
keyfiyyətinin yüksəldilməsi və nəticələrinin
tanınmasının əsas istiqamətlərindən biri də tədris
prosesində və idarəetmə strukturlarında müasir
informasiya texnologiyalarının tətbiqidir. Son illərdə
mühəndis hazırlığında elektron təhsil kontentlərinin
yaradılması, kafedra və laboratoriyaların müvafiq aparat-proqram
vasitələri ilə təmin olunması, istehsalın texnoloji
hazırlığı məsələlərinin həllində müasir proqram
komplekslərindən: Uniqraphiqs, Catya, Pro/E, SolidWorks,
İnventor, Solid Edge, AutoCAD və s. geniş istifadə
edilməsi bu istiqamətdə atılan tutarlı addımlardır.
Elektron təhsil (E-Learning) informasiya-sənaye
ölkələrində gələcəyin təhsili sayılır. İnformasiya-kommunikasiya
texnologiyaları tədrisdə tədqiqat və ya əyani vasitə
obyektləri olmaqla yanaşı, təhsilin keyfiyyətinin
yüksəldilməsi vasitəsi kimi də ənənəvi kağız və
kitabxana texnologiyalarının imkan vermədiyi
informasiyanın əldə edilməsinə və işlənməsinə imkan
yaratmalıdır. Təhsildə yeni tədris texnologiyaları açıq
və distant təhsil üçün tədris vasitələrinin, elektron
dərsliklərin, təhsil portallarının yaradılmasını,
multiagentli-multimedia və hiper-media
texnologiyalarından istifadəni, animasiya
texnologiyaları vasitəsilə tədris materiallarının
əyanilik dərəcəsinin artırılmasını, telekonfrans
texnologiyaları vasitəsilə respublika və beynəlxalq
miqyaslı telekonfranslarda iştirak etməyi və s. əhatə
edir.
Təhsildə informasiya-kommunikasiya texnologiyalarının ən
son nailiyyətləri isə universitetlərin idarə olunmasının
avtomatlaşdırılmış sistemi olan - "Elektron universitet"
(EU) layihəsində öz əksini tapmışdır. "Elektron
universitet" anlayışı faktiki olaraq təhsilin distant
və onlayn formalarının inkişafının yeni mərhələsini
əhatə edir, təhsil müəssisəsinin potensial sifarişçisi
olan tələbələrin təhsil problemlərinin iqtisadi
əlverişli üsullarla həlli və təhsil xidmətlərini
kiberüsullarla həyata keçirmək imkanları yaradır.
AzTU-da təhsilin informasiyalaşdırılmasının vacib
atributlarından biri kimi "Elektron universitet"
yaradılması istiqamətində lazımi bazanın
formalaşdırılması məqsədilə 2009-cu ildən işçi qrup
fəaliyyət göstərir. İşçi qrup tərəfindən "Elektron
universitet" sistemi ətrafında geniş informasiya
axtarışı həyata keçirilmiş, dünyanın bir sıra aparıcı
universitetlərinin, o cümlədən Bauman adına MQTU (Rusiya),
Qazaxıstan Milli Texniki Universiteti, "Elektron
universitet" İnternet saytı, Koreya Politexnik
Universiteti (Koreya), Frayberq Dağ Akademiyası Texniki
Universiteti (Almaniya), Qrenobl Akademiyasının (Fransa)
EU layihələri öyrənilmiş və təhlil olunmuşdur:
Prototip layihələrin təhlili nəticəsində Elektron AzTU
konsepsiyasının baza prinsipləri və həll edilməli olan
əsas məsələlər müəyyənləşdirilmişdir.
* Vahid informasiya mühitinin formalaşdırılması.
Müxtəlif növ verilənlər bazalarının qarşılıqlı
informasiya əlaqəsini təmin edən vasitələrin yaradılması;
* Universitetin fəaliyyətini əks etdirən, təhlil edən
və həmçinin vahid informasiya mühiti əsasında
universitetin idarə olunması ilə əlaqədar qərar qəbul
etməyə imkan verən analitik sistemin tətbiqi;
* Mövcud tədris proseslərinin təkrar araşdırılması və
avtomatlaşdırılmış informasiya sistemlərinə adaptasiya
olunması;
* Universitetin ayrı-ayrı funksional bölmələrinin
avtomatlaşdırılması.
E-AzTU-nun işlənməsi üçün Bauman adına MQTU-nun Rusiya
Federasiyasının Dövlət mükafatına layiq görülmüş "Elektron
universitet" layihəsi və Koreya Politexnik
Universitetinin "Elektron universitet" layihəsi prototip
kimi seçilmişdi. Məqsəd Azərbaycanla Rusiya təhsil
sistemlərinin identik xüsusiyyətlərindən və Koreyanın
qabaqcıl elektron təhsil texnologiyalarından istifadə
etməklə Azərbaycan Texniki Universiteti üçün spesifik
olan yeni bir layihə yaratmaq idi. MQTU-nun və AzTU-nun
rektorları səviyyəsində qurulmuş işgüzar münasibətlər
layihə rəhbərləri və mütəxəssislər səviyyəsində davam
etdirilərək uzunmüddətli və geniş əməkdaşlıq imkanlarını
nəzərdə tutan ikitərəfli çərçivə sazişinin bağlanması
ilə nəticələndi. Koreya təhsil sistemi ilə qurulmuş
münasibətlər isə Koreya Politexnik Universitetinin
rektorunun rəhbərliyi ilə təhsilin müxtəlif sahələrini,
o cümlədən də İKT-ni təmsil edən mütəxəssislər qrupunun
AzTU-ya səfəri çərçivəsində irimiqyaslı əməkdaşlıq
strategiyasının, o cümlədən də gələcək EU layihəsinin və
tələbə-müəllim mübadiləsinin konturlarını
müəyyənləşdirdi. Bu gün artıq KPU-nun bir nəfər
professoru AzTU-da təcrübə keçır.
Aparılmış məqsədyönlü fəaliyyət əsasında Koreya
Respublikasının Xarici İşlər və Ticarət nazirlikləri və
Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında "Azərbaycan
Texniki Universitetinin elektron idarə sistemi" layihəsi
üzrə 12 oktyavr 2011-ci ildə qrant sazişi imzalandı.
Beləliklə, E-AzTU layihəsinin həyata keçirilməsi
istiqamətində minimum proqram reallaşdı, KOİKA-nın elan
etdiyi müsabiqədə AzTU-nun təqdim etdiyi EU layihəsinə
üstünlük verildi. Layihənin müddəti iki il səkkiz ay,
büdcəsi isə 2 miliyon ABŞ dolları təşkil edir. Layihə
Azərbaycan Texniki Universiteti üçün akademik idarəetmə,
portal, veb server, Elektron poçt, qrup təminatı
sistemləri və Elektron təhsil kontentlərinin
yaradılmasını nəzərdə tutur.
Onu da qeyd etmək yerinə düşərdi ki, Koreya
Respublikasının təhsil və İT müəssisələri ilə AzTU
arasında işgüzar və dinamik əlaqələrin yaranmasında
Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq Agentliyi -
KOİCA-nın xüsusi rolu vardır. Son illərdə KOİCA
Azərbaycanda bir sıra irimiqyaslı layihələr, o cümlədən
də: Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi (SPMDK) ilə "Əqli Mülkiyyət Hüquqlarının
İdarəetmə Sisteminin Avtomatlaşdırılması" layihəsi;
dövlət qurumlarında çalışan bakalavr və ya daha yüksək
dərəcəli şəxslər üçün müxtəlif istiqamətlər üzrə
təqaüdlü magistr proqramlarının təşkili; Bakı buxtası
üzərindən inşa olunacaq körpünün layihələndirilməsi və
s. layihələr həyata keçirir.
"Azərbaycan Texniki Universitetinin elektron idarə
sistemi" layihəsi Koreya Respublikasında KOİCA
tərəfindən elan edilmiş müsabiqənin qalibi olan Nongshim
Data Sistem-NDS şirkəti tərəfindən icra edilir. NDS,
Koreyada qida məhsullarının istehsalı və informasiya
texnologiyaları sahəsində aparıcı şirkətlərdən biri
hesab edilir. Layihənin imzalandığı ilk gündən Koreyanın
NDS şirkətinin və AzTU-nun mütəxəssisləri arasında, AzTU
üçün daha əlverişli EU platformasının seçilməsi, mövcud
şəraitə adaptasiya olunması və asanlıqla müşayiət
olunması istiqamətində intensiv qarşılıqlı fəaliyyət
həyata keçirilir. Layihənin proqramı çərçivəsində ilkin
hazırlıqların həyata keçirilməsi, AzTU-nun təhsil
sistemi ilə tanışlıq və layihə tapşırığının
dəqiqləşdirilməsi məqsədilə koreyalı mütəxəssislər artıq
iki dəfə (noyabr 2011 və fevral 2012) AzTU-da olmuş və
yerli mütəxəssislərlə birgə nəzərdə tutulan işləri
yerinə yetirmişlər.
Layihənin müvəffəqiyyətlə müşayiət olunmasını təmin
etmək üçün tələb olunan bilik və vərdişlər əldə etmək
məqsədilə AzTU-nun layihəyə cəlb olunmuş
mütəxəssislərindən bir qrupu, universitetin rektoru,
professor Havar Məmmədovun rəhbərliyi altında layihənin
proqramı çərçivəsində bu gunlərdə bir həftə müddətində
Seul şəhərində, Koreyanın İT üzrə aparıcı şirkətlərində
AzTU-nun rəhbər işçiləri üçün təşkil olunmuş təlim
kurslarında iştirak etmişlər.
İşgüzar səfərin ilk günündə nümayəndə heyətini KOİCA-nın
Asiya departamentinin direktoru, cənab Heung-yul Choi
qəbul etdi. Giriş sözündə cənab Heung-yul, Choi Koreya
və Azərbaycan dövlətləri arasındakı iqtisadi
əlaqələrdən, KOİCA-nın Azərbaycanda yerinə yetirdiyi
layihələrdən və "Azərbaycan Texniki Universitetinin
elektron idarə sistemi" layihəsinin hazırkı
vəziyyətindən danışdı. Azərbaycan Texniki
Universitetinin rektoru, professor Havar Məmmədov cavab
nitqində İKT-nin Azərbaycan dövlətinin əsas
prioritetlərindən biri olduğunu vurğulayaraq, KOİCA-nın
Azərbaycanda gördüyü işlər və "Azərbaycan Texniki
Universitetinin elektron idarə sistemi" layihəsinin
hazırkı vəziyyəti haqqında məlumat verdi. Professor
H.Məmmədov həmçinin Azərbaycan Texniki Universitetinin
nümayəndə heyəti üçün yaradılmış şəraitə görə KOİCA-nın
rəhbərliyinə təşəkkürünü bildirdi.
Daha sonra KOİCA-nın inzibati binasında Koreya
dövlətinin yaranma tarixindən, inkişafından və Koreya
xalqının mədəniyyətindən bəhs edən mühazirələr
dinlənildi, video çarxlar nümayiş etdirildi.
Mayın 1-də nümayəndə heyəti Azərbaycan Respublikasının
Koreya Respublikasındakı səfirliyində səfir Rövşən
Cəmşidov tərəfindən qəbul edildi. Rövşən müəllim
nümayəndə heyətini salamlayaraq ölkələrimiz arasındakı
əlaqələrin genişlənməsindən və inkişafından danışdı,
Azərbaycan-Koreya əməkdaşlığına dair statistik faktlar
söylədi. Səfir Rövşən Cəmşidov "Azərbaycan Texniki
Universitetinin elektron idarə sistemi" layihəsinin
yerinə yetirilməsində, habelə Koreyada keçirilən
treninqlərdə nümayəndə heyətinə uğurlar arzuladı.
Səfirliyin layihənin yerinə yetirilməsinə hər cür dəstək
verəcəyi barədə AzTU-nun rektoru, professor H.Məmmədova
zəmanət verdi. Cavab nitqində AzTU-nun rektoru,
professor H.Məmmədov Azərbaycanın uzaq Koreya
Respublikasında dalğalanan möhtəşəm bayrağını görməkdən
qürur duyduğunu söylədi, səfirliyimizin Azərbaycan
vətəndaşlarına və ayrı-ayrı təşkilatlarına yüksək
peşəkarlıqla xidmət etdiyinə görə səfir başda olmaqla
hər bir əməkdaşa minnətdarlığını bildirdi. Səfir Rövşən
Cəmşidov bundan sonra da AzTU ilə Koreya Respublikasının
uyğun ali məktəbləri arasında əməkdaşlığın
yaradılmasında, beynəlxalq elmi-tədris layihələrdə
iştirakı zamanı dəstəklənməsində və tələbə-müəllim
mübadiləsində yardımçı olacaqlarını bildirdi.
NDS şirkətində nümayəndə heyəti üçün "Azərbaycan
Texniki Universitetinin elektron idarə sistemi"
layihəsinin yerinə yetirilməsinin vacib mərhələləri üzrə
treninqlər keçirildi. Treninqlər çərçivəsində layihənin
əsas modulları "Akademik idarə sistemi", "Qrup proqram
təminatı sistemi" və "Layihənin texniki təminatı" ilə
əlaqədar mövzularda mühazirələr dinlənildi, məruzələr
ətrafında geniş müzakirələr aparıldı, NDS şirkəti
tərəfindən AzTU-ya göndəriləcək avadanlıqların
analoqlarına baxış keçirildi, onların parametrləri və
kompanovkası ilə bağlı bəzi məsələlər dəqiqləşdirildi.
Nümayəndə heyətinin Koreya Politexnik Universitetinə
səfəri xüsusi maraq doğurdu. AzTU nümayəndə heyətinin
şərəfinə təşkil edilmiş qəbulda hər iki rektorun
ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və gələcək
perspektivlərinə dair çıxışları dinlənildi,
universitetlər arasındakı əlaqələrin hazırkı
vəziyyətindən razılıq ifadə edildi və hər iki tərəf üçün
maraq kəsb edən, yeni layihələr ətrafında əməkdaşlığın
genişləndirilməsi qərara alındı. Professor Havar
Məmmədov AzTU üçün Asiya modeli əsasında müasir
texnoparkın yaradılmasının vacib əhəmiyyət daşıdığını və
bu sahədə KPU ilə əməkdaşlığın AzTU üçün çox önəmli
olduğunu vurğuladı. Görüşdə həmçinin tələbə-müəllim
mübadiləsi barədə də təkliflər səsləndi.
Qeyd etmək lazımdır ki, KPU Koreyanın aparıcı
universitetlərindən biridir. KPU universitet
məzunlarının işlə təminlik göstəricisinə görə (70,1%)
ölkənin digər universitetləri arasında birinci yeri
tutur.Universitetdə təhsil, elm və istehsalatın
inteqrasiyası istiqamətində geniş proqram həyata
keçirilir. Onu demək kifayətdir ki, 2000-ci ildə KPU-nun
əməkdaşlıq etdiyi şirkətlərin sayı 273 olduğu halda,
2010-cu ildə 3320 olmuşdur. 2013-cü ildə isə 5000
olacağı planlaşdırılır. Nümayəndə heyəti KPU-da "Təhsil
və istehsalatın inteqrasiya mərkəzi", "Engineering
mərkəzi", "Texno-innovasiya parkı", İngilis dili kafesi
və digər maraq kəsb edən qurumlarla tanış oldu və
gələcək əməkdaşlıq obyektlərinin müəyyən olunması
istiqamətində fikir mübadiləsi apardı.
Layihədə təmsil olunan rəhbər işçilər üçün təlim
kurslarının proqramına Koreyada yüksək texnologiyaların
(Hi-tech) daşıyıcı və yaradıcıları: Smart & Green
Technologi İnnovator-ETRİ; Samsung Electroniks,
Kiberuniversitet, "Digital" sərgi pavilyonu və s.
şirkətlərdə də qəbullar daxil edilmişdi.
Nümayəndə heyəti üçün Kiberuniversitetdə istifadə olunan
asinxron tədris texnologiyaları, xüsusilə də elektron
təhsil kontentlərin yaradılma texnologiyaları,
interaktiv rejimdə müəllim-tələbə dialoqunun qurulması
və təhsilin nəticələrinin qiymətləndirilməsi böyük maraq
doğurdu. Distant tədris texnologiyalarının tətbiqi hər
bir fənn üzrə elektron təhsil kontentlərinin
yaradılmasını tələb edir. Tədris kontentinə hər bir
ixtisas üzrə tədris planı, fənn proqramları, əsas və
əlavə ədəbiyyatlar, tədris-metodiki kartlar, elektron
mühazirələr, imtahan sualları (testlər), laboratoriya və
kurs işlərinə aid metodiki göstərişlər daxil
edilməlidir. Kiberuniversitetdə təhsil kontentləri, fənn
müəlliminin iştirakı ilə, multimedia vasitələri ilə
təchiz edilmiş xüsusi studiyada yazılır, qonşu
studiyada dizayn olunur və formatlaşdırılaraq İnternet
şəbəkəsinə çıxarılır.
Elektron tədris kontentlərinin işlənməsində pedaqoji və
psixoloji proseslərin ümumi prinsipləri və elektron
dərslikdən istifadənin səmərəlilik şərtləri nəzərə
alınır. Elektron dərslik həm konkret fəaliyyətin, həm də
tədris prosesinin informasiya modeli olaraq:
informasiya, transformasiya, sistemləşdirici, özünə
nəzarət, alınmış biliyin mənimsənilməsi, biliyin
artırılması, inteqrasiya etmə, kordinasiya etmə,
tədrisin fərdiləşməsi və diferensiasiyası funksiyalarını
yerinə yetirməlidir. Elektron dərslik bir sistem kimi
tədris prosesinin mərhələlərini yerinə yetirmək üçün
vacib olan aşağıdakı pedaqoji-texnoloji tələblərə cavab
verməlidir:
* Vacib informasiyanı tez tapmaq üçün "bilik ağacına",
hipermətn istinadlarına və lüğətə malik olmalıdır;
* İnformasiya yüksək dəqiqliklə strukturlaşmalı və
kursun mövzusu ətrafında seçilmiş fraqmentlərlə
tamamlanmalıdır;
* Kursun sxemi tədris materiallarının strukturunu başa
düşməyə imkan verməli, dərsliyin məzmununu qısaca olaraq
mətni-qrafiki şəkildə təqdim edə bilməlidir;
* Elektron dərsliyin ayrı-ayrı fraqmentlərini müəyyən
qrafiki obrazlarla təqdim etməklə onun yadda saxlanması
prosesi sadələşdirilməlidir;
* Hər bir mövzunun sonunda tədris materiallarının necə
qavrandığını yoxlamağa imkan verən test sistemi
olmalıdır;
* Test nəzarətində hər bir tələbənin buraxdığı səhvlər
kəmiyyət və keyfiyyət baxımından qeydiyyata alınmalıdır;
* Tələbə "Elektron müşahidəçi" vasitəsilə verilmiş
mövzunun hansı hissəsini mənimsədiyini, hansı
məsələlərin isə diqqətdən kənarda qaldığını öyrənə
bilməlidir;
* Tədris materiallarını ildən-ilə yeniləşdirmək
imkanlarına malik olmalıdır;
* Dərslik saytından çıxmadan seçilmiş informasiyanın
surətini çıxarmaq, redaktə etmək və çap edə bilmək
imkanları olmalıdır;
* Mətn və illüstrasiyalar tədris tapşırığı əsasında
qurulmuş konstruksiyadan asılı olmalıdır;
* Mühazirənin sonunda verilmiş məşğələ və misallar,
mövzunun mənimsənilməsinə yönəlmiş müxtəlif növ nəzəri
və praktiki fəaliyyətin stimullaşdırılmasına və
təşkilinə xidmət etməlidir.
Kiberuniversitetin rəhbərliyi ilə Azərbaycan nümayəndə
heyəti arasında təcrübə mübadiləsi əsasında aparılan
müzakirələrdə tətbiq olunan onlayn texnologiyalarının,
yaradılmış elektron təhsil kontentlərinin AzTU-da
tətbiqi istiqamətində əməkdaşlığın yüksək səmərə
verəcəyi vurğulandı və bu istiqamətdə bağlanacaq
gələcək müqavilənin şərtləri dəqiqləşdirildi.
Səfər müddətində nümayəndə heyətinə geniş mədəni proqram
da təklif olunmuşdur. Belə ki, AzTU-nun əməkdaşları
Milli Assambleyanın fəaliyyətinə dair ekskursiyada,
qədim məbədgahlarda və SeulTourda gəzintilərdə olmuş,
Koreya Milli Teatrında tamaşaya baxmışlar.
Səfərin yekununda Azərbaycan Texniki Universitetindən
ezam olunmuş bütün əməkdaşlar rəhbərlər üçün təlim
kurslarının xüsusi sertifikatları ilə təltif olundu.
Mustafa BABANLI,
AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru,
texnika elmləri doktoru, professor,
Həsən HÜSEYNOV,
AzTU-nun kafedra müdiri, texnika elmləri doktoru,
professor, layihənin meneceri |